Xəbərlər, Ziyalılar
12 dekabr 2017
549

Misir MƏRDANOV: Böyük rəhbərin həyat dərsləri


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Elə insanlar var ki, həyatı başdan-ayağa tarixdir. Xalqın tarixinin mühüm bir hissəsi məhz belə ömürlərin işığında yazılır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev də ömrü böyük bir xalqın, dövlətin tarixinə çevrilmiş şəxsiyyətlərdəndir. Milli dövlətçilik tariximizin iki mürəkkəb dövründə respublikaya rəhbərlik edən, ölkənin sosial-iqtisadi yüksəlişinə nail olan, Azərbaycanın gerçək müstəqilliyini təmin edən, Vətənin hər abadlıq nişanəsində nəcib izləri nəzərə çarpan bu böyük şəxsiyyət haqqında müasirlərinin hansısa xatirələri var.
 
Ulu öndərlə eyni zamanı paylaşmaq, belə dahi bir şəxsiyyəti həyatda görmək, biz nəsil insanların payına düşmüş xoş bir qismətdir. Mənsə öz nəslimin o nümayəndələrindənəm ki, ümummilli liderin hökumət komandasının üzvü kimi onunla birbaşa ünsiyyət imkanlarım olub, bu böyük dövlət adamının tapşırıqlarını yerinə yetirmişəm.

O, ana dilində danışan ilk rəhbər idi

1969-cu ilin yayında respublikanın rəhbəri dəyişdi. Heydər Əlirza oğlu Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildi. Əlbəttə, həmin dövrün adamları respublikanın rəhbər şəxsləri haqqında indiki qədər məlumatlara malik ola bilməzdi. Axı, o vaxtların kütləvi informasiya vasitələrini də indikilərlə müqayisə etmək mümkün deyildi. Ona görə biz rəhbər şəxslər haqqında çox az məlumatlıydıq. Heydər Əliyev haqqında öyrəndiklərimiz isə ölkəyə rəhbərliyinin ilk həftələrindən el arasında onunla bağlı dolaşan söz-söhbətlərdən ibarət idi: təhlükəsizlik orqanlarında çalışıb, təcrübəli çekistdir, əliəyriləri ifşa etməkdən ötrü kimliyini nişan vermədən bəzən şəxsən özü mağazalarda, alqı-satqı yerlərində olur, xalq malını dağıdanlara, rüşvətxorlara, ziyankarlara qarşı mübarizə aparır!

Biz adətən, ölkənin rəhbər şəxsləri qismində əsasən qeyri-azərbaycanlı familiyalarını eşitməyə, televiziyada, radioda rəhbərlərin nitqlərini başqa dillərdə dinləməyə öyrəşmişdik. İlk dəfə idi ki, Azərbaycan rəhbərliyində rəsmi çıxışlarını ana dilimizdə edən, milli ruha bağlılığını hər vəchlə büruzə verən lider görürdük. Ona görə də Heydər Əliyev adı və soyadı bizə, hər şeydən əvvəl, hakimiyyət zirvəsindəki milli qüdrət simvolu kimi görünürdü və bu hiss milli ruhun oyanışına təkan verirdi.

Dedilər ki, sabah Heydər Əliyev universitetə gələcək

Heydər Əliyevlə ilk gözlənilməz ünsiyyətimiz 1975-ci ildə baş verdi. Onda Azərbaycan Dövlət Universitetində müəllim idim. Qəfil xəbər gəldi ki, sabah Heydər Əliyev universitetə gələcək. Əvvəlcə dəhlizdə onu müşahidə edənlər göründü. Bir azdan Heydər Əliyev otağa daxil oldu.

O, təhsil sistemində mövcud olan problemlər, ali məktəblərdəki vəziyyət, imtahanlar, aspirantura haqqında açıq söhbət etməyə başladı. Həmin görüşdən iki epizod heç vaxt yadımdan çıxmır. Söhbətini başa vurandan sonra sualımızın olub-olmadığını soruşdu. 

Belə vəziyyətdə sual vermək cəsarət tələb edirdi və heç kəs gözləmirdi ki, kimsə rəhbərə sual ünvanlamaq fikrinə düşər. Amma qısa söhbətdən sonra Heydər Əliyev auditoriyadakı müəllimlərlə açıq dialoq üçün şərait yaratdı. Yaranmış vəziyyətdən istifadə edən gənc professor Valeri Salayev müraciət etdi:

- Yoldaş Əliyev, mənim sualım var. Sizin adınızdan göstəriş gəlib ki, məzunlar aspiranturaya qəbul olmamışdan əvvəl mütləq ən azı, iki illik iş stajına malik olmalıdırlar. Amma bu halda biz yüksək elmi potensiala malik kadrları itiririk. Oğlanların çoxu iki ilə hərbi xidmətə gedir və təhsildən uzaq düşür. Məsələn, mənim sahəm riyaziyyatdır, onlar gərək öz ixtisasları üzrə fasiləsiz məşğul olsunlar. 

