Oğurlanıb zorlanan müəllimə iş veriləcək - NAZİRLİYİN AÇIQLAMASI


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Oğurlanıb zorlanan müəllimə iş veriləcək - NAZİRLİYİN AÇIQLAMASI

 

Təhsil Nazirliyi oğurlanıb zorlanan müəllimə ilə bağlı açıqlama verib. 
 
Qurumdan Lent.az-ın sorğusuna göndərilən cavabda belə deyilir: "Ağsu rayonunun Nuran kənd tam orta məktəbində kimya fənnini tədris etmiş müəllimin işlə təmin olunması məsələsinə tədris ilinin sonunda baxılacaq. Nəticəsi barədə əlavə məlumat veriləcək".
 
Keçən ilin aprel ayında Ağsu rayonunun Nuran kəndində oğurlanan və cinsi təcavüzə məruz qalan müəllim işini itirib. Lent.az xəbər verir ki, məlum olaydan sonra həmin kənddə işləmək istəməyən kimya müəllimi, 23 yaşlı Sara Vəliyeva (ad və soyad şərtidir) Təhsil Nazirliyinə iş yerinin dəyişdirilməsi ilə bağlı müraciət edib. O, başqa məktəblərdə də ixtisaslı kimya müəlliminə ehtiyac olduğunu, imtahanla müəllimliyə qəbul edildiyini xatırladaraq nazirlikdən doğulduğu rayonda və yaxud paytaxtda işlə təmin edilməsini xahiş edib. Lakin nazirlik gənc müəllimin istəyini təmin etməyib.
 
S.Vəliyevanın ailəsindən Lent.az-a bildirilib ki, Təhsil Nazirliyindən 23 yaşlı Saraya yenidən hadisənin baş verdiyi kəndə qayıdıb işləmək təklif edilib: "Onun iş yerinin dəyişdirilməsinə gəlincə, dedilər ki, yenidən imtahan verməlidir. Halbuki hadisədən bir il əvvəl imtahan yolu ilə işə qəbul edilmişdi və məhz Təhsil Nazirliyinin göndərişi əsasında Ağsunun Nuran kəndinə kimya müəllimi kimi göndərilmişdi, orda kirayə yaşayırdı. Buna baxmayaraq, bizə heç cür kömək etmədilər. Məcbur qalıb qız işdən çıxmaqla bağlı ərizə yazdı”.
 
Təcavüzə məruz qalmış müəllimin ailəsi daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəhbəri Hicran Hüseynovaya müraciət edib. Hicran Hüseynovanın köməkliyi ilə o, regionlardakı mərkəzlərdən birində işlə təmin edilib. Lakin həmin iş də müvəqqətidir. Belə ki, S.Vəliyeva analıq məzuniyyətinə çıxmış qadının yerinə müvəqqəti işə götürülüb.
 
S.Vəliyevanın ailəsindən bildirildi ki, onlar qızın işsiz qalmasını istəmirlər: "Biz onun psixoloji vəziyyətini düşünüb işsiz qalmasını istəmirik. Çünki çox böyük mənəvi-psixoloji zədə alıb”.
 
Qeyd edək ki, keçən ilin aprel ayının 19-da Ağsu rayon Nuran kənd məktəbində Təhsil Nazirliyinin göndərişi əsasında kimya fənnini tədris edən 23 yaşlı Sara Vəliyeva Nüydü kənd sakini olan 4 nəfər tərəfindən zorla maşına mindirilərək qaçırılıb. Səhər saatlarında müəllimə dərsə gədərkən kəndin ortasında qəfil maşın dayanıb və onu zorla maşına mindirərək aparıblar. Aprelin 23-də isə oğlanların qohumları qızı gətirərək ailəsinə təhvil veriblər. Məlum olub ki, müəllimə evlənmək məqsədi ilə qaçırılıb. Nüydü kənd sakini Bəhruz İsrafilov telefonla müəlliməyə niyyətini bildirib və rədd cavabı alıb. Bundan sonra elçi belə göndərmədən qruplaşma yaradaraq müəlliməni qaçırıb. Oğlanlar gənc müəlliməni əvvəlcə İsmayıllı, daha sonra isə Sabirabad rayonuna aparıblar
 
Hadisəni törətmiş 1985-ci il təvəllüdlü İsrafilov Bəhruz Dursunəli oğlu, onun qardaşı 1980-ci il təvəllüdlü İsrafilov Müşfiq Dursunəli oğlu, dostu 1994-cü il təvəllüdlü Əsgərov Əmrah Əbulfət oğlu və sürücü İsgəndərov Eldəniz Bəbir oğlu daha sonra tutulub. Onlardan 3-ü Cinayət Məcəlləsinin 144.2.3-cü "qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam oğurluğu”, müəllimə ilə evlənmək istəyən B.İsrafilov isə 144.2.3-cü maddə ilə yanaşı, məcəllənin 149.2.4-cü (xüsusi amansızlıqla zorlama), 149.2.5-ci (təkrar zorlama), 150.2.4-cü (xüsusi amansızlıqla seksual xarakterli digər zorakılıq hərəkətləri) və 150.2.5-ci (təkrar seksual xarakterli digər zorakılıq hərəkətləri) maddələri ilə təqsirli bilinib.



Aztest.info







Reklam yeri:

loading...

xtehsil