Xəbərlər
21 aprel 2017
2 525


Azərbaycanlı doktorant ABŞ Milli Elm Fondunun mükafatına layiq görülüb

Azərbaycanlı doktorant ABŞ Milli Elm Fondunun mükafatına layiq görülüb

 

Texas A&M Universitetinin tətbiqi iqtisadiyyat fakültəsində doktorantura təhsili alan Samir Hüseynov Amerikanın Milli Elm Fondu tərəfindən tədqiqat mükafatına layiq görülüb. 42,6 min dollar həcmində olan bu mükafat Samir Hüseynova qurduğu nəzəri-iqtisadi davranış modelini universitetin İnsan Davranışları Laboratoriyasında sınaqdan keçirmək və yeni elmi nailiyyətlər əldə etmək imkanı verəcək.
 
Milli Elm Fondu ABŞ federal hökuməti tərəfindən maliyyələşdirilir və hər il elmi inkişaf etdirəcək, əhalinin rifahını yüksəldəcək və sosial siyasət qərarlarını daha effektiv edəcək elmi araşdırmalara qrant şəklində mükafat verərək elm adamlarını dəstəkləyir. Fondun qrant mükafatları alimlər arasında olduqca nüfuza sahibdir və bir neçə mərhələdən ibarət olan bu mükafat referilərin rəyi və komissiyaların qərarları nəticəsində ən yüksək perspektivli elmi işlərə verilir. Samir Hüseynov Fondun "Qərarvermə, risk və idarəetmə” proqramı üzrə mükafatına layiq görülüb. O, son 5 ildə bu mükafata layiq görülən 10-cu, Texas ştatından isə ilk doktorantdır.
 
2007-ci ildə Amerikada qəbul olunan qanuna görə, bütün restoranlar menyularında təqdim olunan yeməklərin kalorisi ilə bağlı məlumat verməlidirlər. Bu qanunun əsas məqsədi insanları yüksək kalorili qidalardan çəkindirmək, əhalini az kalori istehlak etməyə sövq etmək və kökəlmənin qarşısını almaqdan ibarətdir. Amma qanunun tətbiqi gözlənilən nəticəni vermədi və əhalinin kalori istehlakında azalma müşahidə olunmadı. Samir Hüseynovun qurduğu nəzəri-davranış modelinə görə, yüksək kalorinin təqdim edildiyi mühitdə (restoranlarda və s.) insan beyni daha ləziz görünən, çox kalorili və sağlam olmayan qidaların pozitiv xüsusiyyətlərini önə çəkir, neqativ xüsusiyyətlərini isə görməzdən gəlir və bu yolla qeyri-sağlam qidalanmaya səbəb olur. S.Hüseynovun qurduğu model insanın emosiyalarını, beyin dalğalarını və göz hərəkətlərini də ölçməyi və bu yolla qida seçiminin neyro əsaslarını da araşdırmağı planlaşdırır.
 
Samir Hüseynov Bakıdakı 1 saylı fizika-riyaziyyat təmayüllü liseydə oxuyub, Prezident təqaüdçüsü olub, İqtisad Universitetinin xüsusi istedadlar qrupunda təhsilini bitirdikdən sonra Macarıstanda Mərkəzi Avropa Universitetində magistratura təhsili alıb. O, hazırda xaricdə təhsil üzrə 2007-2015-ci illər üzrə Dövlət Proqramı çərçivəsində Texas A&M Universitetində doktorantura təhsili alır.
Məqalə Göndər








Загрузка...