Xəbərlər, Kurikulum, İnnovasiyalar, MÜƏLLİM
21 may 2018
1028

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

 

Azərbaycanda təhsil sisteminin inkişaf etdirilməsi, onun dünya standartlarının tələbləri səviyyəsinə çatdırılması fəaliyyətin daha çox iki istiqamətdə təşkili ilə səciyyələnir. Onlardan birincisi, ölkənin daxilində təhsil sahəsində əldə olunmuş nailiyyətlərin öyrənilib, ümumiləşdirilməsi və təhlil edilməsindən ibarət olub, ilk növbədə təlim-tərbiyə sahəsində irəliləyişlərin mahiyyət və məzmununu öyrənməklə təhsilin mövcud durumunu, cəmiyyətin tələb və ehtiyaclarını müəyyənləşdirmək baxımından əhəmiyyət daşıyır və vətəndaş cəmiyyətinin formalaşdırılması istiqamətində nələrin əldə olunduğunu və gələcək üçün hansı potensial imkanların yarandığını meydana çıxarmağa imkan verir. İlkin araşdırmalar göstərir ki, Respublikada istər müəllimin, istərsə də məktəbin fəaliyyətinin cəmiyyətin tələblərinə uyğun qurulması nəticəsində şəxsiyyətin formalaşdırılması, nailiyyətlərin qiymətləndirilməsi, eləcə də təhsilin idarə olunması sahəsində xeyli qabaqcıl təcrübə toplanmışdır. Ona görə də həmin materialların ümumiləşdirilərək onlardan geniş istifadə olunması təbii ki, Azərbaycan təhsil sisteminin milli zəmində yenidən qurulması baxımından əhəmiyyət daşıyır.

İkincisi, inkişaf etmiş xarici ölkələrin iş təcrübəsindəki mütərəqqi cəhətlərin öyrənilib ümumiləşdirilməsi və milli-mənəvi xüsusiyyətləri nəzərə alaraq tətbiqinin həyata keçirilməsi vacib bir məsələ olub, aktuallığı ilə seçilir. Son illərdə Azərbaycanda bu istiqamətdə xeyli işlər görülmüşdür. Pedaqoji innovasiyalar kimi öyrənilən bu təcrübələrin keyfiyyət göstəricisi həmin ölkənin vətəndaşlarının ümumi inkişaf səviyyəsi ilə müəyyənləşdirilir və gənc nəsildə formalaşan həyati bacarıqlar ümumi səviyyənin zəruri göstəriciləri kimi çıxış edir.

 
Ənənəvi pedaqoji tədqiqatların bir mühüm cəhəti kimi istənilən yanaşma eksperimental və təcrübi qaydada sınaqdan keçirilməli, bundan sonra hər hansı innovasiyanın tətbiqinə qərar verilməlidir.

XXI əsrin başlanğıcında Azərbaycan təhsil sisteminin yenidən qurulması, modernləşdirilməsi və bu işlərin təşkilində fəal və interaktiv metodlardan istifadə olunmaqla yerinə yetirilməsi prioritet problem hesab edilir. Onların həll olunması üçün yeni pedaqoji araşdırmalara ehtiyac duyulur.

Təhsil sisteminin inkişaf tendensiyası,fəal və interaktiv metodlar sahəsində müəllif məktəblərinin, novator müəllimlərin iş üsullarına dair toplanmış faydalı təcrübələr, pedaqoji-psixoloji tədqiqatların nəticələri daima sistemləşməli, ümumiləşməli və təlim-tərbiyə prosesinin məzmununun yeniləşdirilməsini tələb edir. Bu problemlərin həlli təhsil sferasına,pedaqoji prosesə fəal və interaktiv metodlar anlayışının elmi əsaslarla gətirilməsini vacib bir problem kimi qarşıya qoyur və bütövlükdə təhsildə texnoloji yanaşmaların tətbiqini aktuallaşdırır.

İstər qabaqcıl təcrübənin, istərsə də xarici ölkələrin təhsil sahəsindəki innovasiyalarının öyrənilməsi məqsədilə sistemli və ardıcıl pedaqoji araşdırmaların aparılması vacib hesab edilməlidir. Bu təcrübələrin hər birinin müasirliyini, səmərəliliyini şərtləndirən keyfiyyətin müəyyənləşdirilməsinə, onların yeni şəraitdə forma və məzmun cəhətdən yeniləşdirilərək tətbiq olunmasına üstünlük verilməlidir.

Fəal təlim metodlarının mahiyyəti və məzmunu
 
Təcrübə  və  müşahidələr  sübut  edir  ki,  müasir təlim texnologiyalarıüçün aşağıdakılar daha səciyyəvidir:
müəllimin özünün fəallığı ilə şagirdin yaradıcı fəallığa cəlb edilməsi;
şagirdinaktivfəaliyyətibuzamanonlaraelementarbacarıqların aşılanması;
müəllimin şagirdlərlə və şagirdlərin bir-biri ilə əməkdaşlığı;
hərəkətli,süjetli,musiqilididaktikrolluoyunlardanistifadə,sosial bərabərliyin və psixoloji şəraitin yaradılması;
müəllimin təqdim etdiyi tematik materialın şagirdin yaradıcı təfəkkürünə və
milli düşüncə tərzinin formalaşmasına təsir etməsi.
Müasir təlim texnologiyaları şagirdlərə aşağıdakı keyfiyyətləri aşılamalıdır:

müstəqil düşünmək, sərbəst fikir söyləmək;
öz təcrübəsini və biliyini təhlil etmək qabiliyyəti;
özünü qiymətləndirmək;
əməkdaşlıq etməyi (başqaları ilə işləməyi bacarmaq, ümumi məqsədə çatmaq üçün işin bölüşdürülməsi);
başqalarını dinləməyi, müxtəlif fikirlərə hörmət etməyi və dözümlü olmağı;
öz fikirlərini arqumentlərlə izah və sübut etmək;
kreativ təfəkkürün inkişafı;
birgə həll yollarını müəyyənləşdirməyi və qərar çıxarmağı.

Müasir təlim texnologiyaları dərsə qədər hazırlıq prosesində müəllimin, dərsdə isə şagirdlərin fəallığını tələb edir. Müasir təlim texnologiyalarının köməkliyi ilə təlimin həm təhsilləndirici, həm inkişafetdirici, həm də tərbiyələndirici funksiyaları özünü daha qabarıq şəkildə büruzə verir və təlimin keyfiyyətinin yüksəldilməsinə səbəb olur
 
Fəal təlim şagirdlərin fəal idrak fəaliyyətinə əsaslanan və təhsil prosesinin digər iştirakçıları ilə əməkdaşlıq şəraitində həyata keçirilən təlimi nəzərdə tutur.

