Xəbərlər, Psixoloq, Valideyn
25 noyabr 2017
904

SÖYÜŞ, HƏDƏ VƏ FİZİKİ CƏZA - Bunlardan qaçın! TÖVSİYƏ


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Yaxşı bilirik ki, bir çox ailələrdə hədə və söyüş adi haldır. Valideynlər uşaqların sözə baxmaması və tərsliyi səbəbindən hövsələdən çıxır, sərt cəza tədbirlərinə, danlaq və hədələrə əl ataraq, öz narazılıqlarını açıqca ifadə edirlər:

 

"Görüm səni heç doğulmayaydın”, "Birdə bu sözü işlətsən dilini kəsərəm”, "Allah səni öldürsün”, "görüm zəlil olasan” və s. bu cür yanaşma uşaqlar üçün mənfi nəticələr törədə bilər. Onların bəziləri üzərində bir qədər ətraflı dayanaq.


Müəllim və valideynlərə məsləhətlərdən biri də odur ki, uşaqları heç vaxt söyməsinlər, çünki nitqin bu cür təsirli forması uşaqlarda abır-həya hissini dağıdır, onları özünəhörmət hissindən məhrum edir və onları öz tərbiyəçilərinə münasibətdə həyasızcasına aparmağa sövq edir. Vaxt ötdükcə uşaq kobudluq xəstəliyinə yoluxacaqdır. Əvvəlcə o, bu mənfur sözləri həmyaşıdları ilə ünsiyyətdə işlədəcək, sonra onun kobudluğu o dərəcədə artacaq ki, o, bu söyüşü müəllim və valideynlərinə qarşı işlətməkdən də çəkinməyəcəkdir.


Elə də olur ki, uşaq uzun müddət təhqirlərə dözür, lakin an yetişir ki, onun səbri tükənir. Qürur hissi təhqirlərə dözməyə imkan vermir və qəzəb onu boğur, hörmətsizlik pası qəlbinin aydınlığını qaraldır. Nəticədə o, valideynlərini, onlar onu təhqir etdikləri kimi təhqir edəcək, vaxtı ilə onlardan aldığı həmin ləyaqətsiz və kobud sözləri onların özünə "qaytaracaq”dır.


Əgər uşaqlar valideynlərini xeyirxah insanlar kimi qiymətləndirmirlərsə və onlarda özlərinə qarşı hiddət və qəzəb görürlərsə, onların valideynlərinə qarşı məhəbbət və bağlılığı, sədaqət və səmimiyyəti günbəgün azalacaqdır. Onlar təkcə sözə baxmayan olmayacaq, onların ürəyində nifrət və ədavət cücərtisi boy atacaqdır. Əgər atalar və analar sərt tərbiyə üsulu üzərində möhkəm dururlarsa, uşaq və valideynləri arasında həmişə mövcud olmuş dostluq və bağlılıq münasibəti dağılacaq və uşaqlarda iddialılıq və təkəbbürlülük özünü daha çox göstərəcəkdir.


Digər tərəfdən, danlaq və söyüş kimi mənfi halların tətbiqi zamanı səciyyəvi olan uşağın hüquqsuz vəziyyəti, uşaq qəlbinin əhatə oluna biləcəyi məhəbbət və xeyirxahlıqdan olduqca uzaqdır. Hətta analar iddia etsə ki, onlar hədə və söyüşü vərdiş olaraq işlədirlər və onları hərfi mənada başa düşmək lazım deyildir, hər halda deyilmiş sözlərin və edilmiş rəftarın uşaq qəlbinə çox ziyanlı təsirini inkar etmək mümkün deyildir. Ağıllı insan hər hansı işi görməzdən əvvəl onun nəticəsi haqqında düşünür, yəni "yeddi dəfə ölçür, bir dəfə biçir”. Beləliklə, valideynlər məzəmmət olunan o təcrübədən imtina etməli və uşağın arzu olunmaz hərəkətlərinin qarşısını kobudluq və qəddarlığa əl atmadan almağa çalışmalıdırlar.


