Xəbərlər / Məktəb Güşəsi
21 sentyabr 2018
2 644


Kiçik məcburi köçkün məktəbinin “Dünya xəritəsi” ilə gizlədilən uçuq divarları...

Kiçik məcburi köçkün məktəbinin “Dünya xəritəsi” ilə gizlədilən uçuq divarları...

 



Əvvəl məktəblərin yerində heyvanlar üçün qışlaq olub. Artıq 26 ildir ki, orada insan yaşayır. Söhbət Laçın məktəblərindən gedir...

"Uşaqlar istəyirlər ki, oxuyub o şəraitdən çıxsınlar və bir gələcəkləri olsun. Ona görə də üzərilərində çalışırlar. Yol palçıq olsa da,  müəllimdən əvvəl sinifdə olurlar”.

Bu sözləri AzEdu.az-a müəllim Şəbnəm Cəbrayıl məcburi köçkün məktəbləri haqda danışarkən deyib. Laçın rayonu, Taxtakörpü qəsəbə orta məktəbində çalışan gənc müəllim qeyd edib ki,  əksər məcburi köçkün məktəblərində şərait pisdir:

"Məktəbin divarları uçulub tökülür. Kənardan baxanda heç məktəbi yansıtmır. Mənim əvvəl çalışdığım məcburi köçkün məktəbi də pis vəziyyətdə idi. Amma bir də orada keçirilən dərsə baxın. 600-dən çox bal toplayan məzunları var. Uşaqlar istəyirlər ki, oxuyub o şəraitdən çıxsınlar və bir gələcəkləri olsun. Ona görə də üzərlərində çalışırlar. Yol palçıq olsa da,  müəllimdən əvvəl sinifdə olurlar.

Burada o məktəblərə "yataq məktəbləri” deyilir. Əvvəl məktəblərin yerində heyvanlar üçün qışlaq olub. Artıq 26 ildir ki, orada insan yaşayır. Söhbət Laçın məktəblərindən gedir. Mən o şəraitsiz dediyim məktəbdə 5 il çalışdım. Sonradan kadr ehtiyacı səbəbindən Taxtakörpü məktəbinə keçməli oldum. Burada tikilən  qəsəbədə ikimərtəbə məktəb də var”.

"Şagirdlərim qışda üşüyürdülər”

O qeyd edib ki, şagirdlərinin şəraitsizlikdən gileyləndiyi vaxtlar da olub:

"Odun sobası ilə  böyük bir sinfin nə qədər hissəsi isinə bilər axı? Bir dəfə  heç odun da yox idi, çox üşüyürdük. Şagirdlər gedib kənardan çör-çöp gətirdilər. Yandırıb, qızındıq. Belə hallar olur.

Bu, nə Təhsil Şöbəsinin , nə də yerli İcra Hakimiyyətinin işi deyil. Bu, bir az yüksək səviyyədə həll olunmalı problemlərdir. Məktəb tikmək otaq təmir etmək demək deyil. Bütöv bir məktəbi yenidən qurmalısan. Ona görə də düşünürəm ki, problem daha yüksək instansiyaları əhatə edir. Deyilənə görə, məsələ ilə bağlı tədbir görüləcək. 2019-cu ildə yeni qəsəbə salınmalıdır. O qəsəbədə yataq məktəbləri bir təhsil müəssisəsi şəklində birləşdiriləcək. Onların yerinə yeni modul tipli məktəblərin tikilməsi planlaşdırılır”.

Digər şagirdlərin dərsə gəlməmək üçün adını məcburi köçkün məktəbinə yazdırması məsələsinə gəldikdə isə müəllim bildirib ki, məcburi köçkün olmayanlar, ümumiyyətlə, Laçın məktəbində oxuya bilməzlər. Bu məktəbdə oxuyanlar yalnız burada yaşayan şagirdlərdir.

"Biz də motivasiyasız olsaq, onda uşaq nə edər?”

Şəbnəm Cəbrayıl şəraitsiz mühitdə dərs deyən müəllimlərin özlərini motivasiya etmələrindən söz açıb:

"Gərək, özümüzü tam ələ alaq ki, şagirdlər bizə baxıb stimul alsınlar. Ona görə də düşünürəm ki, şərait ikinci plandadır. Önəmli olan bilik, elmdir. Çalışırıq ki, maksimum yaxşı dərs keçək. İngilis dilindən 24 sualı düzgün cavablayan şagirdim var. O da məcburi köçkün məktəbində oxuyur. Eybi yox, otaq təmirsiz olsun, amma biz işimizi layiqincə görək.

Valideynlər o şəraitsizliyi artıq 26 ildir ki, görürlər. Onlar üçün bu, normaldır və belə də olmalıdır. Amma arzulayırlar ki, uşaqları təmirli, isti məktəbdə oxusun. Amma o, özü də bu şəraitə alışıb”.

Kiçik məcburi köçkün məktəbinin "Dünya xəritəsi” ilə gizlədilən uçuq divarları...