Çox vaxt bu anlayışın sinonimi kimi "interaktiv təlim metodları” anlayışından istifadə olunur. Belə ki, "interaktivlik” termini "dialoqu, qarşılıqlı təsiri” bildirir. Bu təlim metodunu ifadə etmək üçün həmçinin "problem – dialoji”, "problemli”, "evristik təlim” anlayışlarından da istifadə olunur.

Fəal(interaktiv) təlim – tədrisin və idrak fəaliyyətinin təşkili və idarə olunması metodlarının məcmusudur. Bu təlim üçün aşağıdakı cəhətlər səciyyəvidir:

müəllimtərəfindənşüurlusurətdə(iradiolaraq)idrakiproblem situasiyasının yaradılması;
probleminhəlliprosesindəşagirdlərinfəaltədqiqatçımövqeyinin stimullaşdırılması;
şagirdlər üçün yeni və zəruri olan biliklərin müstəqil kəşfi, əldə edilməsi və mənimsənilməsi üçün şəraitin yaradılması.
Yeni yanaşmanın mahiyyəti ondadır ki, təlim şagirdlərin yaddaşının təkcə yeni elmi biliklərlə (informasiya ilə) zənginləşdirilməsinə deyil, həm də təfəkkürün müntəzəm inkişaf etdirilməsi əsasında daha çox biliklərin müstəqil əldə edilməsi və mənimsənilməsi, ən mühüm bacarıq və vərdişlərinin, şəxsi keyfiyyət və qabiliyyətlərin qazanılmasına yönəlib. Bu zaman şagirdlər müəllimin rəhbərliyi altında, xüsusi seçilmiş, asan başa düşülən və yadda qalan, ən vacib təlim materialının öyrənilməsi prosesində fakt və hadisələrin səbəb-nəticə əlaqələrini, qanunauyğunluqlarını aşkar etməyi, nəticə çıxarmağı, mühüm və dərin ümumiləşdirmələr aparmağı öyrənirlər.

Şagirdin mövqeyi – "kəşf edən”, "tədqiqatçı” mövqeyidir; o, gücü çatdığı məsələlər və problemlərlə üzləşərkən bunları müstəqil tədqiqat prosesində həll edir.Şagirdlər təlim prosesinin tamhüquqlu iştirakçısı olaraq, bu prosesdə tədqiqatçı kimi çıxış edirlər və bilikləri fəal axtarış və kəşflər prosesində mənimsəyirlər.
 
Müəllimin mövqeyi – fasilitator ("bələdçi", "aparıcı") mövqeyidir, problemli vəziyyətləri planlı və istiqamətlənmiş surətdə təşkil edir, şagirdlər qarşısında tədqiqat məsələlərinin meydana çıxmasına şərait yaradır və onların həllinə metodiki kömək göstərir.

Fəal (interaktiv) təlim metoduna aşağıdakı spesifik xüsusiyyətlər malikdir:

Təlimin subyekt- subyekt xarakter daşıması,
Şagirdlərin fəal öyrənmə mövqeyi, təfəkkürün müstəqilliyi və sərbəstliyi;
İştirakçıların bütün dərs zamanı fəallığı,
Dərsin əvvəlində problemli situasiyanın yaradılması və dərs prosesinin problemin həllinə yönəldilməsi,
Düşündürücü və istiqamətləndirici suallar vasitəsi ilə şagirdlərin yeni biliklərin müstəqil kəşf edilməsinə yönəldilməsi,
Təlimin tədqiqat üsulu vasitəsi ilə keçirilməsi,
Dərsin dialoq şəklində aparılması, əks əlaqənin yaradılması,
Əməkdaşlıq və qrupda qarşılıqlı fəaliyyət;

Dünyada gedən qloballaşma həyatın bir çox sahələrinə öz təsirini göstərir. Təhsildə aparılan islahat məhz həmin zərurətdən yaranmışdır. Təhsilin keyfiyyətini yüksəltmək, yeni pedaqoji texnologiyaları öyrənib onlardan səmərəli istifadə etmək başlıca vəzifə kimi qarşıda durur.
Yeni pedaqoji təfəkkürün başlıca prinsipləri - demokratikləşmə, humanistləşdirmə, fərdiləşdirmə, diferensiallaşdırma, inteqrasiya, şəxsiyyətin formalaşdırılması və inkişaf etdirilməsini həyata keçirir.

Metod olaraq interaktivlik təlim prosesində müəllim və şagird arasında işin gedişindən-mövzudan, şərhdən, dialoqdan, rollu oyundan həmin anda meydana çıxan yanaşma, izah, dialoq və s.-dir. Yəni bu tərz əvvəldən planlaşdırılmır, işin- təlim prosesinin gedişi bu məqamı ortaya çıxarır və daha çox şagirdin müstəqilliyi, müdaxiləsi ilə baş verir. Digər tərəfdən, interaktivlik şagirdlərin özləri arasında da ola bilər. Əsas cəhət odur ki, bu prosesdə əməkdaşlıq edən öyrənənlər və öyrədən eyni hüquqlu mövqedə dayanırlar. Təbii ki, müəllim öyrədən olaraq bələdçi, fasilitator, məsləhətçi funksiyasını yerinə yetirir: şagirdlərin işlərinə müdaxilə etmədən problemləri qoyur, istiqamət verir, nəzarət edir, axtarış istiqamətlərini hazırlamağa kömək edir, amma təlim tapşırıqları üzərində uşaqlar özləri birlikdə – öz aralarında tədqiqat aparır, diskussiya apararaq işləyirlər.

İnteraktiv təlim dərsdə yaranan, meydana çıxan şagirdlərarası öyrənmə ünsiyyəti və əməkdaşlığı, müəllim-şagird birliyini nəzərdə tutur. İnteraktiv metodlar isə təlim prosesində öyrənmə və anlaşmaya, bacarıq və keyfiyyətlərə şagirdlərin yiyələnməsini həyata keçirən üsullar, tərzlər, işlər, yanaşmalar, vasitələrdir.