Təhsil naziri, rektor, partkom narahatlıqla Valeriyə baxdı. Hamı birincinin bu qəfil suala necə reaksiya verəcəyini gözləyirdi. Heydər Əliyevin cavabı isə vəziyyəti xeyli yumşaltdı:

- Mənim göstərişim elə olmayıb. Bu tələb, daha çox humanitar və sosial elmlər sahəsinə aiddir. Riyaziyyatçılara gəlincə, siz tamamilə haqlısınız, fundamental elm sahələrində, o cümlədən fizikada, riyaziyyatda gərək məzunlar qarşısında belə tələb qoyulmasın. 

Yeri gəlmişkən qeyd edim ki, o məsələ bununla da öz həllini tapdı və fundamental elm sahələrində aspirantura təhsili almaq istəyən gənclərdən sonralar minimum iş stajı tələb olunmadı. 

Heydər Əliyevin gənc riyaziyyatçı professorun sualına reaksiyası, deyəsən, başqalarını da ürəkləndirdi. Bu dəfə elmlər namizədi Binəli Musayev əlini qaldırdı: 

- Yoldaş Əliyev, mənim 32 yaşım var. Ailəliyəm, 3 övladım var. Amma hələ də mənzilim yoxdur. Kirayədə yaşayıram. Belə şəraitdə elmlə məşğul olmaq çox çətindir. Xahiş edirəm, mənzil problemimin həllində kömək göstərəsiniz. 

Heydər Əliyev gülümsünüb bədahətən Nyuton, Eynşteyn də daxil olmaqla bir çox böyük alimlərin adlarını çəkdi. Onların normal məişət şəraitləri olmadan elmdə əldə etdikləri yüksək nailiyyətləri yada saldı. 

- Siz bilirsinizmi, bu alimlərin əksəriyyəti öz elmi əsərlərini xüsusi bir şəraitləri olmadan, əsasən, kitabxanalarda yaradıblar?! Hətta döşəmədə əsərlər yazan alimlər də olub. Əlbəttə, mən həmişə çalışıram ki, hər bir vətəndaşımız normal şəraitdə yaşasın - Heydər Əliyev təbəssümlə Binəli Musayevi süzdü - Sizə də imkan daxilində kömək göstəriləcəkdir. Ulu öndərlə yaxından tanışlığımız, bax belə başlandı.

"Təhsil naziri Yelyutinlə özüm danışmışam”

1970-ci ildən Heydər Əliyevin rəhbərliyi ilə təhsil sistemində aparılan bütün islahatlar gözlərim önündə baş vermişdi. 

Ən böyük nailiyyət isə keçmiş İttifaqın nüfuzlu ali məktəblərinə xüsusi ixtisaslar üzrə qəbul istiqamətində aparılan məqsədyönlü siyasətin nəticəsi idi. Təsəvvür edin ki, ulu öndərin Azərbaycana rəhbərliyinin ilk dövründə bu yolla 15 minə yaxın azərbaycanlı gənc sovetlər ölkəsinin nüfuzlu universitetlərində nadir ixtisaslar üzrə ali təhsil almışdılar. Bundan əlavə, onun gələcəyə yönəlmiş müdrik siyasəti nəticəsində hər il 400-500 azərbaycanlı gənc keçmiş SSRİ-nin hərbi ali məktəblərində təhsil almağa göndərilirdi. 

Təhsil naziri vəzifəsinə təyin olunandan sonra günlərin birində Azərbaycanın keçmiş ali və orta ixtisas təhsili naziri Qurban Əliyevlə görüşdük. O, bu xüsusda maraqlı bir məqamı xatırladı:

- Nazir vəzifəsində işlədiyim vaxt hər il avqustun ikinci yarısında Heydər Əliyev məni Moskvaya - SSRİ-nin ali təhsil naziri Yelyutinin yanına göndərirdi. Deyirdi ki, Yelyutinlə özüm danışmışam, əgər ali məktəblərdə başqa respublikalar üçün nəzərdə tutulmuş yerlərdən boş qalanları varsa, o, həmin yerləri Azərbaycana verəcək. Get, onunla bu məsələləri müzakirə et!

