Cəzadan və ya fiziki tənbehin uşaqlarımızın psixologiyasına mənfi təsiri varmı?


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

 


Biz uşaqlarımızı tərbiyə etmək üçün cəzadan, fiziki tənbehdən istifadə edirik. Bəzən belə bir sual qarşıya çıxır: bunun onların psixologiyasına mənfi təsiri varmı?

Araşdırmalar göstərir ki, uşaqların tərbiyəsində fiziki tənbehlər yolverilməz sayılır. Lakin onların tərbiyəsində mükafat və cəza sistemini düzgün formada tətbiq etmək mümkündür.

Uşaqlara fiziki cəza verdikdə, yaxud təhqir etdikdə bu, onların psixologiyasına mənfi təsir edir. Eyni zamanda valideyn bu hərəkəti ilə övladına pis nümunə olur. Təhqir olunmuş və fiziki təzyiqə məruz qalan uşaq həmişə yalançı, qorxaq, özünəinamsız olaraq böyüyür. Valideyninin bu rəftarından mənfi model alan uşaq evdə bacı və qardaşı onu incitdikdə, məktəbdə dostları ilə sözü çəp gəldikdə onları təhqir edir və vurur.

Fiziki cəzaların başqa bir mənfi üzü cəzadan sonra uşaqda eyni əməlin dəfələrlə görülməsi olur. Yəni bir müddət sonra uşaq artıq fiziki tənbehdən qorxmur və öz bildiyini edir.

Cəza və mükafat necə olmalıdır?

Əslində hər bir ailədə o ailəyə uyğun qayda və qanunlar olur. Mükafat və cəza məsələsində də ailələr arasında müxtəlif növ fikir ayrılığı var. Bir ailə üçün uşağın hər hansı bir əməli adi, başqa bir ailə üçün qeyri-adi ola bilər. Əsas odur ki, ailədaxili qayda-qanunlar uşaqlara düzgün formada çatdırılsın və valideynlərin arasında ağız birliyi olsun. Həmçinin, cəzavermə üsulunda da ata-ananın fikir birliyinin olması çox vacibdir.

Cəza o zaman uşaq üçün faydalı ola bilər ki, düzgün formada və uyğun vaxtda olsun. Əks təqdirdə uşaqlarda ağır psixoloji təsirlərə yol açacaqdır.

Uşağa cəza verməzdən əvvəl mütləq xəbərdarlıq edilməlidir. Yəni əgər evdə əşyaları sındırarsa, ərköyünlük edərsə, uzun-uzadı ağlayarsa, o dəqiqə onu cəzalandırmaq olmaz. Ona "Əgər bu hərəkətini davam etdirsən, filan cəzayla cəzalanacaqsan”, – demək lazımdır. Əgər xəbərdarlığa rəğmən, yenə də əməlini davam etdirərsə, onu cəzalandırmaq lazımdır.

Bir başqa diqqət ediləsi məsələ uşağın şəxsən özünü deyil, pis hərəkətini pisləməkdir. Misal üçün "sən çox pis qızsan” və yaxud "sən çox pis oğlansan ", "sənin əlindən bir iş gəlmir” demək əvəzinə sadəcə olaraq, "sənin bu rəftarın xoşuma gəlmədi” demək məqsədə uyğundur.
 
Bir də ki, valideyn heç vaxt uşağın qorxduğu vasitələri onun üçün cəza kimi tətbiq etməməlidir. Məsələn, qaranlıqdan qorxan uşağı qaranlıq məkanda tək qoymaq və yaxud "xoxana deyəcəm, səni yesin!”, – kimi sözlər onların psixologiyasına mənfi təsir edir. Çünki bu üsullarla cəzalanan uşaqlarda çox keçmədən dırnaqyemə, yuxu pozuntuları, yerini islatma kimi sıxıntılar üzə çıxır.

Uşaqları hansı üsullarla cəzalandırmaq olar?