Əsasında öyrədən (təlimçi) deyil, öyrənən duran Konstruktivizim nəzəriyyəsinə istinadən öyrənən cisim və hadisələrlə bilavasitə əlaqədə olur və bunun nəticəsidə onların əlamətlərini qavrayır, qarşıdakı problemi həll edir. O, fərdi şəkildə işləməyə və təşəbbüs nümayiş etdirməyə həvəsləndirilir, öyrənən əqli təhlilin məhsulu olan öyrənmə prosesində yeni bilikləri ilkin biliklərlə əlaqələndirərək ən yaxşı nəticəyə nail ola bilir. Bu nəzəriyyənin nümayəndələri xüsusən qeyd edirlər ki, öyrənmə prosesinə mühit və öyrənənin fikir və münasibəti təsir edir. Konstruktivist təlim insan beyni üzrə son zamanlar aparılan tədqiqat və öyrənmə prosesinin necə baş verməsi haqqında olan biliklər üzərində qurulmuşdur.
 

Şagirdlərin təliminin texnologiya ilə əlaqələndirilməsi 1999- cu ildə Şaron Adams və Meri Börns tərəfindən "Texnologiyalar üzrə yardım proqramı " çərçivəsində "Təhsilin İnkişafı üzrə Sausvest Laboratoriyası "nda texnologiyaların inteqrasiyasına əsaslanan bu nəzəriyyəyə istinad edərək şəxsiyyətyönümlü və konstruktivist siniflərin yaradılması ilə işlənib hazırlanmışdır. 2005- ci ildən etibarən Azərbaycan Respublikası Təhsil Nazirliyi və Mədəd Azərbaycan Humanitar Təşkilatının (RELİEF) birgə layihəsi olan Müəllimlərin Peşəkarlıq Səviyyəsinin  Təkmilləşdirilməsi  Təlimlərində  Respublika  müəllimləri  mərhələ-mərhələ Konstruktivlik, interaktiv təlimlərlə, müasir pedaqoji texnologiyalarla yaxından tanış edilirlər. Təlimlərin praktik əhəmiyyəti çox böyükdür.

Müasir dərs dedikdə, öyrətmə prosesində müəllimin göstərdiyi pedaqoji məharət, ustalıq nəzərdə tutulur. Müəllim sinifdə işgüzar şərait yaradıb şagirdlərin müstəqil mühakimələrinə geniş meydan açırsa, hər mövzunun xarakterinə uyğun priyomlardan, çeviklik və interaktivliyin təmin edilməsindən, problemli təlimdən istifadə edirsə, deməli o, dərsi müasir tələblər əsasında qura bilir.

Müasir dərsdə uşaqlarda yaradıcı təxəyyülü inkişaf etdirməyə və idraki müstəqilliyə xidmət göstərən problemli suallara, düşündürücü məsələlərə xüsusi yer verilməlidir. Belə dərs şagirdlərdə müəyyən bacarıq və vərdişləri formalaşdırır. Müasir dərs müəllimin dərsə ciddi hazırlaşmasını tələb edir. Buna görə də müəllim hansı priyomlardan necə və nə zaman istifadə edəcəyini qabaqcadan müəyyənləşdirməli, sinifdə deyəcəyi informasiyanın strukturunu qabaqcadan düşünməli, mövzuya dair yardımçı, fakt və hadisələri əsas məsələnin həllinə yönəltməyi bacarmalı, elmi-texniki yeniliklərdən, dövrün mühüm ictimai-siyasi hadisələrindən baş açmalı, biliyini müntəzəm olaraq artırmalıdır.Müasir dərs uşaqların dünyagörüşünü inkişaf etdirməli, onların əqidəcə mətinləşməsinə şərait yaratmalı, dərsdə əyanilikdən və müxtəlif mənbələrdən alınmış əlavə məlumatlarla onların dərketmə qabiliyyətini artırmalıdır.

Təlimlə tərbiyənin vəhdəti də müasir dərsin qarşısında qoyulmuş mühüm tələbdir. Dərs şagirdlərin mənəvi inkişafına, əxlaqca təkmilləşməsinə, vətənpərvərlik, insanpərvərlik, əməksevərlik ruhunda yetişməsinə xidmət göstərməlidir. Müasir dərs milli təhsilin yaradılmasına yönəlməlidir. Bunun əsasını diferensiallaşdırma, demokratikləşdirmə, humanistləşdirmə, inteqrasiya, fərdiləşdirmə və s. prinsiplər təşkil etməlidir.
 

Kurikulumun həyata keçirilməsində şagird nailiyyətlərinin obyektiv qiymətləndirilməsi və stimullaşdırılmasının təmin edilməsi üçün milli, ümumbəşəri dəyərin nəzərə alınması, ümumi inkişafı, meyli və maraqları nəzərə almaqla şagirdlərə əlverişli təlim şəraitinin yaradılması zəruridir. Bu zaman şagirdlər aktiv, tədqiqatçı mövqeyi tutur, müəllim tərəfindən şagirdlər üçün yeni biliklərin müstəqil olaraq əldə olunması, mənimsənilməsi şəraiti yaradılır.Bu cür fəal təlimdə şagirdlərdə aktiv, yaradıcı düşünmə qabiliyyəti və yeni biliklərə sərbəst yiyələnmək yolları birləşdirilmiş olur. Belə iş forması şagirdlərə problemin birgə həll edilməsini, bir-birinin fikrinə hörmətlə yanaşmağı, müstəqil öyrənməyi, sərbəst söyləməyi öyrədir.

İnteraktiv termini isə "dialoq, qarşılıqlı fəliyyət göstərmək" kimi izah olunur. İnteraktiv təlim metodları və üsullarının (qruplar, cütlər, rollar, əqli hücum, nəticə və s.) tətbiqi tədris prosesini xeyli intensivləşdirir, onu hər bir şagird üçün əhəmiyyətli və maraqlı edir, dərsdə fəallığın maksimum artmasına zəmin yaradır, bununla da təlimin inkişafetdirici aspektini xeyli dərəcədə gücləndirir.
 
Təlim- tərbiyə prosesində interaktiv təlim metodlarının tətbiqi sürətlə dəyişən və inkişaf edən müasir dövrdə yaşamaq, fəaliyyət göstərmək, əməkdaşlıq etmək, qərar qəbul etmək kimi bacarıqları əks etdirən kompetensiyaların formalaşması orta təhsilin məqsəd və vəzifələrinə yeni münasibəti əks etdirir. Hazırda həm metodik, həm də elmi-pedaqoji, psixoloji cəhətdən təkmil olan müəllimlərimiz yeniliyin və müasirliyin nədən ibarət olmasını dərk edir, öz dərslərində tətbiq edərək müasir dərs və onun təşkilinə verilən tələblərdən geniş istifadə edirlər.

