36 illik təcrübəsi olan müəllimlə müsahibə


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

36 illik təcrübəsi olan müəllimlə müsahibə

 

Müəllimlik- ürəyin peşəsidir
 
Asif Məmmədov 1958-ci ildə Ağstafa rayon Xılxına kəndində anadan olub. 1976-cı ildə Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə daxil olub. Universiteti bitirdikdən sonra beş il təyinatla Qəbələ rayonunda işləyib. 1986-1990-cı illərdə Saloğlu qəsəbə tam orta məktəbində fəaliyyət göstərib. 1990-cı ildən Xılxına kənd tam orta məktəbində çalışır.
 
-Asif müəllim, bu peşəni niyə seçmisiniz?
 
-Mənim anam müəllim olub. Mən anamdan ilham alaraq müəllimliyi seçdim. Atam həkim idi və mənim həkim olmağımı istəyirdi. Amma mən öz ürəyimcə olan peşəni seçdim. Müəllimlik sadəcə peşə deyil, "müəllimlik- ürəyin peşəsidir”.
 
-Əsl müəllim olmaq nə deməkdir?
 
-Əsl müəllim olmaq birinci növbədə sənətini sevmək deməkdir. Bu peşəni seçən insan  özünün bütün həyatını uşaqlara bağlayır. Əsl müəllim şagirdləri sevməlidir və onlarla ünsiyyətdən zövq almalıdır. Müasir şagird çağdaş informasiya dünyasında yaşayır, istədiyi zaman istədiyi məlumatı əldə edə bilir. Ona görə də bu gün müəllim üçün öz fənnini və tədris metodikasını bilmək kifayət etmir. Müəllim şagirdlə dost olmalıdır, şagirdin iç dünyasını tanımalıdır. Şagirdi oxumağa məcbur etmək olmaz. Əsl müəllim elə metod və üsul seçməlidir ki, şagird özü oxumağa can atsın. Mən dərsdən sonra zəif mənimsəyən şagirdlərlə təkrar məşğul oluram. Bu zaman daha yaxşı nəticə əldə etmək olur.
 
-Şagirdlərinizlə söhbət zamanı anlamaq olur ki, sizi və riyaziyyat fənnini sevirlər. Bu nədən irəli gəlir?
 
-Gözəl sualdır. Mənim kifayət qədər şagirdlərim o var ki, riyaziyyat fənnini sevirlər. Bu gözəl bir hissdir. Müəllim bundan artıq nə istəyə bilərki? 
 
Hamımız bir kəndin sakinləriyik, mən müəllim olaraq əlimdən gələni edirəm ki, şagirdlər özlərinə bir peşə seçsinlər. Çox təəssüflə deyirəm ki, istəyib də ali məktəbə gedə bilməyən məzunlar var. Sinfə daxil olarkən birinci şagirdlərlə haləhval tuturam sonra dərsə başlayıram. Müəllim düzgün olmalıdır, düzlük birinci şərtdir. Şagirdlər də müəllimdən örnək götürməlidir. Dünyada qabiliyyətsiz şagird yoxdur. Sadəcə düzgün istiqamət seçə bilməyən şagird var. Bu da müəllimin peşəkarlığından irəli gəlir ki, şagirdə düzgün istiqamət versin. 
 
-36 illik təcrübəsi olan müəllim kimi həmkarlarınıza nə demək istəyərsiniz?
 
-Hörmətli həmkarlar peşənizin qədrini bilin. Şagirdlər hər şeyi başa düşür və anlayır. Onlara görə də şagirdlərə qarşı diqqətli olun. Ən əsası onlarla dost olun, onlara şəxsiyyət kimi yanaşın və bir-birindən fərqləndirməyin.
 
Nəcibə Vəliyeva(Ağstafa təhsil şöbəsi, ictimaiyyətlə əlaqələr üzrə məsul şəxs)




Aztest.info





Müzakirə



Keçidlər





Reklam yeri:

loading...

xtehsil