Təhsil məsələləri üzrə mütəxəssis Məlahət Mürşüdlü isə bildirib ki, bu cür tədris insanlara psixoloji təsir edir:

"Məcburi köçkün məktəblərinin maddi-texniki bazası, təmiri, bugünkü  təhsil müəssisələrindən geri qalır və tələblərə cavab vermir. Laçın məhəlləsində bir  məktəb var. Köhnə partaları olan məktəb təmirdən tamamilə kənar qalıb. Divarları uçulub çatlayıb. Sinif otaqlarında 1970-ci illərin partaları var. Divardakı eyiblərini örtmək üçün xəritələrdən istifadə edirdilər. Bu münasibət düzgün deyil. Çünki bu insanlar onsuz da vətənlərindən, öz yuvalarından didərgin düşüblər. Onların arzu-istəkləri param-parça olub. Məktəbdə də tədrisin bu formada aparılması onlarda bir mənəvi-psixoloji  düşkünlük yaradır, onların gələcəyə ümidlərini itirir. Bunu müəllimlərlə söhbət zamanı da eşidirəm.

Həmin məktəb şagirdlərini müxtəlif xeyriyyə proqramları, təlimlərə dəvət etdikdə isə onların bilik səviyyələrinin müasir tələblərə cavab verməməsi, İKT bacarıqlarının çox aşağı olmasını müşahidə edirik. Bu məktəblərdə təmir işləri aparılmalı, maddi-texniki baza gücləndirilməlidir.

Bəzən digər məktəblərin köçkünlüyə aidiyyatı olmayan şagirdləri yuxarı siniflərdə adlarını məcburi köçkün məktəblərinə yazdıraraq dərsə getmirlər”.

Ekspert bəzi köçkün məktəblərində dediyi dərsə görə müəllimdən ödəniş alınması məsələsindən danışarkən qeyd edib ki, bu hal yalnız məcburi köçkün məktəblərində aid deyil, əksər orta təhsil müəssisələrin də baş verir:

"Məndə belə məlumatlar var. Məsələn, orta məktəb vakansiya verib, müəllim imtahan verib, nazirliyin əmri var və gənc müəllim iş yerinə gedir. Amma ondan müəyyən məbləğ tələb olunur. Bu, dəhşətdir.

Çünki son zaman işlər aparılır, ictimai qınaq formalaşıb, proses nazirliyin nəzarəti altındadır. Mən bilmirəm bu adamlar nə düşünürlər? Vicdanları bu qədərmi kordur ki bu yol əl atırlar. Sözsüz ki, məcburi köçkün məktəbləri bir adada yerləşmir və belə halların bu məktəblərdə də baş verməsi realdır.

Sözsüz ki, mən bunu bütün məktəblərə şamil etmirəm. Amma təəssüf ki, bu qədər təbliğatın aparılmasına baxmayaraq neqativ hallar aradan qalxmır.

Məktəb direktorunun kəramətindən də çox şey asılıdır. Müəllimə baxır, düşünür ki, bu 1, digəri isə 10 manat pul ödəyə bilər. Adi bazara gedəndə də müştərinin üst-başına baxırlar. Əgər səbəti böyük, imkanı normaldırsa, məhsulu baha satırlar. Bu, məktəb direktorunun qeyri-qanuni bazarlığıdır. Hətta valideynlərdən pul yığan yeni təyinat alan gənc direktorlar var”.

"Niyə zəhmətinizlə qazandığınız haqqa sahib çıxmırsınız?”-müəllimlərə müraciət...

 "Pul verən adamlar ictimai dirəniş göstərməlidirlər. Pul verib, sonradan şikayətlənməyə dəyməz. Vaxtında pul vermə, haqqını tələb et, qəbul edilən bütün qanunlar sənin tərəfindədir. Haqqını əldə etmək üçün əziyyət çəkəcək, qapılar döyəcəksən. Sonda isə sənin vicdanın rahat olacaq ki, belə hallara qarşı susmadın. Çıxış yolu ancaq budur. Müəllimlərə demək istəyirəm ki, o saat sizin haqqınızdırsa, mübarizə aparın. Direktorun dediyi şərtlərə getməyin. Niyə zəhmətinizlə qazandığınız haqqa sahib çıxmırsınız?”

Ekspertin sözlərinə görə, məcburi köçkün məktəblərindəki problemlərdən biri də  müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması ilə bağlıdır:

"Bu, maddi-texniki təminatın olmamasından irəli gəlir. Onların kompüter bacarıqları zəifdir. Onlar üçün ödənişsiz kursların az təşkil edilməsi müəllimlərə təsir edir.

Məsələn, əvvəl mənim üzv olduğum Azad Müəllimlər Təşkilatı ildə 4 dəfə ödənişsiz kurslar təşkil edirdi. Bəla burasındadır ki, bu məktəblərdə ödənişsiz təlim verən təşkilatlar üçün şərait yaradılmır. Bu şərait nədən ibarətdir? İmkan verilsin ki,  illərin təcrübəsinə sahib təlimçilər məktəblərə gedib o müəllimlərin peşəkarlıq səviyyəsinin artırılmasında yaxından iştirak etsinlər. Təlimçilər seminarlar verə, açıq dərslər keçirə, nümunə planları haqqında təqdimat edə bilərlər. Təəssüf ki, bu imkanlar həmin məktəblərdə yaradılmır.

