Psixoloq
23 may 2016
14 659


Təhsildə Psixoloji Xidmət Bölməsi

Təhsildə Psixoloji Xidmət BölməsiTəhsildə Psixoloji Xidmət Bölməsi
 Psixoloji xidmət işi dünya təcrübəsində artıq çoxdan tətbiq olunmaqla inkişaf etmiş ölkələrin təhsil sisteminin zəruri tərkib hissəsinə çevrilmişdir. BMT-nin uşaq hüquqları Konvensiyalarına qoşulan ölkələr uşaqların fiziki, intellektual, əxlaqi, mənəvi, sosial inkişafı üçün tələb olunan maksimum şəraitin yaradılmasına çalışırlar. Məlum olduğu kimi, təhsil sistemi yüksək əqli qabiliyyətə malik, milli, mənəvi-psixoloji dəyərlərin daşıyıcıları olan şəxsiyyətlər formalaşdrılmaqla cəmiyyət həyatının humanistləşdirilməsi və demokratikləşdirilməsinə xidmət edir. 
Azərbaycan Respublikasında da təhsil sistemində psixoloji xidmətin tətbiqi təhsil müəssisələrinin daha səmərəli fəaliyyətinin, təhsilalanların psixikasının hormonik inkişafının, təmin olunmasında, eləcə də baş verə biləcək ləngimə, yayınma və pozuntuların qarşısının alınmasında mühüm rol oynayır.
Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasında, "milli mənəvi və ümumbəşəri dəyərləri qoruyan və inkişaf etdirən, geniş dünyagörüşünə malik olan, təşəbbüsləri və yenilikləri qiymətləndirməyi bacaran, nəzəri və praktik biliklərə yiyələnən, müasir təfəkkürlü və rəqabət qabiliyyətli kadrlar hazırlamaq” təhsil sisteminin başlıca vəzifələrindən biri kimi göstərilir. Qarşıya qoyulan bu vəzifələrin həyata keçirilməsi şagirdlərin fərdi xüsusiyyətlərini, psixi inkişafın qanunauyğunluqlarını, təlim-tərbiyə işinin daha səmərəli təşkilini təmin etmək, psixi sağlamlığın qorunması üçün səriştəli psixoloji xidmətin həyata keçirilməsini zəruri edir.
Təhsilalanların koqnitiv, emosional, sosial inkişafı, şəxsiyyətin formalaşması, eləcə də baş verə biləcək neqativ halların, narkotik maddələrin, spirtli içkilərin istifadəçisinə çevrilməyin, suisid hallarının, məktəbdən yayınma, aqresiya kimi deviant davranışın vaxtında qarşısının alınması üçün psixoloji xidmətin yardımından istifadə olunmasına tələbat günbəgün artmaqdadır. Sosial şəbəkələrin, televiziya verlişlərinin, müxtəlif dini cərəyanların və s. təsiri nəticəsində yeniyetmə və gənclərin motivasiya-təlabat sferasında, təfəkkür və təxəyyülündə ciddi dəyişikliklər baş vermiş, onların zərərli təsirlər altına düşməsi halları çoxalmışdır.
S tatistika göstərir ki, dünyanın probleminə çevrilmiş narkomaniya Azərbaycandan da yan keçməmişdir. İndi hətta 13-14 yaşlı yeniyetmələrin narkotika istifadəçisinə çevrildiyi faktlarına rast gəlinir.
Müasir məktəbli öz mövqeyi, tələbatı, motivasiyası,dəyərlər sistemi olan şəxsdir. Onunla 20-30 il əvvəllər olduğu kimi, davranmaq mümkün deyil. Əlbəttə, müasir təhsilalanların layiqli vətəndaş kimi böyüməsində valideyinlər, məktəbin pedaqoji kollektivi birgə, əlbir fəaliyyət göstərməlidirlər. Bu isə bütövlükdə təhsil sisteminin psixolojiləşdirilməsini tələb edir. Vaxtilə V.A.Suxomlinski yazırdı: "Psixoloji biliklər heç də psixologiyadan qısa konspekt deyil. Mən deyərdim ki, psixoloji biliklər özünüdərkin, özünütəsdiqin, şəxsiyyətin mənəvi zənginliyinin əsasıdır”.
Göründüyü kimi, təhsil sisteminin, o cümlədən təhsilə psixoloji xidmətin qarşısında ciddi, mürəkkəb, eyni zamanda şərəfli bir vəzifə durur: ləyaqətli, rəqabətə qabil, müstəqil fikirləşməyi, qərarlar qəbul etməyi, ünsiyyət qurmağı bacaran vətəndaşlar formalaşdırmaq. Bunun üçün məktəb psixoloqu öz fəaliyyətində aşağdakı məsələləri prioritet götürməlidir:
- Məktəb psixoloqunun fəaliyyəti dövlət sənədləri, qəbul olunmuş qərar, əmr, sərəncam və s. əsasında qurulmalı və fəaliyyətin nəticəsi onların əsasında qiymətləndirilməlidir;
- Psixoloji xidmət özünün spesefik cəhətləri ilə yanaşı, təhsil müəssisənin ümumi fəaliyyətinə uyğun olmalı, onunla ziddiyyət təşkil etməlidir;
- Məktəb psixoloqunun aylıq, yarımillik və illik iş planı olmalıdır.
Məktəb psixoloqunun bütün fəaliyyət sənədləri iki hissəyə ayrılır: a) fəaliyyətlə bağlı; b) hesabat üçün.
Fəaliyyətlə bağlı sənədlərdə psixoloqun bütün fəaliyyətinin qeydiyyatı, iş planı əksini tapmalıdır. Hesabat sənədlərində isə psixoloqun fəaliyyətinin məzmunu əks olunmalıdır.
Sənədləşmənin belə bölgüsü işçi sənədlərin sisteminin yaradılmasına imkan verir və təxminən sinif jurnalı funksiyasını yerinə yetirir.
İşçi jurnalında əsasən aşağdakılar əksini tapmalıdır:
- Psixoloqun il boyu hər ay, hər həftə üzrə görəcəyi işlərin planı, onların icra vəziyyəti;
- Görülən işlərin qeydiyyatı;
- Həftəlik, aylıq, illik iş bölgüsü.
Hesabatla bağlı sənədlər yaxşı olar ki, aylar üzrə hazırlansın. Aylıq hesabatların əsasında isə illik hesabat hazırlanır, məktəb rəhbərliyinə və lazım gəldikdə müvafiq orqanlara təqdim olunur.
İşçi jurnalında görülən və planlaşdırılan işin məzmunu qısa, konkret şəkildə əksini tapmalıdır. Lakin qeydiyyat işində tarixlərin qeydiyyatına xüsusi diqqət yetirilməlidir. Bu, işin dinamikası, nəticənin təhlili baxımından da vacibdir.
Hesabat sənədlərində yaxşı olar ki, psixoloq ayrı- ayrı sahələr üzrə gördüyü işləri qeyd etsin. Eyni zamanda, hansı yaş qrupları ilə daha çox işlədiyi məlum olmalıdır. Bu, məktəb rəhbərliyi, pedaqoji kollektivin hansı siniflərə və sahələrə daha çox diqqət yetirmələrinə zəmin yaradır. İlin sonunda psixoloq işin yekunu ilə bağlı analitik təhlil aparmalı, bu barədə məktəb rəhbərliyinə, lazım gəlsə, ayrı- ayrı fənn müəllimlərinə məlumat verməlidir.
Məktəb psixoloqlarının istifadə etdikləri metodlardan biri də testləşdirmədir. Testlərdən istifadə edərkən aşağıdakılara əməl olunmalıdır:
- psixoloq testin mahiyyəti və istifadə qaydalarını dəqiq bilməlidir;
- alınan nəticələri yaymamalı, məxvi saxlamalıdır;
- kənar şəxslər testin nəticələrini bilməməlidir;
- maksimum obyektivlik gözlənilməlidir;
- testi nəticələri şəxsiyyətə, onun psixikasına zərər vurmamalıdır;
- testlərdən, eləcə də digər metodlardan istifadə edərkən hökmən uşağın fərdi xüsusiyyətləri nəzərə alınmalıdır;
- testdən alınan nəticələr hökmən digər metodlarla da yoxlanılmalıdır.
Məktəb psixoloqu müəllimlərlə, valideyinlərlə birgə işləməli, informasiya toplamalı,psixoloji maarifləndirmə ilə məşğul olmalıdır. Eyni zamanda psixoloq sistemli şəkildə özünütəhsillə məşğul olmalıdır. O, yeni pedaqoji texnologiyaları mükəmməl mənimsəməli, şagirdlərin özünüdərk, özünüfəallaşdırma işində yardımçı olmalıdır. Belədə şagirdin gizli qalan imkanları üzə çıxar, psixoloq isə hər bir şagirdin hüquq və maraqlarının, şəxsiyyətinin inkişafının təminatçısı rolunda çıxış edə bilər.
Göründüyü kimi, məktəb psixoloqunun işi məsuliyyətli və zəruridir. Lakin bu o zaman daha faydalı olur ki, psixoloq nəzəri hazırlığa pedaqoji ustalığa, uşaqları və peşəsini sevmək qabiliyyətinə malik olsun.
Ramiz Əliyev,
psixologiya üzrə elmlər doktoru, professor.






Загрузка...