Belə hesab edirik ki, müəllimlərin bir-birinin dərslərini dinləməsi və nümunəvi, qabaqcıl təcrübəyə malik olan müəllimlərin "açıq dərs"lərinin keçirilməsi dərsin tələblərinin tədrisdə nəzərə almaq baxımından faydalıdır. Çünki müşahidə olunan dərslərin təhlil və müzakirəsi nəticə etibarı ilə tənqidi təfəkkürün süzgəcindən keçib ümumiləşir, bundan isə müəllimlər həm metodik cəhətdən qazanırlar, həm də yeni təlim metodlarını tətbiq etmə imkanlarına yiyələnirlər.

İnteraktiv təlim prosesi elə təşkil olunmalıdır ki, şagirdlər biliyi tədqiqat yolu ilə əldə etsin. Bu təlim prosesində sinif (auditoriya) qrup və cütlər formasında problemin həlli yollarına dair axtarışa çıxarılır, qruplar əldə olunmuş nəticələri işçi vərəqlərində qeyd edir, sonra onun təqdimatını həyata keçirirlər. Təqdimatlar bitdikdən sonra bu tədqiqat nəticələri arasında rabitə yaradılır, məlumatlar sistemləşdirilir və ümumi bir şəkildə təsinif olunur. Bundan sonra həmin yekunlarla tədqitatın başlanğıcında şagirdlərin (auditoriyanın) irəli sürdüyü ilikin fəpziyyələrlə müqayisələr aparılır. Şagirdlər (öyrənənlər) hansıların üst-üstə düşdüyünü, nələrin isə yeni olduğunu müşahidə edir və ümumi nəticəyə gəlirlər, öyrəniləcək mövzuya çıxaracaq problem qoyularaq motivasiya yaradlılır.
 
Motivasiya təhrik etmə deməkdir. Yəni şagirdlərin (auditoriyanın) təlim-dərketmə marağını problemin həllinə doğru fəal, canlı şəkildə istiqamətləndirir. Onun digər vəzifəsi isə tədqiqat sualını oraya qoymağa şərait yaratmaqdır. Məhz həmin tədqiqat sualı ilkin fərziyyələr irəli sürməyə və tədqiqat işlərini təşkil etməyə imkan yaratmış olur. Tədqqiqat sualı tədqiqat işinin həyata keçirilməsini tələb edir. Tədqiqat işlərinin nəticələri işçi vərəqlərində qeyd olunur və təqdimatlar həyata keçirilir. Sonra təqdim olunan məlumatlar təşkil və təsnif olunur.Alınan qənaətlər ilkin fərziyyələrlə müqayisə olunaraq nəticələr çıxarılır. Sonra isə alınmış nəticələrin tətbiqi barədə işlər yerinə yetirilir.
 

Ənənəvi təlim sisteminin ən mürəkkəb problemlərindən biri istifadə olunan pedaqoji texnologiyaların konservatizmi, qeyri-çevik olmasıdır. Müasir informasiya– kommunikasiya dövründə elmin müxtəlif sahələrində toplanmış bilik kütləsi elə sürətlə artır ki, təlimin ənənəvi sxem və prinsiplərinə əsaslanaraq onları həm öyrənənə çatdırmaq, həm də mənimsətmək, əslində qeyri-mümkün işə çevrilir.
 
 
Əgər əvvəllər bilikləri əldə etmək üçün şagirdi iki əsas bilik mənbəyi (müəllim və dərslik) qane edirdisə, bu gün həmin mənbələr çoxsaylı məlumat mənbələri ilə müqayisədə uduzur. Bu səbəbdən müasir təlimin başlıca vəzifələrindən biri öyrənməyi oyrətməkdir, yəni şagirdləri bilikləri müstəqil əldə etməyə yiyələndirməkdir. Yalnız təlim metodlarının keyfiyyətcə dəyişdirilməsi, onların şəxsiyyətə, onun tələbatlarına yönəldilməsi, bilikləri mənimsəmə zamanı yaradıcı təfəkkürdən fəal istifadə edilməsi şəraitində təlim böyük səmərə verə bilər. Eyni zamanda, şəxsiyyətyönümlü belə tədris prosesi inkişaf proseslərinin keyfiyyətinə də təsir edəcək: idraki və sosial fəallığı artırmaqla , şəxsiyyətin dəyərlərini və vərdişlərini formalaşdıracaq. Bu tələblərin nəzərə alınması məhz məhsuldar, yaradıcı təfəkkürü və yeni biliklərə müstəqil yiyələnmə üsullarını özündə birləşdirən fəal(interaktiv) təlim texnologiyalarına üstünlük verməyi tamamilə zəruri edir.
 
Dünya təcrübəsi göstərir ki, fəal (interaktiv) təlim metodu dərsin keyfiyyətini artırmaq məqsədi ilə güclü vasitə ola bilər. Bu metod şagirdlər üçün dərsi çox maraqlı və cəlbedici edir. Fəal(interaktiv) təlim həm məzmunun öyrənilməsinin, həm də tətbiqinin səmərəliliyini artırır və şagirdlərin dərketmə fəaliyyətini daha da fəallaşdırır. Azərbaycanda müasir təlim metodlarının tətbiqi layihəsi artıq həyata keçirilir. Son illərdə respublikamızda fəal dərslərin hazırlanması, planlaşdırılması və onların həyata keçirilməsi üçün vacib olan ilkin təcrübə toplanmış, müəllimlərdə əsas bilik, bacarıq və vərdişlər formalaşmışdır. Keçirilən monitorinqlər göstərdi ki, fəal (interaktiv) təlim metodlarını həyata keçirərkən müəllimlər bir çox problemlərlə rastlaşırlar.
 
Belə ki, yenilikləri həyata keçirərkən təcrübənin yayılmasına və mübadiləsinə böyük ehtiyac duyürlar , Müəllimlərin yenilikləri həyata keçirmələrində təcrübələri artdıqca və bu işə daha çox müəllim cəlb olunduğca, yeni metodiki tövsiyyələrə, tədris materiallarına və digər metodiki məlumat mənbələrinə ehtiyacları artır. Fəal (interaktiv) təlim üzrə müəllimlər üçün məlumatın və müasir tədris təcrübənin yayılması tətbiqi problemlərin aradan qaldırılması üçün ən səmərəli və məqsədəuyğun yollarından biridir.
 
Təqdim olunacaq web-saytın vasitəsilə qısa müddətdə gələcək üçün fəal (interaktiv) təlim üzrə resursların toplanması və təkmilləşdirilməsi mümkün olacaqdır. Biz əminik ki, fəal (interaktiv) təlimin hər bir müəllim tərəfindən istifadəsi uşaqların dərs zamanı idrak fəallığını və əməkdaşlıq həvəsini artıracaq.