Küsmək

Uşağını bu üsulla cəzalandıran valideyn ifratdan çəkinməlidir. Əgər övladınızdan küsürsünüzsə, küsülülüyü uzatmamalı və ona bunun müddətini mütləq deməlisiniz. Məsələn, "Mən səni bu işinə görə on beş dəqiqə danışdırmayacağam.” Elə ki, həmin vaxt bitdi, daha uşaqla kin saxlamayın, onunla barışın. Verdiyiniz müddət bitdikdə isə onunla hansı rəftara görə danışmadığınızı mülayim bir səs tonuyla başa salın.

Düşünmə məkanı

Evin bir guşəsində uşaqlar üçün düşünmə məkanı yaradın. Cəzalandırılacaq uşaq bu məkana gətirilir. Burada oturma müddəti uşağın yaşından asılı ola bilər. Misal üçün, 5 yaşlı uşaq beş dəqiqə, 10 yaşlı uşaq on dəqiqə. Vaxt bitdikdən sonra isə ona burada nə üçün olduğunu mülayim səs tonu ilə başa salmaq və onu öpub, bağışladığınızı söyləmək lazımdır.

Məhrum etmək

Heç şübhəsiz ki, hər bir uşağın sevdiyi, özünəxas məşğuliyyəti vardır. Bəzi uşaqlar cizgi filmlərini, bəziləri parkı, qonaq getməyi çox sevir. Əgər uşaq sözə baxmırsa, sizin qoyduğunuz qadağaları görməzliyə vurursa, onu bu üsulla cəzalandırmaq olar. Bu vəziyyətdə də uşağı həddindən artıq nigaran saxlamaq, incitmək olmaz. Mütləq şəkildə cizgi filminə nə qədər müddətə baxa bilməyəcəyini, hansı hallarda parka gedə bilməyəcəyini izah etmək vacibdir.

Bu deyilən vasitələrin hər biri övladınıza fiziki cəza vermək və təhqir etməkdən yaxşıdır. Unutmamalıyıq ki, cəza uşağın səhv rəftarını islah etməsi üçün tətbiq edilməlidir. Belə ki, əgər valideyni kimsə əsəbləşdirirsə, bunun acısını nadinclik edən övladından çıxmamalıdır.

Uşaqlar necə mükafatlandırılmalıdır?

İndi isə bir az da mükafat haqqında danışmaq yerinə düşərdi. Bəzi vaxtlar valideynlər elə güman edirlər ki, mükafat dedikdə mütləq uşağa hər hansı bir qida, yaxud oyuncaq, hədiyyə almaq lazımdır. Halbuki, dediklərimizdən əlavə, dillə də uşağı mükafatlandırmaq mümkündür. Misal üçün "afərin”, "səni çox istəyirəm”, "sən mənim ağıllı, gözəl balamsan” kimi sözlərdən istifadə etmək çox faydalıdır. Çünki sözün təsiri daha güclüdür.

Uşağı gördüyü müsbət işlərə görə tərifləmək lazımdır. Bu, onda özünəinam hissini yüksəldəcək, etdiyi işləri daha həvəslə görməsinə səbəb olacaqdır. Lakin tərif zamanı həddi aşmamalı, qədərini bilmək lazımdır. Çünki çox və yersiz tərif onlara lovğalıq hissini aşılaya bilər.

Sonda isə bunu demək yerinə düşərdi ki, uşaqlarınızı cəzalandıran və yaxud mükafatlandıran vaxt hisslərinizi məsələyə qatmayın. Əgər başqa bir məsələyə hirslənmisinizsə və bu, sizin övladınızın sözə baxmaması ilə üst-üstə düşübsə, hisslərinizə söykənib ona ən ağır cəzanı verməyin. Yaxud da əgər kefiniz kökdürsə, övladınızın səhvlərini görməməzliyə vurmayın. Hətta bəzi valideynlər belə anlarda yersiz canfəşanlıq edir, övladına artıq xərclik verir, onların məntiqsiz istəklərini yerinə yetirirlər. Başqa bir gün uşaq eyni hərəkətin yenidən təkrarlanmasını istədikdə valideyninin müqaviməti ilə rastlaşır. Bu isə onları çaş-baş salır və inadkarlaşdırır.
 
Psixoloq–konsultant Məsumə Şahmərdanlı Aile.lent.az
 

 





Aztest.info





Reklam yeri:

loading...

xtehsil