Bəzi məcburi köçkün məktəblərinin direktorları bizə müraciət ediblər ki, gəlin bizim məktəbdə təlim keçin. Amma biz həmin məktəbə gedə bilmirik. Bunun üçün icazə almaq çox uzun prosesdir. İcazə verilməlidir ki, bütün məcburi köçkün məktəblərində təlimlər keçirilsin”.
 

Kiçik məcburi köçkün məktəbinin “Dünya xəritəsi” ilə gizlədilən uçuq divarları...

 


Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Hərbi məktəblərdə oxuyan məcburi köçkün uşaqların sayı artıb

Hərbi məktəblərdə oxuyan məcburi köçkün uşaqların sayı artıb

“Təhsil” Cəmiyyətinin məcburi köçkün məktəblərilə bağlı layihəsinə start verildi

“Təhsil” Cəmiyyətinin məcburi köçkün məktəblərilə bağlı layihəsinə start verildi

Məcburi köçkün tələbələrə şad xəbər - Güzəşt ləğv edilməyib

Məcburi köçkün tələbələrə şad xəbər - Güzəşt ləğv edilməyib

Məcburi köçkün müəllim diaqnostik qiymətləndirmədən yüksək bal topladı - FOTO

Məcburi köçkün müəllim diaqnostik qiymətləndirmədən yüksək bal topladı - FOTO

Məcburi köçkün məktəblərində şərait nisbətən əlverişsiz osla da müsbət nəticələr az deyil

Məcburi köçkün məktəblərində şərait nisbətən əlverişsiz osla da müsbət nəticələr az deyil

DİM: Məcburi köçkün abituriyentlərin imtahan nəticələri ilbəil yaxşılaşır

DİM: Məcburi köçkün abituriyentlərin imtahan nəticələri ilbəil yaxşılaşır

Hansı ali məktəbin güzəştli tələbəsi çoxdur? - SİYAHI

Hansı ali məktəbin güzəştli tələbəsi çoxdur? - SİYAHI

Köçkün müəllimlərə hansı güzəştlər var?

Köçkün müəllimlərə hansı güzəştlər var?

Köçkün müəllim diaqnostik qiymətləndirilmədə rekord bal yığdı

Köçkün müəllim diaqnostik qiymətləndirilmədə rekord bal yığdı

Köçkün məktəblərinə qəbul ilk dəfə elektron sistemlə aparılacaq

Köçkün məktəblərinə qəbul ilk dəfə elektron sistemlə aparılacaq

Bakıda köçkün məktəbi BUZ BAĞLAYIB - Təhsil şöbəsi: “Problemdən xəbərdarıq”

Bakıda köçkün məktəbi BUZ BAĞLAYIB - Təhsil şöbəsi: “Problemdən xəbərdarıq”

Məktəbəhazırlıq bu qaydalarla həyata keçiriləcək..Nazir əmr imzalayıb

Məktəbəhazırlıq bu qaydalarla həyata keçiriləcək..Nazir əmr imzalayıb

Məktəbəhazırlıq qruplarına uşaqların qəbulu qaydası təsdiqlənib

Məktəbəhazırlıq qruplarına uşaqların qəbulu qaydası təsdiqlənib

“Təhsil” Cəmiyyəti elmə marağı təşviq edir

“Təhsil” Cəmiyyəti elmə marağı təşviq edir

Köçkün müəllim Prezidentdən kömək istədi - FOTO

Köçkün müəllim Prezidentdən kömək istədi - FOTO

Bölgələrdə məktəbli forması problemi

Bölgələrdə məktəbli forması problemi

"Təhsil" Cəmiyyəti Bakıdakı Ağdam məktəbində görüş keçirdi - FOTOLAR

"Təhsil" Cəmiyyəti Bakıdakı Ağdam məktəbində görüş keçirdi - FOTOLAR

Bu il modul tipli məktəblərin quraşdırılacağı ərazilər -SİYAHI

Bu il modul tipli məktəblərin quraşdırılacağı ərazilər -SİYAHI

Bakıdakı universitetlər: “Tələbələrimizə yer verə bilmirik” - PROBLEM

Bakıdakı universitetlər: “Tələbələrimizə yer verə bilmirik” - PROBLEM

“Bu şəhərdə”nin biletləri müəllimlərə məcburi satılıb

“Bu şəhərdə”nin biletləri müəllimlərə məcburi satılıb

Modul tipli məktəbləri ənənəvi məktəblərdən nə fərqləndirir?

Modul tipli məktəbləri ənənəvi məktəblərdən nə fərqləndirir?

Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi QAYDALARI

Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi QAYDALARI

Çoxuşaqlı ailələrə veriləcək uşaqpulu məlum oldu - QANUN

Çoxuşaqlı ailələrə veriləcək uşaqpulu məlum oldu - QANUN

Birinci vitse-prezident: Məktəb illəri silinməz iz qoyur – FOTO

Birinci vitse-prezident: Məktəb illəri silinməz iz qoyur – FOTO