Xəbərlər
12 aprel 2017
3 503


"Hər halda hesab edək ki, bu Dövlət İmtahan Mərkəzi - sadəcə olaraq TQDK yox, publik hüquqi şəxs statusuna malik DİM-dir".

"Hər halda hesab edək ki, bu Dövlət İmtahan Mərkəzi - sadəcə olaraq TQDK yox, publik hüquqi şəxs statusuna malik DİM-dir".

 

Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev aprelin 11-də Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında Fərman imzalayıb. Fərmana əsasən Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi dövlət qeydiyyatına alındığı andan Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ləğv edilir. 
 
Məsələ ilə bağlı tanınmış təhsil eksperti Nadir İsrafilov münasibət bildirib. Ekspertin fikirlərini təqdim edirik: 
 
"Belə bir addımın atılacağı gözlənilən idi, sadəcə olaraq geci-tezi var idi. Neçə aylardan bəri idi ki, test ətrafında dolaşan mülahizələr sonradanTQDK-nın ləğv ediləcəyi barədə ehtimallara çevrilmişdi. Hətta Qurumun rəhbəri də belə bir dəyişikliyin baş verə biləcəyini və bunun ölkə başçısının səlahiyyətinə aid olduğunu rəsmi şəkildə bəyan etmişdi. Digər tərəfdən ölkədə idarəetmənin rasionallaşdırması və optimallaşdırılması istiqamətində aparılan işlər, ayrı-ayrı nazirliklərin, komitələrin, idarə və təşkilatların ləğv edilməsi və ya birləşdirilməsi təhsil sahəsindən də yan keçə bilməzdi. Bu baxımdan imzalanan fərmanı məhz bir çoxlarının düşündüyü kimi bilavasitə TQDK-nın və test sisteminin ləğvinə yönəlməsi kimi qəbul etmək deyil, təhsil müəssisələrinə qəbulun beynəlxalq təcrübəyə uyğunlaşdırılması kimi qiymətləndirmək daha doğru olardı. Çünki, burada söhbət təkcə TQDK-dan deyil, həm də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan gedir.
 
Yəqin bir çoxlarına məlumdur ki, inzibati dövlət quruculuğu çərçivəsində mülki hüququn konsepsiyalarından biri kimi təxminən iki əsr bundan qabaq Avropada daha konkret desək Fransada yaranan Publik hüquqi şəxs haqqında qanunlar bir səmərəli model olaraq XX əsrin əvvələrində keçmiş Sovetlər birliyinin bir sıra respublikalarlnda, xüsusilə Pribaltika ölkələrində da qəbul olunub və tətbiq edilib. Yəni, adi hüquqi şəxsdən fərqli olaraq, onun kifayət qədər imtiyazları var və onun bilavasitə təsisçisi dövlətdir. İnkişaf etmiş Avropa ölkələrinə nəzər yetirsək görərik ki, uşaq bağçalarından başlamış məktəb və universitetlər, dövlətə məxsus tibb klinikalarından tutmuş böyük korporasiyalar publik hüquqi şəxslərdir.
 
Fərmanda da qeyd edildiyi kimi Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxs Azərbaycanda dövlət qulluğu üçün kadrların müsabiqə əsasında seçilməsini, ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsini, orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura səviyyələrinə, Azərbaycan Milli Elmlər Akademiyasında magistratura səviyyəsinə mərkəzləşdirilmiş qəbul imtahanlarının keçirilməsini təşkil etmək məqsədilə yaradılır. Bu baxımdan idarəetmənin təkmilləşdirilməsi, dövlət qurumlarının saxlanılması xərclərinin azaldılması, idarəetmədə mobilliyin, effektivliyin təmin olunması və paralelçiliyin aradan qaldırlması baxınmından adı çəkilən fərmanı müsbət dəyərləndirmək olar. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin 7 nəfər üzvdən ibarət olması və daha geniş səlahiyyətlərə malik olan Direktorlar Şurası tərəfindən idarə olunması da müsbət haldır.
 
Digər tərəfdən Fərman əslində mövcud iki dövlət qurumunun bazasında yeni bir qurumun yaradılması anlamına gəlir. İndiyyədək bir neçə sahəyə qəbulla bağlı imtahan keçirən, lakin adında tələbə sözü olan TQDK-nın adı öz mahiyyətinə uyğunlaşdırılmamışdı. Bu da öz növbəsində müəyyən anlaşılmazlıqlarla bağlı rəylərin formalaşması və fikirlərin irəli sürülməsinə səbəb olmuşdu. Hər halda yeni formalaşan quruma kimin rəhbərlik edəcəyi, yeni idarəetmə orqanı olan direktorlar şurasının üzvlərinin kimlər olacağı, Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin nizamnaməsində qeyd ediləcək məsələlər tam müəyyənləşəcəyi halda nəsə daha konkret bir söz demək olar. Yəqin ki, yeni qurum qəbul edəcəyi qərarları Təhsil Nazirliyi ilə də razılaşdırmamış olmaz. Hər halda buna ümid edək.
 
Təkcə yeni qurumun adı mənə nədənsə bir az uğurlu görünmür. Rus dilindən tərcümədə bu "юридическое лицо публичного права”, yəni "publik hüququn qanuni şəxsi” kimi səslənir.
 
Rus dilində olan "юридическое” və "права” ifadələrinin hər ikisi dilimizdə hüquq anlamına gəldiyindən, yəqin, hüquq sözü iki dəfə təkrarlanmaması nəzərə alınaraq yeni dövlət qurumu "publik hüquqi şəxs” kimi adlandırılıb. Hər halda hesab edək ki, bu Dövlət İmtahan Mərkəzi - sadəcə olaraq TQDK yox, publik hüquqi şəxs statusuna malik DİM-dir". 
 
moderator.az
Məqalə Göndər








Загрузка...