Xəbərlər, MÜƏLLİM
15 dekabr 2017
2084

Şagirdlərin diqqətini dərsə yönəldən vasitə - OYUN-DƏRSLƏR


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Məktəblilərin müasir dövrün tələblərinə cavab verən bilik, bacarıq, vərdiş və dəyərlərə yiyələnən, bu kompetensiyaları davamlı  olaraq inkişaf etdirən gənclər kimi formalaşması təhsil ocaqlarımızda təlim-tərbiyə prosesinin necə qurulmasından, öyrədici  mühitin təşkilindən, təlim zamanı istifadə olunan forma, üsul, vasitələrdən asılıdır. Müasir təlimin başlıca vəzifələrindən biri  öyrənməyi öyrətməkdir, yəni şagirdlər biliyi müstəqil əldəetmə bacarığına yiyələnməlidirlər. 

Müasir təlim şagirdin maraq və tələbatlarına, bilik səviyyəsinə, imkan və qabiliyyətinə uyğun təşkil olunmalı, dərsdə problemli situasiya  yaratmaqla idrak  prosesi, təfəkkür fəallaşdırılmalıdır. Müəllimin bələdçi, istiqamətləndirici rolu, düzgün qurulmuş şagird-müəllim, şagird-şagird münasibətləri təhsilalanın özünə inamını artırır, onu fəallaşdırır. Qrup  işlərinin lazımi səviyyədə aparılması ilə şagirdlər fikirlərini bölüşür,  qarşılıqlı faydalanır, biliklərini dərinləşdirir, daha dolğun nəticə, şəxsi keyfiyyətlər (bir-birini  dinləmə,  digərinin  fikrinə  hörmətlə  yanaşma  və s.) əldə edirlər. İnteraktiv təlim prosesində sinifdə yaradılan işgüzar, psixoloji şərait, tədqiqat prosesinin təşkili, biliklərin müstəqil "kəşfi", sosial bərabərlik, şagird biliyinin obyektiv qiymətləndirilməsi və s. təlimdən gözlənilən nəticənin alınmasına müsbət təsir edir. 

Bu gün hər bir uşağın dərsə marağını müxtəlif yollarla formalaşdırmaq və artırmaq vacib məsələlərdən biri hesab olunur. Kiçik  yaş dövründə  şagirdlərin dərs öyrənməyə müsbət münasibəti ardıcıl, davamlı olmur. Əgər uşaqda öyrənməyə həvəs yaranmışsa təbii ki, onu öyrətmək asan  olacaq. İbtidai sinif şagirdləri ilə işləyənlərin hər biri yaxşı bilir ki, şagirdin bu və ya digər fənni böyük maraq və istəklə öyrənməsinə nail  olmaq asan iş deyil. Kiçikyaşlı uşaqlar çox  hərəkətli, diqqəti yayınıqdırlar. Buna görə də şagirdlərin intizamı ilə  bağlı çoxlu problemlər yaranır. 
 
Bəs, nə etməli? Belə şagirdlərə necə yanaşmalı? Hansı metod və vasitələrdən istifadə etməklə tədrisi əyləncəli etməli?
 
Bunun yeganə cavabı var: Mümkün qədər çox oyun-dərslərdən istifadə etmək!

Məktəbəqədər yaş dövründə oyun uşaqların aparıcı fəaliyyətidir. Uşağın məktəbə gəlişi ilə onun  sosial  mövqeyi  köklü  şəkildə dəyişilir.  Onun  əsas  fəaliyyəti artıq  oyun  yox,  dərsöyrənmə  olur.  Buna  görə  də  ibtidai  sinif şagirdlərində  dərsöyrənmə fəaliyyətinin əsasları  formalaşdırılır. Bu  proses kiçikyaşlıların yaş  xüsusiyyətlərinə  diqqətin,  yaddaş  və  mühakiməyürütmə qabiliyyətinin dayanıqsızlığına görə bir  qədər  mürəkkəbləşir. Oyun və oyun dəqiqələrindən istifadə etmək bu  çətinliklərin  aradan  qaldırılmasına  çox  kömək  edir. 

Kiçikyaşlı uşaqlar üçün rəngarəngliyi sevmək, qeyri-ardıcıl qəbul etmə,  asanlıqla obraza daxil olma və s.  kimi  xüsusiyyətlər  xarakterikdir. Uşaqlar  hər  hansı  fəaliyyətə,  xüsusilə  oyuna  asanlıqla cəlb olunurlar. Oyun onlar üçün tədris, əmək, ciddi tərbiyəedici  formadır. Buna görə də uşaqların oyun oynamaq həvəsindən, tələbatından  istifadə  etməklə onları müəyyən  tədrisyönümlü  məsələlərin  həllinə  yönəltmək  məqsədəuyğundur. 