Valideynlər, xüsusən də analar uşaqlarla mərhəmət və məhəbbət dili ilə danışmaqla onların ürəyini ələ ala bilərlər. Əgər psixi gərginlik, ağır imtahanlar və daxili konfliktlər zamanı valideynlər öz uşaqlarına dost və ya yoldaş kimi nəzər yetirsələr, uşaqlar da onlara "təhlükəsizlik adası” kimi baxacaq, onlara etibar edəcək və onlardan qaçmayacaqlar. Əgər uşaq onun gözündə amansız və hökmlü görünən ata və anasını sevmirsə, onda dərin uçurum uşağı və valideynləri bir-birindən ayıracaqdır. Vəziyyət o dərəcədə ağırlaşa bilər ki, uşaq ailə ocağına arxa çevirə bilər. O, ailəni düşmən kimi qəbul edərək, təskinlik tapmaqdan ötrü başqalarında (hansılar ki, ona heç də yaxşılıq arzulamırlar) dayaq axtarmağa başlayacaqdır.


Əlbəttə, biz hamımız bilirik ki, valideynin əsassız ciddiyyət nümayiş etdirdiyi, uşağın istəkləri ilə hesablaşmadığı və ona ehtiram göstərilmədiyi istənilən ailədə uşaqlar tədricən amansızlaşırlar. Tez-tez kədərlə üzləşən uşaqlar insanlardan kənar gəzir, onlara qarşı kobudluq edir və cəmiyyətdə qanun pozuntusuna yol verirlər.


Uşaqlarımız bağdakı gənc fidanlara bənzəyirlər. Onların bizimlə bağlılığa, xoşqəlbliliyə, dostluq və rəğbətə ehtiyacı vardır. Həssas və zərif uşaq qəlblərini qırmamaqdan ötrü valideynlər uşaqlarını çox böyük mərhəmət və səbrlə tərbiyə etməli, yüksək pedaqoji peşəyə yiyələnməli, uşaq psixologiyasının xüsusiyyətlərini nəzərə almaqla elmi metodikaları tətbiq etməlidirlər.


Boş və mənasız hədə-qorxular uşağın psixikasına ziyan yetirir. Onu da demək lazımdır ki, hətta həqiqi valideyn qəzəbini uşaqlar çox vaxt ciddi qəbul etmirlər. Ana öz hədəsini şişirtməklə uşağı hədələyirsə və bu zaman onu həyata keçirmirsə, uşaq başa düşür ki, onun sözləri boş səs-küydən başqa bir şey deyildir. Məqsədi də onu sadəcə qorxutmaqdır. Bu halda valideynlərin bütün öyüd-nəsihəti "kar”a ünvanlanmış olur və uşaq təzyiq, təhdid və başqa təsir vasitələrinə öz əks-tədbirləri ilə, kobudluq, bəzən isə qəhqəhə ilə cavab verir.


Uşaqları elə tərbiyə etmək lazımdır ki, ata və ana tərəfindən onlara qarşı cüzi diqqətsizlik belə öz-özlüyündə onlar üçün ən böyük cəza sayılsın. Buna yalnız xeyirxahlıq, mülayim davranış və düzgün danışıq tərzi ilə nail olmaq mümkündür. Valideynlər və uşaqlar arasında yaxınlıq qarşılıqlı ünsiyyət üslubundan asılıdır. Ailədə düzgün olmayan danışıq tərzi – valideynlərin nəzakətsizliyinin və pedaqoji hazırlıqsızlığının çox mühüm göstəricisidir. Bununla da, uşaqların mənəvi tərbiyəsinin əsas məqsədi həyata keçməmiş qalır.


Valideynlər uşaqlara hansı hallarda onları cəzalandıracaqlarını (həm də cəzanın dərəcəsi öncədən müəyyən edilməlidir) öncədən xəbərdarlıq edirlərsə, o zaman onlar öz sözlərində ardıcıl olmalı, həmişə vədlərinə əməl etməli və uşağı deyilmiş qaydada tənbeh etməlidirlər. Tərbiyə qaydaları təsadüfdən təsadüfə tətbiq olunursa, səmərəsiz olacaqdır. Cəzadan imtina ona gətirəcək ki, gələcəkdə valideynlərin xəbərdarlıqları öz əhəmiyyətini itirəcəkdir.