Onu da qeyd edək ki, 1970-ci ildə ölkədən kənarda ali təhsil alanların cəmi 40 faizi azərbaycanlı idisə, Heydər Əliyevin apardığı müdrik və uzaqgörən siyasət nəticəsində 1976-cı ildə bu rəqəm 85 faizə , 1980-ci illərin əvvəlində isə 97,6 faizə yüksəlmişdi.

"İnoqorodnik”lərlə tarixi görüş

Onu da yaxşı xatırlayıram ki, məni təhsil naziri vəzifəsinə təyin edərkən, ulu öndər vaxtiylə SSRİ-nin ali məkəblərinə təhsil almağa göndərdiyi gənclərlə xüsusi maraqlandı. Tapşırdı ki, dərs ilinin əvvəlində onlarla görüşünü təşkil edək. 1998-ci il avqustun 31-də indi Heydər Əliyevin adını daşıyan sarayda bu tarixi görüş baş tutdu. Həmin görüşdə Heydər Əliyevin dərin məzmunlu çıxışı hamının yaxşı yadındadır:
 
"- Bütün bunların hamısı o vaxtlar Azərbaycanın gələcəyi üçün mütəxəssislər hazırlamaq məqsədi daşımışdır. Bu işə biz 1970-ci ildən başlamışdıq. Mən bu gün çox böyük məmnuniyyət hissi ilə qeyd edirəm ki, bu şəxsən mənim təşəbbüsümlə olmuşdur. Mən hələ o vaxtdan ölkəmizin gələcəyi barədə düşünmüşəm. Zaman keçdi, artıq biz XX əsrin son illərini yaşayırıq. İndi isə sizinlə görüşərək və bu problemlərlə daim şəxsən məşğul olaraq Azərbaycanın XXI əsri haqqında düşünürəm”

Heydər Əliyev kafedra müdiri olmuşdurmu

Heydər Əliyevin fenomenal yaddaşa malik bir şəxsiyyət olduğu hamımıza məlumdur. 20-30 il əvvəl baş vermiş və çoxunun unutduğu hadisələrin, epizodların iştirakçılarını böyük rəhbər ad-soyadına qədər xatırlayırdı. Bəzən özünün birbaşa məşğul olmadığı xüsusi sahələr haqqında o qədər mükəmməl bilik və təcrübə nümayiş etdirirdi ki, yaxından tanımayan insanlarda onun fəaliyyət sahəsi haqqında bəzən müsbət mənada yanlış təsəvvür yaranırdı. Buna ötən əsrin 80-ci illərində Moskvada iştirak etdiyim bir tədbirdə şəxsən şahid olmuşam. Ümumi söhbətimiz zamanı mənim azərbaycanlı olduğumu bilən və həmin tədbirdə iştirak edən alimlərdən biri sual verdi ki, Heydər Əliyev kafedra müdiri vəzifəsində neçə il işləyib?! 

Təəccübləndim, Heydər Əliyevin nəinki kafedra müdiri vəzifəsində, ümumiyyətlə, təhsil sistemində heç zaman çalışmadığını o alimin diqqətinə çatdırıb nə üçün belə düşündüyünü soruşdum. Cavab verdi ki, SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyinin kollegiya iclasında Heydər Əliyevin bir çıxışını dinləyib:

- Heydər Əliyev ali təhsil sistemində mövcud olan problemləri o qədər yüksək peşəkarlıqla, incəliklə təhlil edərək diqqətə çatdırdı ki, biz onun uzun illər ali təhsil sahəsində məsul vəzifələrdə çalışdığını düşündük. 

Dahi şəxsiyyətin həyatında belə hadisələr çox olmuşdur! Heydər Əliyevin böyüklüyü onda idi ki, istənilən tədbirə, görüşə, səfərə, müzakirəyə, çıxışa yüksək məsuliyyət hissi ilə hazırlaşırdı. Ulu öndərin hər bir hərəkəti, jesti, həyata və insanlara münasibəti, təhsil müəssisələrinə gedişi, valideynlərlə, müəllimlərlə, xüsusən şagirdlərlə görüşü bütün nəsillər üçün nümunədir...

Bir qovluğun tarixçəsi

1992-ci ilin sonlarında BDU-nun prorektoru işləyirdim. Universitetin arxivində çalışan bir əməkdaşımız günlərin birində mənə ehtiyatla yaxınlaşıb, arxivdə Heydər Əliyevlə bağlı bir qovluğun olduğunu və AXC hakimiyyəti təmsilçilərinin o qovluğu axtardıqlarını dedi. Qadın qovluğu heç kimə verməyib seyfdə gizlətmişdi. Dərhal arxivə gedib həmin qovluğu gətirməsini tapşırdım. Düzü, özüm də ehtiyat edirdim ki, görəsən, orada hansı sənədlər ola bilər. Amma onu axtaranların da xoşniyyət güdmədikləri bəri başdan məlum idi. Çünki ölkədə Heydər Əliyev tərəfdarlarının sayı getdikcə artırdı. AXC hakimiyyəti ulu öndərin hakimiyyətə doğru yolunu müxtəlif vasitələrlə əngəlləməyə çalışırdı. Ola bilsin, qovluqdan Heydər Əliyevə qarşı istifadə edə biləcəkləri hansısa sənədin çıxacağına ümid edirdilər. 

Bir azdan qovluq artıq məndə idi. Axşam onu özümlə evə apardım. Burada Heydər Əliyevin Naxçıvan Pedaqoji Məktəbini bitirməsi haqqında attestat, universitetə qəbulla bağlı rektorun adına yazdığı ərizə, bütün yazılı işləri və imtahanlardan aldığı qiymətlər haqqında sənədlər toplanmışdı. Başqa bir maraqlı sənəd isə Heydər Əliyevin apelyasiya imtahanı tələbi idi. O, universitetin tarix fakültəsinə qəbul zamanı bütün fənlərdən "əla” qiymət alır. Yalnız rus dilindən yazdığı inşaya "yaxşı” qiymət verdiklərinə görə etirazını bildirir.
 
O zaman Heydər Əliyev artıq DTK-nın mayoru idi, görkəmli ədəbiyyatşünas alim Cəfər Xəndan isə universitetin rektoru vəzifəsində çalışırdı. Məsələ rektora da çatır. Cəfər Xəndan onu qəbul edir, məsələni aydınlaşdırmaq üçün qəbul komissiyasının məsul katibini yanına çağırır. Rektor öyrənir ki, Heydər Əliyev artıq universitetə qəbul olunub. Yəni, qiymətin "əla” və ya "yaxşı” olmasının nəticəyə heç bir təsiri yoxdur. Belə olanda Heydər Əliyevin apelyasiya tələbinə təəccüblənir. Amma Heydər Əliyev xahiş edir ki, apelyasiyaya şərait yaradılsın. Apelyasiya nəticəsində onun yazı işinin "əla” qiymətə layiq olduğu aydın olur. 

Heydər Əliyev ömrü boyu hər işdə mükəmməlliyə, ən yüksək səviyyəyə nail olmağa çalışan nadir bir şəxsiyyət idi. Qovluqdakı sənədləri vərəqlədikcə bunun şahid olurdum. 

1997-ci ilin17 fevralında rektor vəzifəsinə təsdiq edilmək üçün Prezidentin qəbuluna dəvət olundum. Ulu öndər söhbətə birinci o qovluqdan başladı:

- Necə olub ki, bu sənədləri qoruyub saxlaya bilmisiniz? Mən onları neçə illər axtarmışam. Xüsusən, Naxçıvanda aldığım attestatın bu qovluqda olması məni çox sevindirdi...

Həmin qovluqdakı sənədlər əsasında sonralar biz professor Əli Əhmədovla "Heydər Əliyev və Bakı Dövlət Universiteti” kitabını nəşr etdirdik.

Təbaşiri cibimizdə gəzdirirdik

Qəbulunda olarkən, eləcə də BDU-ya gələrkən Prezidenti universitetlə bağlı hər şey maraqlandırırdı: universitetdəki vəziyyət, pedaqoqların əhval-ruhiyyəsi, şəxsən tanıdığı ayrı-ayrı alimlərin nə işlə məşğul olması. Əsas tapşırığı isə o idi ki, kadrların xaricə axınının qarşısını almaq lazımdır. O zaman çox çətin dövr idi. Ciddi sıxıntılarımız vardı. Universitet auditoriyaları təmirsizlikdən pis vəziyyətə düşmüşdü. Adi lövhə, parta çatışmırdı. Hələ bu nədir ki? Biz müəllimlər təbaşiri cibimizdə gəzdirirdik, çünki o da yox idi. Müəllimlər kütləvi surətdə işdən çıxıb xaricə gedirdilər.

Heydər Əliyev olmasaydı, bəzi dövlət ali məktəbləri bağlanacaqdı

Bəzən insanlar maraqlanırlar ki, Heydər Əliyevlə işləmək çətin idimi?

Bəli, ulu öndər çox tələbkar, verdiyi hər bir tapşırığın icrasında maksimum mükəmməllik tələb edən bir rəhbər idi! Onun xatirindən heç nə çıxmaz, ən xırda detal belə nəzərindən yayınmazdı. Amma Heydər Əliyevin etimadına layiq olmaq, onun qarşıya qoyduğu vəzifələri yerinə yetirmək, həm də böyük şərəf və məsuliyyət idi. 

Nazir vəzifəsinə təyin olunarkən o, mənə bir çox tapşırıqlar vermişdi. Bunlar əsasən, ali təhsil sistemindəki qeyri-qənaətbəxş vəziyyətlə bağlı idi. Heydər Əliyev özəl ali məktəblərə lisenziya verən komissiyanı - Nazirlər Kabineti yanında Dövlət Ali Ekspert Komissiyasını ləğv etdi. Tezliklə Azərbaycan Respublikasında Təhsil İslahatları üzrə Komissiya yaradıldı. Komissiya bir il ərzində Azərbaycanda məktəbəqədər tərbiyədən ali təhsilə qədər bütün istiqamətlər üzrə islahatlar proqramı hazırladı. Ölkə rəhbəri iki dəfə Prezident Administrasiyasında bu proqram üzrə müzakirə keçirdi. Dünya Bankını da bu prosesə cəlb etdi. Proqram 1999-cu ilin 15 iyununda Milli Qurtuluş Günü təsdiqləndi. İndi fikirləşirəm ki, bu simvolik məqamın özü də Heydər Əliyevin təhsilə qayğısının təzahürü idi. 

1993-cü ildən başlayaraq büdcədən təhsil üçün nəzərdə tutulan vəsaitin həcmi ildən-ilə artırılırdı. 1994-cü ildən ali məktəblərə ödənişli təhsildən vəsait daxil olmağa başladı. Yalnız bundan sonra müəllimlərin xaricə axını dayandı. Universitetlərin maddi-texniki bazası tədricən möhkəmləndirildi. Tam məsuliyyətimlə bildirirəm ki, əgər ulu öndərin bu qərarı olmasaydı, bir çox dövlət universitetləri fəaliyyətlərini dayandırmaq məcburiyyətində qalacaqdı. 

1995-ci ildə ulu öndərin rəhbərliyi ilə hazırlanmış müstəqil Azərbaycanın ilk Konstitusiyasına on bir illik icbari təhsil haqqında müddəanın daxil edilməsi Heydər Əliyevin həyata keçirdiyi təhsil siyasətinin daha bir uğuru idi.

Uşaqlar himnimizi oxuyanda ulu öndərin gözləri doldu

Ulu öndər Azərbaycan dili və tarixinin yüksək səviyyədə tədrisinə hər zaman ciddi önəm verirdi. Ana dilimizdə dərsliklərin yüksək səviyyədə hazırlanması, bu işə aparıcı alimlərin, peşəkar mütəxəssislərin cəlb olunması onun ən sərt tələblərindən idi. Heydər Əliyev hər il sentyabrın 1-də məktəblərə baş çəkir, uşaqlara sevgi göstərir, valideynlər və müəllimlərlə səmimi görüşlər keçirərdi.
 
Düşünürəm ki, ulu öndərin məktəblərdə keçirdiyi görüşləri, şagird və müəllimlərlə ünsiyyətini əks etdirən kadrlar əsasında gözəl bir film hazırlamaq lazımdır. Belə kadrlardan biri hafizəmdə xüsusi iz buraxıb. 1999-cu ildə Heydər Əliyev Xətai rayonundakı SOS Uşaq Kəndinin açılışında iştirak edirdi. Azərbaycanda belə bir mərkəzin yaradılması yeni hadisə idi. Prezident xarici qonaqlarla mərkəzin otaqlarından birinə daxil oldu. Həmişəki kimi balacalarla söhbət etməyə başladı. Axırda uşaqlardan soruşdu ki, Azərbaycanın himnini oxuya bilərsinizmi? Onlar səs-səsə verərək himni çox gözəl oxudular. Prezidentin hətta gözləri doldu və bizə - kənarda dayanıb bu mənzərəni seyr edən bir neçə nazirə müraciət etdi: 

- Baxın, siz himni belə oxuya bilərdiniz? Bu uşaqlar Azərbaycanın xoşbəxt gələcəyidirlər.

Prezidentin təcili müşavirəsi

2002-ci il sentyabrın 1-də Heydər Əliyev Suraxanıdakı 275 nömrəli məktəbə baş çəkdi. 

Biz birlikdə məktəbin sinif otaqlarından birinə daxil olduq. Ulu öndər tarix dərsliyini götürüb vərəqləməyə başladı. Bu, 2001-ci ilə qədərki dövrə aid tarixi materialların əks olunduğu yeni dərslik idi. Prezident son illərin mühüm hadisələrinin dərsliklərdə əks olunduğunu görüb çox məmnun oldu. Sonra məktəbin həyətində toplaşan valideyn və şagirdlər qarşısında hər zaman olduğu kimi maraqlı bir çıxış etdi.

Həmin tədbirdən evə nahara gəldim. Süfrə arxasına yenicə keçmişdim ki, zəng edib, cənab Prezidentin müşavirəyə çağırdığını söylədilər. Müşavirədə Heydər Əliyev dedi: 

- Son zamanlar mən bir neçə məktəbdə olmuşam. Onların vəziyyəti yaxşı deyil. İndiyədək bizim bu problemlə məşğul olmağa imkanımız çatmayıb. İndi isə Nazirlər Kabinetinə tapşırıram ki, məktəblərin təmiri ilə məşğul olsun. 

Heydər Əliyev yeni məktəblərin tikintisi, mövcud məktəblərin əsaslı təmiri və müasir avadanlıqlarla təminatı proqramının hazırlanaraq ona təqdim edilməsini tapşırdı. İlk növbədə, hansı məktəblərin təmirə ehtiyacının olduğunu, harada yeni məktəblərin inşasına, 2-3 növbədə dərs keçilən hansı məktəblərdə yeni korpusların tikintisinə ehtiyac olduğunu müəyyənləşdirirdik. Proqram 2003-cü ilin əvvəlində Prezident Heydər Əliyev tərəfindən təsdiq edildi. O vaxtdan məktəblərin yenidən qurulması və modernləşdirilməsi istiqamətində böyük bir iş başlandı. Bu iş indi də davam edir.

Azərbaycanın ilk xalq müəllimi

1998-ci ilin 25 sentyabrında müstəqil Azərbaycan müəllimlərinin I qurultayı keçirildi: indiki Heydər Əliyev Sarayında. Qurultayda ulu öndər ağsaqqal müəllimlər, ölkəmizin hörmətli ziyalıları arasında əyləşdi. Hesabat məruzəsindən sonra tənəffüs elan olundu, ulu öndərlə bərabər sarayın foyesində təşkil olunmuş sərgiyə tərəf getdik. Foyedə izdiham toplaşmışdı. Mühafizəçilər sədd yaratmışdılar ki, kütlə Prezidentin eksponatlara baxmasına mane olmasın. Heydər Əliyev bunu görüb şəxsi mühafizə dəstəsinin rəisini yanına çağırdı və dedi:

- Müəllimlərlə mənim aramda sədd yaratmağa ehtiyac yoxdur. Məni müəllimlərdən qorumaq lazım deyil.

Qurultay nümayəndələri bir anda Heydər Əliyevi əhatəyə aldılar. Onlarla ünsiyyət ölkə rəhbərinə çox xoş idi. Hamılıqla sərgiyə baxıb yenidən zala qayıtdıq.

Qurultay ərəfəsində təşkilat komitəsinin ünvanına ayrı-ayrı rayonlardan Heydər Əliyevə "Azərbaycanın xalq müəllimi” fəxri adının verilməsi ilə bağlı çoxsaylı məktublar daxil olmuşdu. Bunları nəzərə alaraq qurultayda ulu öndərə Azərbaycanın ilk xalq müəllimi fəxri adının verilməsini nəzərdə tutmuşduq. Eyni zamanda, ehtiyat edirdik ki, Heydər Əliyev bu fəxri adı qəbul etməz. Qurultayda bu fəxri ad haqqında müraciəti Azərbaycanın tanınmış təhsil işçisi, 190 nömrəli məktəbin ağbirçək direktoru Sona xanım Tağıyeva etdi. Gözlədiyimizdən fərqli olaraq ulu öndər bu fəxri adı böyük məmnuniyyətlə qəbul etdi. Üç min nəfərə yaxın qurultay iştirakçısı Heydər Əliyevin bu hərəkətini uzun sürən sürəkli alqışlarla qarşıladı. Sevincimizin həddi-hüdudu yox idi! Onu da qeyd edim ki, ulu öndər Azərbaycanın "Xalq müəllimi” adını daşıyan ilk və yeganə insan oldu.
 
Fikrimcə, bu, ümummilli liderin şərəfli müəllim adına, ümumən təhsil işçilərinə böyük hörmət və ehtiramının təcəssümü idi. 
Qurultayda Azərbaycan Təhsil Şurasının yaradılması da nəzərdə tutulmuşdu. Biz bu şuraya təhsillə, tədris müəssisələri ilə əlaqəsi olan bütün nazirləri daxil etmişdik. Təxminən yüz nəfərə yaxın bir qrup alınmışdı. Siyahıdakı adları oxuyanda Heydər Əliyev ayağa qalxdı:

- Bu nə siyahıdır belə, siz təzə hökumət yaradırsınız, nədir? Bu, ictimai təşkilat olmalıdır. Onun üzvlüyünə bir nəfər belə vəzifə sahibi daxil olmamalıdır. Təklif edirəm ki, siyahıya təzədən baxasınız. 

