Xəbərlər
23 may 2016
4 012


Bu il ali təhsil müəssisələrinin magistratura səviyyəsinə təqdim olunan vakant yerlərdən kifayət qədər boş yer qalacaq.- Nadir İsrafilov

Bu il ali təhsil müəssisələrinin magistratura səviyyəsinə təqdim olunan vakant yerlərdən kifayət qədər boş yer qalacaq.- Nadir İsrafilovNadir İsrafilov: "Əgər, hər hansı bir fövqəladə vəziyyət və ya müharibə şəraiti yaranarsa, ümumi səfərbərlik elan olunduğu halda, nəinki magistr və doktorantlar, əli silah tutan hər bir Azərbaycan vətəndaşı öz torpağının müdafiəsi üçün ayağa qalxacaq"
  Azərbaycanda elm və təhsil müəssisələrinin magistratura və doktoranturalarında əyani təhsil alanlara təhsilin fasiləsizliyini təmin etmək məqsədi ilə həqiqi hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsinin "Elm haqqında" qanun layihəsindən çıxarılması cəmiyyətdə birmənalı qarşılanmayaraq, gündəmin əsas mövzularından birinə çevrilib. Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin "Space TV"yə müsahibəsindəki bəzi açıqlamalar da vəziyyətin nə dərəcədə ciddi və heç də ürəkaçan olmamasından xəbər verir.
Belə ki, "Bu il ali təhsil müəssisələrinin magistratura səviyyəsinə təqdim olunan vakant yerlərdən kifayət qədər boş yer qalacaq. Belə görünür ki, bu il magistr səviyyəsi üzrə plan yerləri daha çoxdur, nəinki namizədlər. Magistratura üzrə 50 proqram mövcuddur. Bu il cəmi 3 proqramda bir yerə təxminən 2 nəfərdən ibarət müsabiqə vəziyyəti yaranır. Yerdə qalan proqramlarda bir yer uğrunda müsabiqədə cəmi 1 nəfər iştirak edəcək. Hətta elə proqramlar var ki, onlarda müsabiqə vəziyyəti çox aşağıdır", — deyə Dİm rəhbəri bildirib.
Sputnik əməkdaşı mövzu ətrafında təhsil eksperti Nadir İsrafilovla həmsöhbət olub.
- Nadir müəllim, ilk olaraq magistratura və doktoranturalarda əyani təhsil alanlara həqiqi hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsinin "Elm haqqında" qanun layihəsindən çıxarılmasına münasibətinizi bilmək istərdik…
— Mən hələ bu məsələnin müzakirəyə çıxarılmasından öncə öz təəssüf hissimi bildirmişdim və bu gün də o qənaətdəyəm ki, bu maddənin təmas xəttində müşahidə olunan gərginliklə əlaqədar layihədən çıxarılması, "Azərbaycanda müharibə şəraiti bitənə, sülh sazişi imzalanana qədər gənclər hərbi xidmətdən kənarda qala bilməzlər" kimi izah olunması kifayət qədər yetərli arqument deyil. Birincisi, illərdən bəri gərginlik şəraitində yaşayırıq və bundan sonra vəziyyətin hansı xarakter alacağına "şər deməsən, xeyir gəlməz" prinsipi ilə yanaşsaq, kim təminat verə bilər ki, hələ neçə ildən və ya on illikdən sonra müharibə şəraiti bitəcək və sülh sazişi imzalanacaq? Həyat öz axarı ilə davam etməlidir. İnsanlarımız pessimist əhval-ruhiyyəyə deyil, optimist notlara köklənməlidir. Düşünürəm ki, müharibə şəraitində yaşasaq belə, 300-500 magistra möhlət hüququ verməklə ordumuzun hərbi qüdrəti nə artan, nə də azalan deyil, əksinə onsuz da ağır dövrlərini yaşayan elmimiz bundan ziyan çəkəcək.
- Milli məclisdə belə bir arqunet də gətirilib ki, magistrlara hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsi "Hərbi səfərbərlik haqqında" Qanunun predmetidir. Yəni, "Orada dəyişiklik olmadan burada dəyişiklik edilə bilməz"…
— Elə isə, dəyişikliyi orada aparsınlar. Bilirsiniz, Umberto Ekonun maraqlı bir aforizmi var: "İstənilən hadisəyə paralel gətirmək olduqca asandır. Mənə 50 dollar verin, sizə bu günlə neandertalların dünyası arasındakı paralellərdən bəhs edən esse yazım". Əvvəla belə bir maddə "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunda olub və yalnız 2006-cı ildə ləğv edilib. Digər tərəfdən, Milli Məclisdə belə bir əks arqument də səsləndirilib ki, "Birinci oxunuşda qanun layihəsində əksini tapmış bəzi maddələrin ikinci oxunuşa təqdim olunmuş layihədən çıxarılması anlaşılmazdır". Bəli, çünki bu gün Azərbaycan ordusu kifayət qədər gücə və kontingentə malikdir, xeyli ehtiyatda olanlarımız da, sayı-hesabı bilinməyən könüllülərimiz də var.
Digər bir məsələ: Əgər, hər hansı bir fövqəladə vəziyyət və ya müharibə şəraiti yaranarsa, ümumi səfərbərlik elan olunduğu halda, nəinki magistr və doktorantlar, əli silah tutan hər bir Azərbaycan vətəndaşı öz torpağının müdafiəsi üçün ayağa qalxacaq. Bunu son aprel hadisələri də bir daha təsdiq etdi. Bir də ki, istənilən vaxt yaranmış vəziyyətlə bağlı Qanunda istənilən dəyişiklik aparmaq olar və necə ki, belə dəyişikliklər dəfələrlə aparılıb və aparılmaqdadır da. Bu mənada təhsildə fasiləsizliyin təmin olunması üçün möhlət hüququ vacib şərtdir. Elmimizin diqqət və qayğıya böyük ehtiyacı var. Onu kritik vəziyyətdən çıxarmaq lazımdır.
- Siz necə hesab edirsiniz, müvafiq maddə qanun layihəsindən çıxarılmasaydı, nə baş verərdi?
— Hesab edirəm ki, magistr və doktorantura pilləsində təhsil alanlara möhlət hüququnun verilməsi elm sahəsinə marağı stimullaşdıra bilərdi. Belə bir qərarın olacağını ictimaiyyətin əksər nümayəndələri gözləyirdilər. Bir müddət əvvəl təhsil naziri Mikayıl Cabbarovun da etiraf etdiyi kimi, dövlət ali təhsil müəssisələrində 30 yaşa kimi elmlər doktoru yoxdur, 61 yaşdan yuxarı olanların sayı isə təxminən 63,9% təşkil edir. İstər Təhsil Nazirliyinin, istərsə də Dövlət İmtahan Mərkəzinin statistikası göstərir ki, elmdə qocalma prosesi gedir. Elmə, elmi fəaliyyətə maraq getdikcə daralır. Əbəs yerə deyildi ki,"Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunununda təhsil sahəsində dövlət siyasətinin əsas prinsiplərini özündə əxz edən — 3.0.7. fasiləsizlik, vəhdətlik, daimilik — mövcud təhsil standartları, tədris prоqramları və planları əsasında təhsilin bir neçə səviyyədə əldə edilməsi imkanı, təhsilin ayrı-ayrı pillələri arasında sıх dialektik qarşılıqlı əlaqənin təmin оlunması və оnun insanın bütün həyatı bоyu ardıcıl davam etməsi — kimi xüsusi maddə salınmışdı. "Möhlət hüququ"nu ləğv etdikdə isə belə çıxır ki, bir qanun digərini inkar edir. "Elm haqqında" qanun layihəsindən elm və təhsildə fasiləsizliyi təmin etmək məqsədinə xidmət edə biləcək magistrlara möhlət hüququ verilməsi maddəsini çıxarıb, elmdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq maddəsini salanda, sahibkarlıq xülyası heç şübhəsiz ki, elmə sahib olmaq düşüncəsinı üstələyəcək… Ən əsası isə, elm olmayan yerdə hansı elmdə sahibkarlıqdan söhbət gedə bilər?
- Sizcə gənclərin elmə, təhsilə marağını yüksəltmək üçün ilk növbədə nə etmək lazımdır?
— Bəyənmədiyimiz sovet dönəmində, iki fərqli, bir-birinə daban-dabana zidd sistem arasında gedən "soyuq müharibə" şəraitində, nəinki tələbələr, hətta aspirantlar belə, təhsil aldıqları müddətdə hərbi xidmətdən azad edilirdilər. Buna paralel olaraq yeniyetmə və gənclərin hərbi hazırlığına da xüsusi diqqət yetirilirdi. İbtidai-hərbi hazırlığın təməli orta məktəb illərindən qoyulurdu, əlbbəttə indiki kimi formal yox. Əksər ali məktəblərdə hərbi kafedralar var idi. Tələbələr burda hərbi biliklərə yiyələnirdilər. Ali məktəbi bitirdikdən sonra iki aylıq toplanışa yollanırdılar. Bu zaman gənclərə hərbi rütbə verilirdi və onlar ehtiyata buraxılırdı. Bu gün isə tələbələr bakalavr pilləsini bitirən kimi hərbi xidmətə göndərilir. Ordan qayıdandan sonra bildikləri də yadlarından çıxır, elm dalınca getmək həvəsləri sönür.
Hətta, 1973-cü ilin iyulunda SSRİ Müdafiə Nazirliyi və SSRİ Maarif Nazirliyinin birgə gərarına əsasən, stimullaşdırıcı tədbir kimi kənd müəllimləri də hərbi xidmətdən azad edilmişdilər. Bunun nəticəsi kimi minlərlə gənc mütəxəssislərin kənd yerlərinə axını baş verdi. Onların əksəriyyəti getdiklərı kəndlərdə ailə quraraq, regionlarda təhsilin inkişafına öz layiqli töhfələrini vermiş oldular. Sadəcə və konkret olaraq olaraq elmə, təhsilə baxış fəlsəfəmiz, yanaşma tərsimiz dəyişməlidir. Təhsil krediti ilə əlaqədar məsələ nəinki ekspertlər tərəfindən, hətta ən yüksək səviyyəli dövlət yetkililəri tərəfindən belə, dəfələrlə dilə gətirilib. Artıq ali məktəbə ən yüksək balla qəbul olunan, lakin maddi imkansızlığı ucbatından tələbə hüququndan imtina edənlərin sayı çoxdan 1000-i ötüb. Bu, hər birimizə utanclıq gətirən təzahürdür. Biz hamımız nədənsə problemi bilirik, etiraf edirik, dilə gətiririk, lakin onu dəyərləndirərkən, tam fərqli arqumentlərlə üzləşirik. Hamıya bəlli olan və təkrarlamağa ehtiyac qalmayan problemlər çoxdur, sadəcə olaraq onları sadalamaq deyil, üstünə getmək lazımdır.
sputnik.az
Məqalə Göndər








Загрузка...