Yeni pedaqoji texnologiya fəal təlimə əsaslanır. Fəal təlimin modeli müəyyən olunan komponentlərlə şərtlənir. Bura fəal təlimin məzmunu, metodları, öyrədici mühit, qiymətləndirmə daxildir.
 

Təlimin məzmunu nəyi öyrətmək, metodları necə öyrətmək, öyrədici mühit hansı şəraitdə öyrətmək, qiymətləndirmə ayrı-ayrı komponentlərin səmərəliliyini müəyyən edən amillərə uyğun olaraq nəticəni aşkarlayır.
 
Fəal təlim prosesində şagirdlər tamhüquqlu iştirakçı olmaqla, qazanılan bilikləri axtarışlar və kəşflər hesabına mənimsəyirlər.
Fəal təlim metodları bir sıra xüsusiyyətləri ilə seçilir:

1.Şagirdlərin fəal öyrənmə mövqeyi.

2.Təfəkkürün müstəqilliyi və sərbəstliyi.

3.Əməkdaşlıq və qrupda qarşılıqlı fəaliyyət.

4.Həyati məqsədlərə nail olmaq üçün biliklərin yaradıcı tətbiqi.

Qeyd olunan xüsusiyyətlər şagirdlərin təlim əməyi üzrə hazırlığının başlıca amilləridir.
Fəal təlim zamanı müəllim şagirdlərə fərdi yanaşmalı, onların bilik, bacarıq və vərdişlərinin inkişafı üçün daha səmərəli tədris üsullarından, informasiya texnologiyalarından istifadə etməlidir.


Müasir təhsil prosesində fəal təlim metodlarınıntətbiqi

Fəal (interaktiv) təlim metodunun tədris prosesinə daxil edilməsi şagirdlərin passivliyininaradanqaldırılmasına,lazımolantəffəkkürxüsusiyyətlərinin və yaradıcılığın formalaşdırılması və təlim keyfiyyətinin yüksəldilməsinə şərait yaradır.

Təlimin səmərəliliyi (daha qısa müddətdə daha çox informasiyanı mənimsəmək imkanı) xeyli artır. Bunun aşağıdakı səbəblərini göstərmək olar:

şagirdlərin idrak fəaliyyəti və təlim motivasiyası hesabına;
təfəkkürə əsaslanaraq biliklərin müstəqil, məhsuldar və yaradıcı şəkildə əldə edilməsi və mənimsənilməsi sayəsində.

Fəal (interaktiv) təlimin tətbiq edilməsi məktəbdə şəraiti dəyişərək şagirdlərin özünə inamını artırır, şəxsiyyətarası münasibətləri yaxşılaşdırır, məktəbə və oxumağa olan münasibəti daha müsbət edir, biliklərə müstəqil yiyələnmək və yenilərini əldə etmək, onlardan həyat məqsədlərinə çatmaq üçün istifadə etmək vərdişlərini formalaşdırır.

Təlim prosesində təfəkkürün fəallaşdırılması nəticəsində həmçinin:

bilikləri daha müstəqil, sərbəst qavranılır və mənimsənilir,
məntiqi, tənqidi və yaradıcı təfəkkür, habelə problemlərin həlli və qərar qəbul edilməsi üzrə vərdişlər formalaşdırılır,
elmi -tədqiqat vərdişləri formalaşdırılır,
qarşılıqlı hörmət hissi və əməkdaşlıq vərdişləri aşılanır.

Beləliklə, fəal (interaktiv) təlimin zəruriyyəti birinci növbədə ondan ibarətdir ki, şəxsiyyətdə belə bir qabiliyyətlərinin formalaşdırılması daim dəyişən şəraitə uyğunlaşma və onun həyata effektiv daxil olmasına imkan yaradır.

Dünya təcrübəsi göstərir ki, fəal (interaktiv) təlim metodu müəllim üçün dərsin keyfiyyətini artırmaq üçün vacib bir vasitə ola bilər. Bu metod şagirdlər üçün dərsi çox maraqlı və cəlbedici edir. Fəal (interaktiv) təlim həm təlimin məzmunun öyrənilməsini, həm də bu məzmunun tətbiqini daha səmərəli edir, şagirdlərin dərketmə fəaliyyətini daha da fəallaşdırır. Şagirdlərin öyrənməyə həvəsi və
 
nailiyyətləri artdıqca, müəllimin də fəaliyyəti yüngülləşir. Lakin bu o demək deyil ki, müəllimin zəhməti azalır. Fəal/interaktiv dərsin hazırlanması müəllimdən planlaşdırma mərhələsində daha çox zəhmət tələb edir.

Fəal(interaktiv) təlimin üstünlüklərinə baxmayaraq, müəllim ənənəvi (izahedici- illüstrativ və reproduktiv) metodlardan istifadəsindən tam imtina etməməlidir. Təlimin məqsədindən, məzmunundan, şagirdlərin hazırlığından asılı olaraq müəllim öz seçimini etməlidir. Məsələn, müəllim bacarıq və vərdişlərin formalaşması məqsədini qoyursa, o daha çox reproduktiv (təkrarlama və model üzrə iş) metodu üstün tuta bilər. Əgər təlimin məzmunu çox mürəkkəbdirsə, çoxlu sayda yeni anlayış və məlumatları bilməyi tələb edirsə bu zaman ənənəvi izahedici-illüstrativ metod daha şox səmərə verə bilər. Lakin ənənəvi dərsin gedişində də interaktiv elementləri (düşündürücü suallar vermək, cütlüklərdə qısa fikir mübadiləsi etmək, müşahidə olanları şərh etmək və s.) salmaq mümkündür və məqsədəuyğundur.

Konstruktiv təlimlə qurulan və keçirilən dərslər öz quruluşu etibarı ilə fəal və interaktiv təlimlə qurulan dərslərdən seçilir.
Aktiv təlim - şagird öz təlim fəaliyyəti ilə proqram çərçivəsində bilikləri mənimsəyir, onu əks etdirir, yenidən tətbiq edir və yadda saxlayır, uyğunluğu tapır.
İnteraktiv təlim – təlim prosesində şagird və müəllimin qarşılıqlı təlim əlaqələri yaradılır, fikir mübadiləsi aparılır, yeni fikir formalaşdırılır, işlərin düzgün bölgüsü aparılır, məsuliyyət hissi artır, sosial bilik və vərdişlər aşılanır.
Konstruktiv təlimdə - təhsil alan təfəkkür əməliyyatlarının köməkliyi ilə təlim prosesində sərbəst hərəkət edir, əvvəlki biliklərə istinad edərək «yeni biliklər» sistemi yaradır. Konstruktiv təlim yaradıcı xarakter daşıyır. Təhsil alanlar öyrədəndən, dərslikdən və digər mənbələrdən əldə etdiyi informasiyalar üzərində məntiqi əməliyyatlar apararaq öz daxili duyumu, qavrayışı, başa düşmə qabiliyyəti hesabına xüsusidən ümumiyə istiqamətlənərək yeni biliklər formalaşdırır.
 