Onun bu replikasını hamı alqışladı. 

Sonra ulu öndər qurultay nümayəndələri qarşısında həqiqətən də tarixi, proqram xarakterli nitq söylədi. Maraqlıdır ki, ölkə Prezidenti bütün günü qurultayın işində iştirak etdi.

Müəllimlərin onun yanında öz yeri vardı

Ulu öndərin təhsilə və müəllimlərə münasibətini əks etdirən daha bir neçə hadisəni xatırlatmaq istərdim. 1994-cü ildə ölkə Prezidenti Bakı Dövlət Universitetinin 75 illik yubileyinin qeyd edilməsi barədə sərəncam imzaladı. Komissiyaya Heydər Əliyev şəxsən özü sədrlik edirdi. Təntənəli yubiley mərasimi o zamankı Respublika Sarayında keçirildi. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, universitetin 50 və 60 illik yubileyləri də ulu öndərin rəhbərliyi ilə keçirilmişdi. Bu, çox böyük qiymətə layiq bir hörmət nümunəsi idi. Həddindən çox məşğul olsa da, ulu öndər belə tədbirlərə, ali təhsil müəssisələrinə, məktəblərə getməyə vaxt tapırdı. 

Heydər Əliyevin şəxsiyyətinin böyüklüyünü, onun müəllimlərə, ziyalılara münasibətini təcəssüm etdirən daha bir hadisə. 1997-ci ilin yazı idi. Universitet qəzetinin redaktoruna tapşırmışdım ki, bir il əvvəl dünyasını dəyişmiş Sabir Xəlilovun anım günü münasibətilə məqalə hazırlasın. Sabir Xəlilov aspirantura şöbəsinin rəhbəri idi. Vaxtilə Heydər Əliyevi dəstəkləyən məşhur "91-lər”dən olmuşdu. Məqalə qəzetdə dərc olunan gün Heydər Əliyev zəng edib soruşdu:

- Sabir Xəlilovun vəfatını niyə mənə xəbər eləməmisən? Belə insanları sağlığında qiymətləndirmək, həyatdan köçəndə isə böyük ehtiramla yola salmaq lazımdır. 

Bildirdim ki, o, rəhmətə gedəndə mən rektor deyildim. Bu zaman Prezident dedi:

- Bu xəbəri bu gün universitet qəzetindən oxumuşam. Gec də olsa, Sabir müəllimin ailəsinə mənim başsağlığımı çatdır. Onun qəbri üstünə gedin və ailəsinə lazım olan köməyi göstərin.

Bu söhbətdən çox təsirləndim. Elə həmin gün Prezidentin sözlərini mərhumun ailəsinə, eləcə də universitetin Elmi Şura üzvlərinə çatdırdım. Heydər Əliyevin bu diqqəti və münasibəti hamını mütəssir etmişdi: 

Ulu öndərin müəllimlərə həssas münasibətinin bir örnəyi də Naxçıvan Muxtar Respublikasının yubileyi münasibətilə bir saatlıq çıxışının əsas hissəsinin məhz təhsilə, məktəbə və müəllimlərə həsr olunması idi. Heydər Əliyev vaxtilə ona dərs demiş bütün müəllimlərin adlarını çıxışında böyük ehtiramla yada saldı.

Azərbaycan dövlətinin xilaskarı

Bu gün hamı belə bir yekdil qənaətdədir ki, Azərbaycanı ötən əsrin 90-cı illərinin burulğanlarından çıxarmağa qadir yeganə insan məhz Heydər Əliyev idi. O məqamlarda Heydər Əliyevdən başqa heç kim bunun öhdəsindən gələ bilməzdi. 

Ulu öndər Azərbaycanı demək olar ki, təməldən başlayaraq yenidən qurdu. Ölkəni ayağa qaldırdı və ömrünün sonlarına doğru hakimiyyət sükanını layiqli siyasi davamçısına verdi. 

Ulu öndərin Azərbaycanın müstəqilliyi, onun davamlılığı və dönməzliyi istiqamətində həyata keçirdiyi tarixi addımları saymaqla bitirmək olmaz. Onun bu xalq, dövlət üçün ən böyük xidmətlərindən biri də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin timsalında ölkənin taleyini onu tarixinin ən qüdrətli mərhələsinə çatdıran güclü liderə əmanət etməsidir.