 

Məsələn, ona tapşırılmış işi görməsə onu özləri ilə aparmayacaqlarına və ya bu və digər tapşırıqları yerinə yetirərsə ona nəsə alacaqlarına söz vermiş valideynlər, gərək öz sözlərinin üstündə dursunlar və uşaq ağlasa da, qışqırsa da onun tələbi yerinə yetirilməməlidir. Rəhm hissinə qapanan, istədiyi şeyi əldə etmədiyi üçün ağlayan uşağa yazığı gələn valideyn bununla da uşağı göz yaşını tökməklə istədiyi hər şey əldə etmək vərdişinə alışdırır. Beləcə, valideynlər öz tələblərinin yerinə yetirilməsi məsələsinə son qoyurlar və bununla da onların qabaqlayıcı tədbirlərinin bundan sonra uşağa heç bir təsiri olmur. Çox əhəmiyyətlidir ki, valideynlər bu məsələyə xüsusi diqqət yetirsinlər (hətta ilk baxışda bu onlara o qədər də əhəmiyyətli görünməyə bilər), onu hərtərəfli müzakirə etsinlər, çünki uşağın sonrakı inkişaf mərhələlərində ona təsir etmək imkanları bundan çox asılıdır.


Təhqir və hədə kimi, fiziki cəza da uşaq üçün olduqca təhlükəlidir. Əksər mütəxəssislər uşaqla qəddar münasibətin onu korlaması və xarakterini pozması fikrindədirlər. Hələ XVI-XVII əsrlərdə Martin Lüter, Con Lokk, Tomas Mor, Yan Amos Komenskiy kimi maarifçilər və pedaqoqlar uşaqların döyülməsinə ikrahla yanaşmış və valideynlərə və tərbiyəçilərə bu cür mənfur hərəkətdən uzaq olmağı məsləhət görmüşlər. XX əsrin əvvəllərində hətta uşaqların fiziki cəzalandırılması ideyası əksər pedaqoqlar üçün yolverilməz hesab olunurdu.


Valideynlər öz uşaqları ilə bacarmayanda, onların pis davranışlarını dəyişdirə bilməyəndə, suda batan saman çöpündən yapışan kimi, onlar da bu vasitədən yapışırlar. Halbuki onun yanlışlığı uşaq psixologiyası elmi tərəfindən sübuta yetirilmişdir. Bu elm, tərbiyəçilərə güc və məcburiyyətə güvənmək deyil, uşağın hər bir yaş dövründə psixi inkişaf qanunauyğunluğunu dərk etməyi və onun ruhunun qapılarını sındırmaqdan ötrü deyil, asanlıqla açmaqdan ötrü uyğun açar seçməyi tövsiyə edir.


Fiziki cəzanın mənfi nəticələri çoxsaylıdır və bu özünü onda göstərir ki, uşaqlar heysiyyatsız və kobud şəxsə çevrilirlər, onların ürəyində qisas hissi yetişir. Tədricən onların özünü dəyərləndirməsi aşağı düşür, söhbət və öyüd-nəsihətlər öz səmərəsini itirir ki, bu da öz növbəsində tərbiyəçini daha sərt cəza tədbirlərinə əl atmağa məcbur edir. Savadsız tərbiyəçi cəza vasitəsi kimi uşaqlara ağrı gətirməklə, onlara əziyyət verməklə onlarda yumşaqürəklilik, həlimlik və zərifliyin inkişafına imkan vermir, uşağı daşürəkli qəddar və kinli varlığa çevirir. Görünür ki, bu cür tərbiyəçilərin sayı artır və bu da cəmiyyətin tərəqqisi haqqında düşünən kəsləri ciddi narahat etməyə bilməz. Russonun nəzərincə, uşaq öz təbiətinə görə ruhən pak və xeyirxahdır. Ona görə də onun təbii xasiyyətini, temperamentini dəyişmək, fərdiyyətini sındırmaq olmaz.










Whatsapp'ta Paylaş

Загрузка...
loading...