Dərs  prosesində oyunlardan  istifadə  olunması  aşağıdakı  məqsədlərin  reallaşmasına  imkan  yaradır: 

-Didaktik  məqsədlər:  dünyagörüşünün  genişlənməsi,  dərketmə  qabiliyyətinin  artması,  qazanılmış bilikləri  təcrübədə  tətbiq  etmə  bacarığı,  praktik  fəaliyyət  üçün  zəruri  olan bacarıq  və  vərdişlərin,   həyati  bacarıqların formalaşması,  əmək  bacarıqlarının  inkişafı. 

-Tərbiyəedici:  müstəqilliyin, möhkəm iradənin,  əməkdaşlığın, kollektivçiliyin,  kommunikativliyin,  ünsiyyət  qurma,  bir-birinin  fikrinə  hörmətlə  yanaşma,  dinləmə  bacarığının tərbiyə edilməsi,  formalaşması.

-İnkişafetdirici:  diqqətin,  yaddaşın,  nitqin, mühakimə  yürütmə qabiliyyətinin (müqayisə etmə, analogiyaları  tapma,  qarşı-qarşıya  qoyma), məntiqi, tənqidi, yaradıcı  təfəkkürün,  optimal  qərarların tapılması  bacarığının,  motivasiyanın inkişafı

-Sosiallaşma: cəmiyyətin  norma və  dəyərlərinə uyğun  özünü  aparma,  mühitin  şərtlərinə  uyğunlaşma, gərginliyin (stresin)  idarə  olunması,  özünənəzarət,  unsiyyət  qurmağı  öyrənmək.

Oyun  prosesində  şagirdlər  özləri  də  hiss  etmədən  müxtəlif  tapşırıqları  yerinə  yetirir, tədqiqatçı  rolunda  olur, nələrisə  müqayisə  etməli,  müxtəlif  hərəkətləri  yerinə  yetirməli, şifahi hesablamalar  aparmalı,  məsələlər həll etməli  olurlar. Oyun  şagirdlərdə  qələbə  qazanmaq  həvəsini,  marağını oyadır,  uşaqlar  oyunun  qaydalarına  əməl  etməklə  daha cəld,  hazırcavab  olmağa,  tapşırığı  dəqiq  həll etməyə  çalışırlar. Tədrisyönümlü  oyunlardan istifadə  bu gün ən aktual  məsələlərdən biri olan şagirdlərin oxuyub-anlama bacarığının daha da inkişaf etdirilməsinə kömək edir.

Oyunlardan  istifadə şagirdlərin intizamlı olmasına çox  kömək  edir.  Belə  ki,  hər  bir  oyunda  müəyyən  qaydalara  riayət  olunmalıdır. Oyun  zamanı uşaqlar  yoldaşlarının  istəkləri  və  maraqlarını  nəzərə  almağı,  təmkinli, daha  məsuliyyətli  olmağı öyrənirlər. Oyunlar özünənəzarət  və özünüqiymətləndirmə  bacarıqlarını  formalaşdırır.  Məsələn,  dərs prosesində bəzi şagirdlər müəllim,  bəziləri isə şagird rolunda olur.  Bu cür oyunları cütlərlə, qruplarda da keçirmək olar. "Kim daha cəlddir" oyununu qruplararası  keçirdikdə  uşaqlar  təkcə  özləri  üçün  narahat olmur,  qrup  yoldaşlarının da fəal olmasına  kömək  edirlər.

Oyun texnologiyalarından dərs zamanı istifadə şagirdlərin hamısının fəallaşmasına  şərait yaradır.  Zəif, utancaq, azdanışan uşaqlar belə oyun zamanı bacarıqlarını nümayiş  etdirir, onların öz fikrini söyləmə, əməkdaşlıq etmə,  özünün və yoldaşlarının  fəaliyyətini  təhlil etmə,  şifahi nitq, oxuyub-anlama,  dinləmə, fikrini düzgün ifadə etmə  bacarıqları inkişaf  edir.  Beləliklə, oyun  texnologiyaları  tədris materialını  əlçatan,  maraqlı,  obrazlı  şəkildə  öyrətməyə, biliklərin  daha  yaxşı  mənimsənilməsinə kömək edir, şüurlu öyrənməyə  maraq  yaradır.

Oyunlardan  istifadə  etməklə öyrətmək  və  oynayaraq  öyrənmək  o  qədər  də  sadə  məsələ deyil,  amma  dərs  prosesi  ilə  əyləncəni  birləşdirərək  hər  bir  dərsdə bayram  əhvali-ruhiyyəsi yaratmaqla  onun unikallığını  artırmaq olar. Buna  görə  də şagirdlərin  biliklərinin  ümumiləşdirilməsi  və  sistemləşdirilməsi  formalarından  biri  kimi  müxtəlif  tədrisyönümlü  oyunlardan  istifadə  olunması həmişə  müsbət  nəticə  verir.





Whatsapp'ta Paylaş

loading...