Xəbərlər / H/N sənədlər / Müəllim
11 yanvar 2019
5 377


Şagirdləri qiymətləndirməyin 3 yolu

 

 
Yeni qaydalar attestasiyanın aparılmasında qeyri-müəyyən olan bəzi məqamları konkretləşdirir

Ümumtəhsil müəssisələrində təhsilalanların attestasiyasının aparılmasının yeni qaydaları təsdiq edilib. Tədris ilinin əvvəlindən təhsil ictimaiyyətinin müzakirəsinə verilən sənədin qəbulu ötən ilin son günlərinə təsadüf edib. Belə ki, 2018-ci ilin dekabrın 28-də təsdiq edilən yeni qaydalar elə həmin gündən də qüvvəyə minib. Yeni olduğundan bu qaydaların tətbiqi ilə bağlı düşüncələrdə cavabını axtaran çoxsaylı suallar var. Hər kəsi maraqlandıran isə sözügedən sənəddə yeniliklərin nədən ibarət olması ilə bağlıdır. Beləliklə, gəlin görək artıq qüvvədə olan yeni qaydalar nədən ibarətdir və əvvəlki qaydalardan nə ilə fərqlənir?

 Öncəliklə qeyd edək ki, "Ümumi təhsil pilləsində təhsilalanların attestasiyası” şagirdlərin ümumi təhsil müəssisələrində məktəbdaxili qiymətləndirilməsidir. Təhsilalanların qiymətləndirilməsini tənzimləyən bu sənəd əsasında məktəb və müəllim necə və hansı əsaslarla qiymət yazacağını konkretləşdirə biləcək.

 Yeni qiymətləndirmədə başlıca məqsəd

 Yəqin sual yarana bilər ki, bunu əvvəlcə də müəyyənləşdirmək olmurdumu? Bəs, indiyədək məktəblilər hansı əsaslarla qiymətləndirilib?

 Məsələ burasındadır ki, məktəblərdə indiyədək həyata keçirilən qiymətləndirmə mexanizmi ilə bağlı çoxsaylı təzadlı fikirlər səsləndirilib. Qiymətləndirmənin şərti xarakter daşıması, bu zaman ədalət prinsipinin əksər hallarda pozulması, şagirdə, müəllimə, hətta məktəbə görə dəyişməsi ilə yanaşı, həm də həmin mexanizmin nəzəri cəhətdən yanlış olması barədə mütəmadi fikirlər irəli sürülüb. Yeni qaydalar hazırlanarkən bu məqamlar nəzərə alınıb və qarşıya konkret məqsədlər qoyulub. Ümdə məqsədlərdən biri qiymətləndirmə zamanı şagirdlərin imtahan yükünü azaltmaq idisə, ikinci məqsəd qeyri-müəyyən olan bəzi məqamları konkretləşdirmək olub. Bu məqsədə nail olunub: yeni qaydalar sonradan hər hansı mübahisələr ortaya çıxarsa, həll etməyə imkan verəcək.

 Qiymətləndirmənin bundan əvvəl müvəqqəti təlimata əsaslandığını nəzərə alsaq, artıq müəllimlər və məktəblər hər bir imtahanı standart qayda əsasında aparacaqlar.

 Şagirdləri qiymətləndirməyin 3 yolu

 Yeni təsdiq edilən qaydalarda əsas dəyişiklik summativ qiymətləndirmədə nəzərdə tutulsa da, yeni qaydalarda məktəbdaxili qiymətləndirmənin hər 3 növü - diaqnostik, formativ və summativ qiymətləndirməyə önəm verilir. Bunların hər birinin öz dəyəri, çəkisi və şagirdin keyfiyyətli təhsil almasında rolu var. Odur ki, summativ qiymətləndirməylə yanaşı, qiymətləndirmənin digər növlərinə də yeni yanaşmada diqqət göstərilib.

 Diaqnostik qiymətləndirmə müəllimin sinfə daxil olduqdan sonra gündəlik vəziyyəti dəyərləndirmək məqsədi ilə apardığı qiymətləndirmədir. Qiymətləndirmənin bu növündən şagirdlərin bilik və bacarıqlarının, o cümlədən maraq və motivasiyasının ilkin qiymətləndirilməsi məqsədi ilə istifadə olunur. Diaqnostik qiymətləndirmə dərs ilinin və ya fənn üzrə tədris resurslarında nəzərdə tutulmuş hər bölmənin əvvəlində aparılmalıdır. Müəllimin pedaqoji fəaliyyətinin tərkib hissəsi olan bu qiymətləndirmə hər hansı sənəddə qeyd edilmir. Müəllim bu yolla şagirdlərin mövzuya marağını, hazırlığını, əvvəlki mövzulara dair biliyini müəyyənləşdirir. Jurnala qeyd edilmədiyindən, yarımillik, illik qiymətləndirmədə nəzərə alınmadığından bu qiymətləndirmə rəsmi sayılmır.

Formativ qiymətləndirmə də rəsmi qiymətləndirmə deyil. Şagirdlə əks-əlaqə qurmaq, onun gündəlik fəaliyyətini izləmək və bu barədə ona məlumat vermək xarakteri daşıyır. Formativ qiymətləndirmə şagird nailiyyətlərinin monitorinqi vasitəsilə tədrisin düzgün istiqamətləndirilməsinə xidmət edir. Bir dərs müddətində digər müxtəlif fəaliyyətlərin də olduğunu nəzərə alsaq, bütün şagirdlərin formativ qiymətləndirilməsinin aparılması, nəticələrin "Məktəbli kitabçası”nda və müəllimin formativ qiymətləndirmə dəftərində qeyd olunması fiziki olaraq mümkün deyil. Bu səbəbdən də sinif üzrə formativ qiymətləndirmə aparılsa da, müvafiq planlaşdırmaya əsasən, hər dərs üzrə 5-8 şagirdin formativ qiymətləndirilməsinin nəticəsi "Məktəbli kitabçası”nda və müəllimin formativ qiymətləndirmə dəftərində qeyd olunur. Formativ qiymətləndirmə vasitəsi kimi testlə yanaşı, yazı işlərindən, çalışmalardan da istifadə edilir.

Summativ qiymətləndirmə isə əvvəlki iki qiymətləndirmə növündən fərqli olaraq, şagirdin fəaliyyətinin izlənməsinin rəsmi qiymətləndirilməsidir. Summativ qiymətləndirmədə təhsilalanlar üçün qiymətləndirmə vasitəsi kimi təkcə test deyil, imla, inşa, ifadə, çalışma, məsələdən də istifadə edilir. Bu qiymətləndirmənin nəticəsi jurnala yazılır, onun əsasında yarımillik qiymət, yarımilliklər əsasında illik qiymətlər çıxarılır və yekun qiymətlər attestata yazılır. Yeni qaydalara əsasən ən böyük dəyişikliklər qiymətləndirmənin məhz bu növündə edilib.

 Summativ qiymətləndirmənin sayı azalıb

Summativ qiymətləndirmə iki formada həyata keçirilir. Onlardan biri kiçik summativ qiymətləndirmədir. İstənilən fənn üzrə hər hansı bölmənin sonunda müəllimin özünün apardığı bu qiymətləndirmə 1 dərs saatında həyata keçirilir.

Böyük summativ qiymətləndirmə isə məktəb rəhbərliyinin təşkil etdiyi komissiya tərəfindən, dərs saatından kənar vaxtda, yarım ildə bir dəfə aparılır. Bu qiymətləndirmə şagirdlərin bilik və bacarıqları necə mənimsədiyi ilə yanaşı, həm də müəllimin fəaliyyətinə kənardan qiymət vermək xarakteri daşıyır. Bu yolla bütövlükdə məktəbin fəaliyyətinin qiymətləndirilməsinin vahid şkala üzərindən aparılması təmin edilir.