Dərsdə müasir təlim texnologiyalarını tətbiq etməklə, ənənəvi təlim sistemini dəyişərək ona tədqiqat xarakteri verməkdən və biliklərin mənimsənilməsi prosesində şagirdi (tələbəni) əsas sima etmək və onu təlimin subyektinə çevirmək mümkündür. Belə ki, bu prosesdə müəllim biliklərin əldə edilməsi yolunun bələdçisi, şagird isə tədqiqatçı, bilikləri kəşf edən rolunu oynayır. Müasir təlim texnologiyaları tədrisin səmərəliliyini artırmağa kömək edir.
 
Əgər öyrənilən biliklər müasir həyatla, cəmiyyətin inkişafı ilə əlaqələndirilmirsə həmin bilik şagird üçün mənasız yükə çevrilir. Belə olduqda şagirdlərin elmi biliyə marağı azalır, şüurluluq və fəallıq səviyyəsi aşağı düşür. Ona görə də müəllim ayrı-ayrı mövzuların öyrənilməsi zamanı keçirilən materialın həyati əhəmiyyətini şagirdlərə başa salmalıdır. Hər kəsə məlumdur ki, ənənəvi izahedici – illüstrativ izahetmə metodu ilə şagirdlər passiv olaraq müəllimin hazır şəkildə verdiyi bilikləri əzbərləmiş olur. Bu da uşaqlarda müstəqilliyi, sərbəstliyi məhdudlaşdırır, şagird təlim prosesinin tam hüquqlu ıştirakçısı yox, təlim prosesinin obyekti olur. Beləliklə, şagirdlər təlimə yaradıcılıqla yanaşmır, onların elmə, elm öyrənməyə maraqları azalır və təlimin səviyyəsi aşağı düşür. Bütün bu çatışmazlıqların aradan qaldırılmasında müasir təlim texnologiyalarından istifadə etmək daha məqsədəuyğundur.

Bir sözlə, müasir təlimi səciyələndirən yeni strukturu, məzmun və forma ilə yanaşı, müasir metodlar - yeni təlim texnologiyaları - interaktiv təlim metodları artıq məktəblərdə özünə geniş yer tapmışdır.

Dərslərin interaktiv üsullarla həyata keçirilməsində fəal təlimin bir neçə geniş yayılmış üsullarından, o cümlədən müsahibə, diskusiya və debatlardan istifadə olunur. Bu üsullar biliklərin müstəqil mənimsənilməsi və yeniliklərin kəşf edilməsi, qazanılmış biliklərin yaradıcılıqla yenidən işlənilməsi, təcrübədə onlardan istifadə edilməsi, problemi həll etmək üçün yoldaşları ilə əməkdaşlıq etməyi bacarmaq, özünürealizə yollarını axtarıb tapmaq kimi keyfiyyətlələrin əldə edilməsinə şərait yaradır.
 
Tədris prosesində interaktiv lövhədən istifadə edilməsi dərsin əsas prinsiplərindən birini, onun əyaniliyini təmin edir. Elektron lövhənin sensorlu, yəni hissiyyatlı səthinə xüsusi qələmlə və ya barmaqla yavaşca toxunmaqla onun üzərində kompyuterdə mümkün olan bütün əməliyyatları interaktiv rejimdə aparmaq olar. "Ağıllı" lövhə, həmçinin kompyuterə qoşulan mikroskop, skaner, pəqəmli fotoaparat, videokamera və s. qurğulardan alınan təsvirləri də proyektor vasitəsilə qəbul edə bilir ki, bu da məktəblərdə virtual laboratoriyaların təşkilində mühüm əhəmiyyətə malikdir. Şagirdlər istənilən kimyəvi reaksiyanın, fiziki, bioloji, coğrafi proseslərin izahını və videogörüntülərini, müxtəlif cihazların, qurğuların, texniki vasitələrin işləmə prinsiplərini "möcüzəli" ekranda izləyə bilərlər. Bu isə şagirdlərin nəzəri- metodoloji biliklərini, praktiki bacarıq və təcrübələrini inteqrasiya etməklə tədrisi xeyli canlandırır, uşaqlarda yaradıcı yanaşma, düşünmə, təşəbbüskarlıq, tədris materialını dərindən dərk etmə qabiliyyətini daha da artırır.

Son illər respublikamızda interaktiv təlim metodlarının mənimsənilərək iş prosesinə tətbiqi sahəsində müəyyən nəticələr əldə olunmuşdur. Tədris prosesində fəal-interaktiv təlim texnologiyalarının tətbiqi dərslərin səmərəliliyini yüksəldən ən vacib şərtlərdəndir.
Bu gün müəllimlər qarşısında yeni pedaqoji texnologiyalara yiyələnmək kimi ciddi vəzifələr durur. Təlim o vaxt effektli alınır ki, pedaqoq şagirdin fəaliyyətinə məharətlə rəhbərlik edir. Birgə fəaliyyətə sıx şəkildə qoşulmuş şagirdin şəxsiyyət keyfiyyətləri, əməliyyatlardakı müstəqilliyi bu cür əməkdaşlığın əsasını təşkil edir.
 
Müəllimlə belə qarşılıqlı münasibətlərdə olan şagirdin daha aktiv və sərbəst olmaq imkanı yaranır. Bundan başqa, bu aktivliyi düzgün idarə etməklə şagird şəxsiyyətində müsbət yönümlü dəyişikliklərin baş verdiyini görmək olar.

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili
 
Fəal (interaktiv) dərs ənənəvidən onunla fərqlənir ki, uşaqlar özləri biliyi əldə edir, onlar fəaldır, təlim prosesinə cəlb olunurlar, müəllim bələdçi rolunu oynayır, amma sinfə hakim olmur, sinifdəki iqlim uşaqların sərbəstləşməsinə səbəb olur, uşaqlar öz fikirlərini söyləməyə qorxmurlar. Baxmayaraq ki, o ənənəvi dərsdən fərqlənir, fəal (interaktiv) dərsin dəqiq strukturu var və qarşıya qoyulan məsələləri həll etməyə imkan verir, uşaqlar biliklərə yiyələnir, tədris proqramı zərər çəkmir. 