Whatsapp'ta Paylaş

loading...

Загрузка...
Həmçinin oxuyun:
BANM Heydər Əliyevin xatirəsini yad etdi

BANM Heydər Əliyevin xatirəsini yad etdi

Heydər Əliyevin anım günüdür

Heydər Əliyevin anım günüdür

Britaniya parlamentində Heydər Əliyev haqda kitab təqdim olunub

Britaniya parlamentində Heydər Əliyev haqda kitab təqdim olunub

Dahi şəxsiyyətin təkrarsız portret cizgiləri

Dahi şəxsiyyətin təkrarsız portret cizgiləri

Tələbə və Gənc Həkimlərin IV Bakı Beynəlxalq Tibb Konqresi keçirilir

Tələbə və Gənc Həkimlərin IV Bakı Beynəlxalq Tibb Konqresi keçirilir

Odlar Yurdu Universitetində Hüseyn Cavidin 135 illik yubileyi keçirildi

Odlar Yurdu Universitetində Hüseyn Cavidin 135 illik yubileyi keçirildi

Binəqədidə “Elm və təhsil İlham Əliyev siyasətinin prioritet istiqamətlərindən biri kimi” adlı məlumat saatı keçirilib

Binəqədidə “Elm və təhsil İlham Əliyev siyasətinin prioritet istiqamətlərindən biri kimi” adlı məlumat saatı keçirilib

Həştərxandakı Heydər Əliyev adına məktəbdə Bilik günü qeyd olunub

Həştərxandakı Heydər Əliyev adına məktəbdə Bilik günü qeyd olunub

AzMİU-da Milli Qurtuluş Günü qeyd olunub

AzMİU-da Milli Qurtuluş Günü qeyd olunub

ADU-da Azərbaycan-Çin münasibətləri haqqında kitabın təqdimat mərasimi keçirilib

ADU-da Azərbaycan-Çin münasibətləri haqqında kitabın təqdimat mərasimi keçirilib

BDU-da Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

BDU-da Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

Heydər Əliyev Mərkəzinin parkında “Oxu Günü” keçirilib

Heydər Əliyev Mərkəzinin parkında “Oxu Günü” keçirilib

ADPU-nun Şamaxı Filialında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirildi

ADPU-nun Şamaxı Filialında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirildi

ADU-da Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş müsabiqə keçirildi

ADU-da Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş müsabiqə keçirildi

Ağstafa məktəbliləri üçün ekskursiyalar təşkil edilib

Ağstafa məktəbliləri üçün ekskursiyalar təşkil edilib

ADPU-də Heydər Əliyevin 94 illiyinə həsr olunan tədbir keçirilib

ADPU-də Heydər Əliyevin 94 illiyinə həsr olunan tədbir keçirilib

ADPU-nun Heydər Əliyev Mərkəzində Ümummilli Liderin anadan olmasının 94 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirildi

ADPU-nun Heydər Əliyev Mərkəzində Ümummilli Liderin anadan olmasının 94 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirildi

Şabranda Ümummilli lider Heydər Əliyevin 94 illiyi münasibətilə müsabiqə keçirilib

Şabranda Ümummilli lider Heydər Əliyevin 94 illiyi münasibətilə müsabiqə keçirilib

“Ulu öndər Heydər Əliyevin milli ordu quruculuğu siyasəti” mövzusunda dərsin təqdimatı olub

“Ulu öndər Heydər Əliyevin milli ordu quruculuğu siyasəti” mövzusunda dərsin təqdimatı olub

ADPU-da 20 yanvarla bağlı anım tədbiri keçirilib

ADPU-da 20 yanvarla bağlı anım tədbiri keçirilib

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV- İDARƏÇİLİYİN BARİZ NÜMUNƏSİ.

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV- İDARƏÇİLİYİN BARİZ NÜMUNƏSİ.

29 nömrəli Uşaq Yaradıcılıq Mərkəzində  “Yaşasın Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan Respublikası” adlı dəyirmi masa keçirilib

29 nömrəli Uşaq Yaradıcılıq Mərkəzində “Yaşasın Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan Respublikası” adlı dəyirmi masa keçirilib

181 saylı məktəbdə Ümummilli Lider Heydər Əliyevin 93-cu ildönümü qeyd edilib...

181 saylı məktəbdə Ümummilli Lider Heydər Əliyevin 93-cu ildönümü qeyd edilib...

Ümummilli lider Heydər Əliyevin 93 yaşı tamam olur

Ümummilli lider Heydər Əliyevin 93 yaşı tamam olur