 Birinci sinifdə summativ qiymətləndirmə aparılmayacaq

Yeni qaydalarda bu qiymətləndirmənin keçirilməsi qaydasında hər hansı ciddi dəyişiklik yoxdur. Əsas dəyişiklik summativ qiymətləndirmənin sayındadır. Belə ki, artıq birinci sinifdə summativ qiymətləndirmə aparılmır. Birinci sinif şagirdlərinin məktəbə yeni gəldiyi, yaş xüsusiyyətləri nəzərə alınaraq, onların imtahan edilməməsinə qərar verilib. Bu təcrübə Azərbaycanda indi tətbiq edilsə də, dünyada ilk deyil. İnkişaf etmiş təhsil sistemlərində nəinki birincilərin, ümumiyyətlə, ibtidai təhsil pilləsində uşaqların imtahana çəkilməsi təcrübəsindən imtina edilib. Məktəbə getdiyi ilk gündən uşaqları rəqəmlərlə qiymətləndirməkdənsə, müxtəlif maraqlı üsullardan istifadə edərək həvəsləndirməyə üstünlük verirlər və bundan müsbət nəticələr əldə edirlər. Odur ki, Azərbaycanda da birinciləri hər hansı formada qiymətləndirmədən azad etməyin onların psixoloji durumuna müsbət təsiri olacağını, bununla da onları stresdən uzaq tutacaqlarını düşünürlər.

 Böyük summativ qiymətləndirmələr azaldılıb

 Digər siniflərdə isə böyük summativ qiymətləndirmələr tamamilə ləğv edilməsə də, sayı azaldılıb. Belə ki, bu tədris ilindən etibarən V, VI, VII, VIII və X siniflərdə yalnız buraxılış imtahanlarına daxil edilən fənlərdən - Azərbaycan dili (rus dili), riyaziyyat və xarici dil - böyük summativ qiymətləndirmələr keçiriləcək. Bu da şagirdlərin buraxılış imtahanlarına daha yaxşı hazırlaşmalarını təmin etməkdən ötrüdür. Yəni, şagirdin biliyi qiymətləndirilir ki, buraxılış imtahanlarına hazırlığı vəziyyəti müəyyənləşdirilsin və bu barədə ona məlumat verilsin.

 3 fəndən savayı, qalan fənlər üzrə böyük summativ qiymətləndirmə aparılmayacaq. Ancaq burada bəzi istisnalar nəzərdə tutulub. Bu istisnalar, əsasən lisey və gimnaziyalar, o cümlədən təmayüllü siniflərin təşkil edildiyi məktəblər üçün nəzərdə tutulub. Belə ki, lisey və gimnaziyalarda V-VIII siniflərdə buraxılış imtahanlarına salınan 3 fəndən savayı, Pedaqoji Şuranın qərarı ilə daha 3 fəndən də böyük summativ qiymətləndirmə aparıla bilər. Həmin fənlər buraxılış imtahanlarına salınmasa da, böyük summativ qiymətləndirmə aparılan fənlər siyahısına düşə bilər. Bu siyahıda ən çox 3 fənn ola bilər.

1, 2, yaxud 3 fənn üzrə böyük summativ qiymətləndirmə aparılmasına qərar vermək səlahiyyəti isə sözügedən məktəblərin Pedaqoji Şurasının öhdəsinə buraxılıb. Şura həmin fənləri tədris ilinin əvvəlində müəyyənləşdirməli və bunu elan etməlidir. Məktəblilər də, müəllimlər də tədris ilinin əvvəlindən əlavə olaraq hansı fənlər üzrə böyük summativ qiymətləndirmə keçiriləcəyindən xəbərdar olmalıdırlar. Qaydalar ilin ortasında təsdiq edildiyindən 3 əsas fəndən savayı digər bütün fənlərlə bağlı keçirilməsi nəzərdə tutulan böyük summativ qiymətləndirilmələr ləğv edilməlidir.

Daha 3 fənn üzrə böyük summativ qiymətləndirmə keçirilə bilər

Bəs, Pedaqoji şuralar böyük summativ qiymətləndirmə keçirilməsinə hansı fənlərlə bağlı  qərar verə bilər?

Tutaq ki, söhbət Kimya-Biologiya Təmayüllü liseydən gedirsə, burada kimya və biologiya fənlərindən böyük summativ qiymətləndirmənin keçirilməsi məqsədəuyğun sayıla bilər. Məlumdur ki, bu istiqamət üzrə təmayülləşənlər tibb ixtisasları üzrə hazırlaşan, yaxud kimyaçı olmağı hədəfləyən şagirdlərdir. Onların bu fənləri daha yaxşı mənimsəməsi üçün isə həmin fənlərdən böyük summativ qiymətləndirmənin keçirilməsi  önəmlidir. Bunu nəzərə alaraq, mərkəzləşdirilmiş qaydada keçirilən buraxılış imtahanları fənləri siyahısında yer almayan digər fənlərdən həmin fənlər üzrə təmayülləşən ümumi təhsil müəssisələrində, yaxud siniflərində imtahanların salınması üçün məktəblərə muxtariyyət verilib. Təmayül siniflərin təşkil edildiyi məktəblərdə də 3 təmayül fənni üzrə böyük summativ qiymətləndirmə aparıla bilər.

Lisey və gimnaziyaların 10-cu siniflərində, həmin sinfin təmayülləşib-təmayülləşməməsindən asılı olmayaraq, Pedaqoji Şuranın böyük summativ qiymətləndirmə aparmaq barədə qərar vermək hüququ var. Summativ qiymətləndirmələrin nəticələri ilə razılaşmayan təhsilalanların valideynlərinin və ya digər qanuni nümayəndələrinin müraciətlərinə təhsil müəssisəsinin tabeliyindən asılı olaraq, Təhsil Nazirliyi və ya yerli təhsili idarəetmə orqanlarında baxılır. Yerli təhsili idarəetmə orqanlarının qərarları ilə razılaşmayan təhsilalanların valideynlərinin və ya digər qanuni nümayəndələrinin Təhsil Nazirliyinə müraciət etmək hüququ var.

 BSQ-nin sayı azaldı, KSQ-nin sayı konkretləşdi

Qaydalardakı son dəyişikliyin gözlənilən nəticəsini bəri başdan hesablamaq mümkündür. Bunun üçün əvvəlki qaydalarla dəyişikliklərdən sonrakı qaydaya baxmaq kifayətdir. Məsələn, əvvəlcə şagirdlər bütün fənlər üzrə həm kiçik summativ qiymətləndirmələrə, həm də yarım ilin sonunda böyük summativ qiymətləndirmələrə cəlb olunurdu. Yeni qaydalarda birinci siniflərdə, ümumiyyətlə, qiymətləndirmə aparılmır. II və III siniflərdə isə böyük summativ qiymətləndirmə ləğv edilib. Yalnız müəllim özü kiçik summativ qiymətləndirmə apararaq həmin siniflərdə oxuyan şagirdlərin qiymətini müəyyənləşdirir. İbtidai təhsil səviyyəsinin - 4-cü sinfin sonunda isə bütün fənlər üzrə məktəb böyük summativ qiymətləndirmə aparır. Ümumiyyətlə, hər təhsil səviyyəsinin sonunda - IV, IX və XI sinfi bitirəndə şagirdlərin bütün fənlər üzrə biliyinin qiymətləndirilməsi məqsədi ilə məktəb rəhbərliyinin böyük summativ qiymətləndirmə keçirməsi məqsədəuyğun hesab edilib. Bu da şagirdlərin hansı səviyyəyə uyğun olduğunu müəyyənləşdirməkdən və həmin nəticənin müvafiq sənəddə əksini tapmasından ötrüdür. Bundan başqa, mütəxəssislər hesab edirlər ki, böyük summativ qiymətləndirmənin sayının azalması məktəb rəhbərliyinə imkan verəcək ki, şagirdlərin nəyə qadir olduqlarını müəyyənləşdirib, bunu gələcək planlaşdırmalarında nəzərə ala bilsinlər.

Beləliklə, dəyişikliklərdən sonra I sinifdə təxminən 72 qiymətləndirmə azalıb. Ümumiyyətlə, ibtidai təhsil səviyyəsində summativ qiymətləndirmələrin əvvəlki qaydalarla müqayisədə, 100 vahid azalaraq sayı 280-dən 180-ə düşüb. Bundan sonra ümumi orta təhsil səviyyəsində V-IX siniflərdə hər il orta hesabla 25 böyük summativ qiymətləndirmə aparılmayacaq.Yəni, əvvəlki illərdən fərqli olaraq hər sinifdə 25 imtahanın azalmasının nəticəsində ümumilikdə 125 böyük summativ qiymətləndirmə artıq keçirilməyəcək. Tam orta təhsil səviyyəsində isə 22 böyük summativ qiymətləndirmə keçirilməyəcək. Bu da şagirdlərin yükünün əsaslı şəkildə azalmasıdır.

Kiçik summativ qiymətləndirmələrin sayı isə artıq konkretləşib. Köhnə qaydalara görə, hər bölmənin sonunda nəzərdə tutulan kiçik summativ qiymətləndirmələrin sayı ilə bağlı konkret rəqəm göstərilmirdi. Yeni qaydalara görə, müəllim minimum 3, maksimum isə 6 kiçik summativ qiymətləndirmə aparmalıdır. Keçirilən qiymətləndirmələrin sayı 2, ya da 7 ola bilməz. Kiçik summativ qiymətləndirmələrin hər yarım il ərzində, 3, 4, yoxsa 5, ya da 6  olması fənnin məzmunundan və saatlarından asılı olaraq tənzimlənməlidir. Məsələn, həftədə bir dəfə keçilən fənn üzrə 3 dəfə kiçik summativ qiymətləndirmə aparılması kifayət etdiyi halda, həftədə 5 saat keçilən fənn üçün bu az ola bilər. Kiçik summativ qiymətləndirmələrin sayının çox olması keçilən mövzuları əhatə edə bilməsi ilə yanaşı, şagirdin öz qiymətini düzəltmək şansını artırması baxımından da əhəmiyyətlidir.

Müqayisə etmək imkanı və ədalət

Başqa bir müqayisəyə diqqət edək. İndiyədək birinci yarımillik qiymətlə ikinci yarımillik qiymət əsasında illik qiymət müəyyənləşdirilirdi. Monitorinqlər də göstərib ki, illik qiymət müəyyənləşdirilərkən müəllimlər yanlışlığa yol veriblər. Bu yanlışlığa yol açan səbəblər yeni qaydalarda aradan qaldırılıb. Başqa sözlə, aydınlıq gətirilən ikinci böyük məsələ məhz bununla bağlıdır. Əvvəllər məktəbdə şagirdin birinci yarımillik qiyməti "3”, ikinci yarımillik qiyməti isə "4” idisə, məktəb bu qiymətləri toplayıb yarı bölür, ortaya çıxan 3.5 rəqəmini yuvarlaqlaşdıraraq şagirdə illik "4” qiyməti çıxarırdı. Tutaq ki, orta qiyməti 4.3 olan şagirdə də "4” yazılırdı. Nəticədə yanlış, yanlış olduğu qədər də ədalətsiz qiymətləndirmə ortaya çıxırdı. Yeni qiymətləndirmədə qiymət və bal anlayışının "sərhəd”ləri dəqiq müəyyənləşdirilib. Köhnə qaydalarla faizlə hesablama yeni qaydalarda bal əsasında aparılır. Şagird summativ qiymətləndirmədə bal toplayır, həmin bala əsasən qiymət alır. Jurnalda həm bal, həm də qiymət əksini tapır. Bu isə müqayisə etmək imkanı verir və ədalətliliyi təmin edir.

Yeni qaydalar mübahisələr və fikir ayrılıqlarına son qoyacaq

Uzun sözün qısası, yeni qaydalarda mübahisəli hər məqama, hətta qiymətləndirmə imtahanlarında salınan sualların çətinlik səviyyəsi ilə bağlı məsələyə belə aydınlıq gətirilib. Bundan sonra da Azərbaycanda qiymətləndirmə 4 səviyyədə aparılacaq. Suallar da ağırlıq səviyyəsində tərtib ediləcək. Birinci səviyyəyə sinfin yarısının cavablandırdığı, dördüncü səviyyəyə isə yalnız "5” almaq istəyənlərin cavablandıra bildiyi suallar daxil olunacaq. ("Azərbaycan müəllimi" qəzeti)
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Məktəblərdə summativ qiymətləndirmələr ləğv olunur - Təhsil Nazirliyində müzakirələr başlayıb

Məktəblərdə summativ qiymətləndirmələr ləğv olunur - Təhsil Nazirliyində müzakirələr başlayıb

Summativ Qiymətləndirmələrlə bağlı ehtimal olunan dəyişikliklər

Summativ Qiymətləndirmələrlə bağlı ehtimal olunan dəyişikliklər

Məktəblərdə attestasiyanın aparılması qaydası müəyyənləşdi

Məktəblərdə attestasiyanın aparılması qaydası müəyyənləşdi

Məktəbdaxili qiymətləndirmədə yeni qaydalarla bağlı ən çox verilən suallar və cavabları

Məktəbdaxili qiymətləndirmədə yeni qaydalarla bağlı ən çox verilən suallar və cavabları

I siniflər üçün summativ qiymətləndirmə ləğv olundu

I siniflər üçün summativ qiymətləndirmə ləğv olundu

Hər bir müəllimin bilməli olduğu DÜSTUR

Hər bir müəllimin bilməli olduğu DÜSTUR

Ümumi təhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılmasına dair MÜVƏQQƏTİ TƏLİMAT

Ümumi təhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılmasına dair MÜVƏQQƏTİ TƏLİMAT

Məktəbdaxili qiymətləndirmə ilə bağlı yeni qaydalar

Məktəbdaxili qiymətləndirmə ilə bağlı yeni qaydalar

Böyük summativ qiymətləndirmələr yalnız bu siniflərdə keçiriləcək - RƏSMİ

Böyük summativ qiymətləndirmələr yalnız bu siniflərdə keçiriləcək - RƏSMİ

Qiymətləndirmədə yeni yanaşma

Qiymətləndirmədə yeni yanaşma

Qiymətləndirmədə yeni yanaşma

Qiymətləndirmədə yeni yanaşma

Nazir Müavini təlimat göndərdi

Nazir Müavini təlimat göndərdi

"Bizi düşündürür ki, aşağı siniflərdə summativ qiymətləndirmə nə dərəcədə vacibdir?"-qiymətləndirmələrdə dəyişikliklər olacaq

"Bizi düşündürür ki, aşağı siniflərdə summativ qiymətləndirmə nə dərəcədə vacibdir?"-qiymətləndirmələrdə dəyişikliklər olacaq

Bakı məktəblərində I yarımil üzrə yekun qiymətləndirmə aparılır

Bakı məktəblərində I yarımil üzrə yekun qiymətləndirmə aparılır

Təhsil Nazirliyi summativ qiymətləndirmə ilə bağlı təklif olunan yenilikləri açıqlayıb

Təhsil Nazirliyi summativ qiymətləndirmə ilə bağlı təklif olunan yenilikləri açıqlayıb

I siniflərdə ləğv edilən summativ qiymətləndirməni nə  əvəzləyəcək? – Rəsmi

I siniflərdə ləğv edilən summativ qiymətləndirməni nə əvəzləyəcək? – Rəsmi

Böyük Summativ Qiymətləndirmə keçirilən fənlərin sayı artırıla bilər

Böyük Summativ Qiymətləndirmə keçirilən fənlərin sayı artırıla bilər

“15 yanvaradək təhvil veriləsi KSQ nəticələrinə ehtiyac yoxdur” – Summativ qaydalarda yeniliklər

“15 yanvaradək təhvil veriləsi KSQ nəticələrinə ehtiyac yoxdur” – Summativ qaydalarda yeniliklər

"...ŞAGİRDLƏRİN DƏRS VƏ İMTAHAN YÜKÜ AZALACAQ" - NAZİRLİK

"...ŞAGİRDLƏRİN DƏRS VƏ İMTAHAN YÜKÜ AZALACAQ" - NAZİRLİK

Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması QAYDALARI

Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması QAYDALARI

Məktəblilərin və valideynlərin arzuları reallaşır - Bu qiymətləndirmə ləğv edilə bilər - VİDEO

Məktəblilərin və valideynlərin arzuları reallaşır - Bu qiymətləndirmə ləğv edilə bilər - VİDEO

Təhsil Nazirliyindən summativ qiymətləndirmə barədə AÇIQLAMA

Təhsil Nazirliyindən summativ qiymətləndirmə barədə AÇIQLAMA

Kurikulum üzrə məktəbdaxili qiymətləndirmə :   Diaqnostik , Formativ , Summativ

Kurikulum üzrə məktəbdaxili qiymətləndirmə : Diaqnostik , Formativ , Summativ

YENİLİK - Məktəblərdə böyük summativ qiymətləndirmələr artıq dərs vaxtında keçirilməyəcək

YENİLİK - Məktəblərdə böyük summativ qiymətləndirmələr artıq dərs vaxtında keçirilməyəcək