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

 

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

 

Fəal(interaktiv) təlimin əsas üstünlüyü - real idrak motivasiyasının (biliklərə yiyələnmək həvəsinin) yaranmasıdır. Bu da idrak fəaliyyətinin gedişində şagirdlərin təfəkküründə gerçək ziddiyyətlərin həlli imkanlarına əsaslanır. Real ziddiyyətlərdən yaranan emosiyalar əqli ehtiyatların səfərbərliyini təmin edir, idrak fəaliyyətini şövqləndirir, diqqəti uzun müddət cəmləməyə imkan yaradır.

 

Bilgilər "hazır” şəkildə deyil, onların müstəqil surətdə kəşfi prosesində mənimsənilir, yəni mənimsəmə prosesi passiv deyil, fəal xarakter daşıyır. Müasir dərsin əsas cəhətlərirndən biri şagirdlərin fəallığıdır ki, buna da interaktiv (fəal) təlim metodlarından istifadə etməklə nail olmaq mümkündür. Bu metodlara əsasən iş forması müəyyən edilir: cütlərlə, böyük və kiçik qruplarla iş daha əlverişlidir.

 


Şagird ünsiyyət prosesində özünü daha yaxşı dərk etdiyinə görə istər qrup, istərsə də cütlərlə işdə fəallıq, şagirdlərin fəaliyyətində bir-biri ilə əməkdaşlıq, yaradıcılıq, qarşılıqlı münasibətlər formalaşır.


Müəllim dərs formasını seçərkən şagirdlərin marağını nəzərə almalıdır.

 

Bu gün məktəbdənkənar mühitdə mövcud informasiya vasitələrindən fəal istifadə edən şagird dərsdə onlar üçün maraqlı olanları görmək istəyir.


Bunun üçün müəllimin İKT-dən istifadə etmək bacarığı yüksək olmalıdır. Həm də bu texniki təminatı lazımı materiallarla zənginləşdirməyi bacarmalıdır. Müəllim mövzuya uyğun resursları seçməlidir ki, bu resursların da rəngarəngliyi dərsin maraqlı keçməsinə, qarşıya qoyulan məqsədə nail olmağa imkan yaradacaqdır.

 

Belə dərslərdə həmçinin digər texniki təminatların olması dərsin səmərəliliyini artırır.


Müəllim dərsə yaradıcı yanaşmalıdır, məzmun standartlarına əsasən dərsin məqsədini müəyyənləşdirməlidir. Bu zaman öyrədici, inkişafetdirici, tətbiqedici funksiyalar nəzərə alınmalıdır. Müasir dərs demokratik prinsiplərə söykənməli, bütün hallarda məqsədin düzgün müəyyən olunması və məzmunun, formanın ona uyğun seçilməsi vacibdir.


Pedaqoji prosesdə müəllimin rolu dəyişir, o, daha çox bələdçi ( fasilitator) rolunu oynayır, fəal-interaktiv təlimə üstünlük verir, əyani vəsaitlərdən geniş istifadə etməyə çalışır, dərslərini daha maraqlı qurur. Bu səbəbdən də şagirdlərin təlimə marağı artır, təlim materialları daha yaxşı mənimsənilir, məktəbin səmərəli idarə edilməsi asanlaşır, nəticədə təhsilin keyfiyyəti yüksəlir. Şagirdlərin irəliləyişləri, əldə etdiyi nailiyyətləri müəllimlərin fəaliyyətinin keyfiyyət göstəricisi kimi qiymətləndirilir.


Tədqiqatçılıq müasir təhsil sistemində işləyən müəllimlərin aparıcı xüsusiyyəti hesab edilir. İnformasiyaların sürətlə artdığı bir zamanda onu ardıcıl olaraq izləmək, ümumiləşdirərək öz işinin gedişatına gətirmək indiki müəllimlər üçün əsas keyfiyyət kimi dəyərləndirilir.


Axtarışlar aparmaq, fəaliyyətini tədqiqatçılıq prinsipləri üzərində qurmaqda hər müəllimin özünəməxsus potensial imkanı, iş təcrübəsi vardır. Onların öyrənilməsi, digər müəllimlər tərəfindən tətbiq olunması, pedaqoji innovasiyaların ümumiləşdirilərək geniş yayılması baxımından əhəmiyyət daşıyır.


İnteraktiv termini "qarşılıqlı fəaliyyətə əsaslanan” deməkdir. Lakin qarşılıqlı fəaliyyət istənilən tədris metodunun istifadəsi zamanı az və ya çox dərəcədə mövcud olur.


Tarixin öyrənilməsində interaktivlik dedikdə sadəcə obyektlərin qarşılıqlı təsir prosesi deyil, şagirdlərin tədqiqat xarakteri daşıyan xüsusi təşkil olunmuş idrak fəaliyyəti başa düşülməlidir. İnteraktiv metodlara tarix tədrisinin elə metodları aid edilir ki, onlar şagirdlərin dərslik materialı (mənbələr, sənədlər, xəritələr, illüstrasiyalar, tədqiqatçıların ziddiyətli fikirləri) ilə, eləcə də ətraf aləmin reallıqları və təzahürləri ilə (rollu oyunların, müxtəlif hüquqi və münaqişəli vəziyyətlərin müzakirəsinin, layihələrin tərtibinin, müsahibələr aparılmasının və s. köməyi ilə) sərbəst iş prosesini təmsil edir, nəticədə onlara əsasən şagirdlərdə yeni biliklər yaranır.


Beləliklə, interaktiv təlim metodları-müəllimin iştirakı ilə şagirdlərin müxtəlif informasiya mənbələri (kitab, xəritə, illüstrasiya və s.) və ya bir-biri ilə qarşılıqlı fəaliyyət prosesində yeni biliklər əldə etməyə imkan verən təlim üsullarının və dərs formalarının məcmusudur.


Bu qayda ilə qazanılan biliklər şagirdlərin yaddaşında uzun müddət qalır və onlar tərəfindən hər hansı bir təcrübə kimi istifadə olunur.

Hələ qədim Çində məşhur filosof Konfutsi demişdir: ”Qulaq asıram- unuduram, görürəm-yadda saxlayıram, özüm edirəm-anlayıram (dərk edirəm)”.


Eyni zamanda, pedaqoji və sosial tədqiqatlara əsasən ənənəvi dərs-mühazirələrin passiv dinlənilməsi ona gətirib çıxarır ki, tez bir zamanda unudulur.


