Xəbərlər, Valideyn, MÜƏLLİM
11 dekabr 2017
966

Suallar və onların təlimdə yeri -Müəllimlə şagird arasında...


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Suallar və onların təlimdə yeri -Müəllimlə şagird arasında...

Şagirdlərin bilik və fəaliyyət üsullarını böyüklərin köməyi ilə mə­­nimsəməsi heç də onların təfəkkür müstəqilliyini istisna etmir, ək­sinə tələb edir. Əks təqdirdə biliklərin mənimsənilməsi sırf for­mal, səthi, düşünülməmiş, mexaniki işə çevrilərdi.
 
Bəşəriyyətin ta­ri­xi inkişafı gedişində həm biliklərin mənimsənilməsi, həm də ta­mamilə yeni biliklərin əldə edilməsi üçün fikri fəaliyyət zəruri əsas­dır. Bu çətin təkzib oluna biləcək mülahizədən sualın təlimdə rolunu və yerini görmək çətin deyildir. Hafizədən təfəkkürə keçid, təfəkkür pro­sesi bütövlükdə məhz sualla bağlıdır.
 
Bu münasibətlə professor Ə.Bay­ramov yazır ki, təfəkkür cisim və hadisələr arasındakı müx­təlif əlaqələri əks etdirdiyi üçün hər bir konkret halda məhz həmin əla­qələri tapmağa, axtarmağa yönəlmiş olur. Həmin axtarış, adətən, mü­vafiq söz siqnallarına cavab olaraq meydana çıxır. Belə siqnal su­al­dır.
 
Sualı ya insanın özü qarşıya qoyub ona cavab axtarır, ya da baş­qası irəli sürür. Təfəkkür həmişə sualdan başlayır. Suala cavab­ax­tarma prosesində cisim və hadisələr arasındakı əlaqə və müna­si­bət­lər əks etdirilir. İnsanın fəaliyyəti dərk olunmuş məqsədi ilə əla­qə­dar olaraq tənzimlənir. Məqsədinə uyğun olaraq dərketmə, də­yiş­dir­mə fəaliyyəti zamanı o, mərkəzi suala istiqamətlənən yardımçı su­al­ları, mərkəzi sual formalaşdıqdan sonra onun açılışına yönələn di­gər sualları irəli sürür və tapdığı cavablar əsasında biliksizlikdən bi­liyə doğru irəliləyir.
 
Təlim prosesində məktəblinin qeyd olunan xa­rakterə malik dərketmə və dəyişdirmə fəaliyyəti müəllimin rəh­bər­liyi altında xüsusi şəraitdə həyata keçirilir. Təlim prosesində su­al­lar məqsədə və bu prosesin mahiyyətinə uyğun olaraq spesifik xa­rak­terə və funksiyalara malik olur. Bir çox müəlliflər, o cümlədən M.İ.Max­mutov göstərir ki, şagirdlərin idrak fəaliyyətinin aktivləş­mə­sində suallar, bəlkə də, birinci dərəcəli əhəmiyyətə malikdir. Su­al­lar təlim prosesində biliyin əldə olunmasının vasitəsi kimi qə­dim­dən tətbiq olunmaqdadır...
 
"Sokrat öz yetişdirmələrinə biliyi hazır şə­kildə verməmiş, onları düşündürücü sualların köməyi ilə həqiqəti dərk etməyə doğru istiqamətləndirmişdir. Şagird suala cavab ve­rən­də Sokrat səhvi düzəltmir, əlavə sualların vasitəsilə suala verilən ca­va­bın düzgün olmadığını ona başa salırmış...

Sokratın verdiyi təlimin mahiyyəti bundan ibarətdir: Didaktik və­zifə irəli sürür, həmin vəzifəyə şagirdlərin diqqətini cəlb edirdi. Son­ra müəllim öz suallarını və gətirdiyi nümunələrin köməyi ilə fik­rin inkişafını istiqamətləndirir, alınan cavablar isə şagirdin dü­şün­cə tərzi, fikrin real inkişafı haqqında müəllimə lazımi infor­ma­si­ya verirdi. Burada müəllimin məqsədi, yəni irəli sürülmüş didaktik və­zifə, şagirdin öz məqsədinə çevrilir, müəllimlə şagird arasında fə­al əlaqə yaranır, şagirdin idrak fəaliyyəti müəllimin suallarının va­si­­təsilə idarə olunurdu”.

N.Q.Dayri suallardan təlim prosesində istifadə olunması ba­rə­də me­todik aspektli mülahizələrində göstərir ki, suallar az vaxt sərf et­mək­lə şagirdlərin inkişafı üzrə çox müxtəlif işləri aparmağa imkan ve­rir. Qarşıya qoyulmuş məqsəddən asılı olaraq suallar əvvəl öy­rənil­miş biliklərin möhkəmliyini, şagirdin hafizəsini, onun diqqətini yox­la­mağa istiqamətlənə bilər .

Suallar vermək yolu ilə şagirdi faktların təhlilinə cəlb etmək, yə­ni hadisənin əvvəl öyrənilmiş hadisə ilə oxşar və fərqli cəhətlərini aş­kar etməyə yönəltmək, nəticə çıxarmaq, ümumiləşdirməyə təhrik et­mək, müxtəlif asılılıqları tapmaq və məntiqi əməliyyatları yerinə ye­tir­mək işinin iştirakçısına çevirmək mümkündür.
 
Müəllim suallar va­si­təsilə dərketmənin əməliyyat cəhətlərini aşkara çıxarır. O, sual­lar qoymaqla müqayisə, ümumiləşdirmə, sistemləşdirmə əməliyyat­la­rın­dan məktəblinin müstəqil dərketmə prosesində istifadə etməsini asan­laşdırır. Suallar şagirdin fikri fəaliyyətini biliksizlikdən biliyə doğ­ru yönəldir. Odur ki, öyrəniləcək materialın məzmununun açıl­ma­sına kifayət dərəcədə yönələn suallar sistemini irəli sürmək vacib mə­sələlərdən hesab olunmalıdır.

Akademik M.M.Mehdizadə evristik və ya qismən axtarış me­to­dunun mahiyyəti ilə bağlı fikirlərini açıqlayarkən sualın bəzi funk­siyalarına, onun təlimdə rolu və yeri məsələlərinə də to­xun­mu­ş­dur. M.N.Skatkin, İ.Y.Lerner də sualların funkiyasını şərh etməyə ça­lışmışdır. Təlimdə sualların elmi-pedaqoji əsaslarının işlənməsi prak­tikanın tələbidir.
 
Mükəmməl təlim sis­te­minin imkan daşıyıcıları, o cümlədən suallar funksiyalarını aşağı­da­kılardan asılı olaraq yerinə yetirir: 

- Təlim prosesi qarşısında qoyulmuş məqsəddən ; 

- Təlim sisteminin fəlsəfi-metodoloji, məntiqi-psixoloji, di­dak­tik əsaslarından; 

- Təlim sistemində qarşıya qoyulmuş vəzifələrlə şagirdlərin re­al imkanları arasındakı ziddiyyətdən; 

- Alqoritmik və evristik fəaliyyət növlərinin təbiətindən, qar­şı­lıqlı əkslik və asılılıq münasibətlərindən; 

- Təlimdə istifadə olunan innovasiyalardan; 

- Üstün mövqeyi seçilmiş altsistemin təbiətindən; 

- İmkan daşıyıcılarının (təlim sisteminin komponentlərinin) mü­na­si­bət­lərindən. 

Sualların təsnifatı haqqında hələlik yekdil fikir formalaşma­mış­dır. Bəziləri hesab edir ki, suallar məzmununa, dil və intonasiya­sı­na görə qruplaşdırılsın. Bu mövqedə olanlar düşünürlər ki, uyğun ca­vabların alınmasında vurğulanan cəhətlər vacib rola malikdir.
 
Di­gərləri hesab edirlər ki, məqsədinə görə sualları fərqləndirmək daha ef­fektlidir və onları
 
a) bilavasitə uzaqdan istiqamət verən;
 
b) kö­mək­çi;
 
c) düşüncə yaradan növlərə ayırmaq olar.
 
Üçüncülər isə he­sab edirlər ki, suallar iki növ – informasiyalı və problemli ola bilər.
 
Bir çox hallarda problemi sualla eyniləşdirirlər. Problemlə sua­lın fərqləndirici əlamətini onun vacibliyində və yaxud mü­rəkkəbliyində görürlər.
 
Baxmayaraq ki, burada nə vaciblik , nə də mü­rəkkəblik problemin xüsusiyyətini açmır. Belə ki, çox vacib, çox mü­rəkkəb olan suallar problem olmaya bilər.
 
"Problem” anlayışı ilə "su­al” anlayışı arasında əlaqə olduğunu göstərmək mümkündür, am­ma onları eyniləşdirmək olmaz. Sual didaktik termin olmaqla belə bir mənaya malikdir: şagirdlərin idrak fəaliyyətinin idarə olun­ma­sı və onların aktuallaşdırılması vasitəsidir.




Whatsapp'ta Paylaş



Загрузка...
loading...