Mütəxəssislər hesablamışlar ki, əla mühazirədən sonra diqqətli dinləyici üç saatdan sonra materialın 70%-ni, üç gündən sonra 10% -ni bərpa edə bilir. Təlimdə yadda saxlamanın müəyyən qanunauyğunluqları var- şagird oxuduğunun 10%-ni, eşitdiyinin 20%-ni, gördüyünün 30%-ni, gördüyü və eşitdiyinin 50%-ni, özü dediyinin 80%-ni, öz fəaliyyəti prosesində öyrəndiklərinin 90%-ni yadda saxlayır.


Müəllim şagird qarşısında problemi ustalıqla qoymağı, onun idrak və tədqiqat fəaliyyətinə rəhbərlik etməyi bacarmalıdır. Müəllim məktəblinin daxili aləmini görməyi, şagirdlərinin qarşılaşdığı vəziyyətin problemliliyini dərindən hiss etməyi, təlim prosesində təşkilatçı, əlaqələndirici və tərəfdaş funksiyalarını yerinə yetirməyi, həll yollarını axtararkən uşaqların buraxdıqları səhvlərə qarşı dözümlü olmağı bacarmalıdır.


Müəllim özü seçdiyi mənbələrdən istifadə edə bilər, lakin burda içtimai həyatın müxtəlif tərəflərini, məişəti, əxlaq və ənənələrini əks etdirən mənbələrin janr və xarakterinə görə ən müxtəlif səpkili materiallar əks olunmalıdır.Dərsdə fəal iş forması və geniş mənbə bazası əsasında şagirdlərin sərbəst işinin təşkili tarixin öyrənilməsinə, tədqiqata və yaradıcı axtarışa marağı artıra bilər.


Birləşdirilmiş dərslər, praktiki məşğələlər,debatlar, rollu oyunlar və s.- mənbələrlə tənqidi - təhlili işin təşkili üçün, qrup tədqiqatlarının və işğüzar ünsiyyətin aparılması üçün çox faydalı və rahat formalardır.Bunlar öz növbəsində şagirdlərin idrak fəaliyyətini fəallaşdırır, yaradıcı imkanlarının inkişafına və keçmişə öz münasibətlərinin formalaşmasına imkan yaradır.


Şagirdlər, həmçinin, məruzə ilə, öz layihəsinin təqdimatı ilə çıxış edərək, sinifdə diskussiya apararaq və ya problemin həllində birgə çalışaraq müəllim rolunda çıxış edə bilirlər.


Fəal təlim metodlarının tətbiqi ilə şagirdlərə müstəqil düşünmək, sərbəst işləmək, problemin həllinə dair fikir söyləmək, münasibət bildirmək, qərar qəbul etmək, fərziyyələrini bildirmək, yaradıcı fəaliyyət göstərmək, məntiqi, tənqidi təfəkkürünü inkişaf etdirmək imkanları yaradılır.

Nəticə və təkliflər


Yeni pedaqoji texnologiyalar fəal təlimə əsaslanır. Təlimin subyekt-subyekt xarakter daşıması, tədqiqat üsulu vasitəsi ilə keçirilməsi, dərsin dialoq şəklində aparılması, müəllim və şagirdlər arasında qarşılıqlı əməkdaşlığın, qrup işindən geniş istifadə, şagirdlərin birgə fəaliyyəti, təlim vasitələrinin və tapşırıqların
 
müxtəlifliyi və yeniliyi və s. fəal təlimin üstün xüsusiyyətlərindəndir ki, ümumi təhsil məktəblərində tətbiqinə səy göstərilir.
Müəllimlərin ixtisasartırma təhsilinin yeni modeli əsasında nəzərdə tutulmuş peşə fəaliyyətinin ümumi əsasları, ixtisas sahələri və innovasiyalar üzrə təlimlərdə iştirakına diqqət daha da artırılmalıdır.

Ümumi təhsil məktəblərində kompyuter sayının artırılmasına, laboratoriyaların zənginləşdirilməsinə və sayının çoxaldılmasına, müəllim və laborantların təlim kurslarına cəlb olunmasına və təlim kurslarının keyfiyyətinin yüksəldilməsinə ehtiyac vardır.

1.İKT-nin tətbiqi innovativ bacarıqların inkişaf etdirilməsi üçün metod kimi təklif edilməlidir.

2.Tədris-təlim prosesində rəqəmsal texnologiyaların geniş istifadəsinə maneçilik törədən amillərin aradan qaldırılması üçün rəqəmsal şəbəkə infrastrukturunun inkişaf etdirilməsinə, təhsil müəsissələrinin ölkədaxili internet şəbəkəsi ilə əhatə olunmasına və sürətli internet əlaqəsi ilə təmin edilməsinə şərait yaradılmalıdır.

3.Multimediya xarakterli dərsliklərin və digər tədris vasitələrinin işlənilməsi, yayılması və təhsil prosesinə tətbiq olunması sürətləndirilməlidir.
Respublikanın rayonlarında təhsili idarəedənlər və informatika müəllimləri mərkəzləşmiş qaydada, uzunmüddətli kreditlə kompüter dəstləri və noutbuklarla təmin edilməlidir.


Ədəbiyyat siyahısı

1.M.Mərdanov Azərbaycan təhsili islahat yollarında: uğurlar, problemlər, vəzifələr... Bakı, 2001.
 
2.M.Mərdanov, A.Mehrabov, T.Qardaşov Təlim-tərbiyə prosesinin və nəticələrinin qiymətləndirilməsi islahatın mühüm amili kimi. //Azərbaycan məktəbi. Bakı, №1, 2002.
3.A.Mehrabov. Təhsilin demokratikləşməsi: problemlər, vəzifələr. //Təhsil, mədəniyət və incəsənət, Bakı, №4, 2001.
4.Fəal təlim və məktəb rəhbərliyi. "Fəal təlim məktəbləri şəbəkəsinin yaradılması” mövzusunda keçirilmiş seminarın materialları. Bakı, YUNİSEF, 2000.
5.İ.Sadıqov, R.Mahmudzadə, N.İsayeva. İnformatika, ümumtəhsil məktəblərinin 11-ci sinfi üçün dərslik. Bakınəşr səh. 127, Bakı 2010.
6.Fəal təlim və məktəb rəhbərliyi. "Fəal təlim məktəbləri şəbəkəsinin yaradılması” mövzusunda keçirilmiş seminarın materialları. Bakı, YUNİSEF, 2001.












Whatsapp'ta Paylaş

loading...

Загрузка...
Həmçinin oxuyun: