Xəbərlər
30 mart 2017
6 521


"Ali təhsil, müəyyən pedaqoji staj və ya esse yaza bilmək hələ direktor olmaq demək deyil"

"Ali təhsil, müəyyən pedaqoji staj və ya esse yaza bilmək hələ direktor olmaq demək deyil"

 

Məktəb direktorlarının işə qəbulu ilə bağlı elektron ərizələrin qeydiyyatı davam edir. Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu günə qədər 600 vakant yerə 1700 nəfər elektron ərizə ilə müraciət edib. Ərizələrin qəbulu martın 31-dək davam edəcək. Ərizəsi təsdiq olunmuş namizədlər üçün növbəti mərhələ aprel ayında baş tutacaq.
 
Direktor olmaq istəyən şəxslərdən əmək və təhsil qanunvericiliyi, məktəb idarəçiliyi, maliyyə və statistika sahəsində test tapşırıqlarını cavablandırmaqla yanaşı, həm də əvvəlcədən təqdim olunmuş mövzu üzrə esse yazmaq tələb olunur. Yeni qaydalara görə direktor vəzifəsinin tutulması üzrə müsabiqədə pedaqoji və idarəetmə sahəsi üzrə ali təhsili olan, azı 5 il pedaqoji staja malik olan hər bir şəxs iştirak edə bilər. Hazırda direktor vəzifəsi üzrə 600 vakant yer var. Bununla bağlı bəzı mülahizələrimi bölüşmək istərdim.
 
Hər şeydən əvvəl onu deyim ki, təhsilin hər hansı bir sahəsi və ya pilləsi üzrə müvafiq qaydaların, təlimatların olması təhsilin normativ-hüquqi bazasının yaradılması baxımından vacibdir. Məlum olduğu kimi, bir vaxtlar "Təhsil haqqında” Qanunun qəbul edilməsinin yubadılması ilə əlaqədar uzun müddət bu sahədə müəyyən boşluqlar yaranmışdı ki, bu da təhsilimizin ümumi durumuna təsirsiz ötüşmədi. Bununla belə qaydalarda lazım oldu-olmadı dəyişikliklər aparılması təhsilin dayaqlarını sarsıdır. Təhsil ictimaiyyəti xatırlamamış olmaz ki, 2000-ci ilədək məktəb direktoru nomenklatur vəzifələr siyahısına daxil idi və təyinolunma proseduru da sabit tərzdə və səssiz-küysüz ötüşürdü. Təsəvvür edin, son 15 ildə nomenklatur dəyişikliyi ilə əlaqədar nə az-nə çox, 15-dən artıq rəsmi sənəd qəbul edilib. Deməyim odur ki, sabitlik və dayanıqlılıq nümunəsi kimi gəlin heç olmasa, ABŞ Konstitusiyasını xatırlayaq. Bu mənada dəyərli ziyalımız, professor Şahlar Əsgərovun təbirincə desək, hər sonraki dəyişiklik sübut edir ki, əvvəlki qərarlar səhv imiş.
 
İkincisi, təhsilin ətrafında inamsızlıq mühiti yaranır. Hələ müəllimlərin işə qəbulu, yerdəyişməsi ilə bağlı və bir çox digər qaydaların neçə dəfə dəyişdirilməsini demirəm.
 
Gəldiyim nəticə ondan ibarətdir ki, əgər sənədvermə prosesində olduğu kimi, təyinat zamanı da yerli idarəetmə orqanlarının təqdimatı nəzərə alınmayacaqsa, bu dəyişiklik Nazirlik üçün məqbul sayılsa belə, "təhsil sahəsinin hüquqi tənzimlənməsi”, "idarəetmənin demokratikləşməsi”, ”təhsil sisteminin idarə olunmasında səlahiyyətlərin bölüşdürülməsi”, "funksiyaların yuxarıdan aşağıya paylanması”, "təhsil sisteminin idarə olunmasının inhisarsızlaşdırılması” və digər bu kimi prinsiplərlə daban-dabana ziddiyyət təşkil edir və təhsilin demokratikləşməsindən daha çox avtoritar idarəetmə rejiminə keçidi şərtləndirmiş olur. Belə çıxır ki, pedaqoji və idarəetmə sahəsi üzrə ali təhsili olan, 5 il pedaqoji staja malik istənilən şəxs direktorluq iddiasına düşə bilər. Bu isə öz növbəsində yuxarıda qeyd etdiyimiz iki tələbə cavab verən və müsabiqə və test imtahanında hansısa bir neçə sualı cavablandıran istənilən təsadüfi adamın direktor olmaq şansına malik olması deməkdir. Halbuki, alı təhsil, müəyyən pedaqoji staj və ya esse yaza bilmək hələ direktor olmaq demək deyil.
 
Əlbəttə, Nazirliyin bu dəyişikliyini kimsə demokratik jest kimi qiymətləndirə bilər. Bununla belə hesab edirəm ki, birinə hüquq verib, digərinin hüququnu məhdudlaşdırmaq artıq demokratiya deyil. Təcrübə də göstərir ki, ifrat demokratiya nəticə etibarı ilə anarxiyaya gətirib çıxarır. Bir də ki, belə bir deyim var: keçmişə nəzər salmamaqla keçmişi bir daha təkrarlamış oluruq. Bazar iqtisadiyyatına keçidlə bağlı 90-cı illərdə ixtisasdəyişmə və yenidən hazırlanma kurslarını kütləviləşdirdik. Yüzlərlə kimya, biologiya, coğrafiya müəllimləri "xod gedən” ibtidai sinif müəllimi kurslarında "yenidən hazırlanaraq” ibtidai sinif müəllimlərinə çevrildilər. Bunun nəticəsi olaraq 15 ildən artıq vaxt keçməsinə baxmayaraq, bu gün də kimya, biologiya, coğrafiya və digər fənlər üzrə müəllim defisiti ilə baş-başa qalmışıq. Və ya onlarla universitetlərin müəllim hazırlığı ilə "məşğul” olması, mövcud tələbatdan iki dəfədən artıq pedaqoji kadr "istehsalına” gətirib çıxardı. Həmin müəllimlərin böyük əksəriyyəti hazırda körpülərin altında iş növbəsinə durublar. Ən yaxşı halda isə toylarda tamadalıq və ya yas mərasimlərində mollalıq edirlər.
 
Mən həmişə planlaşdırmanın, müəyyən məhdudiyyətlərin, yəni limitin tərəfdarı olmuşam. Bu təkcə mənim istəyimlə əlaqədar olan məsələ deyil. Təhsilə dair normativ sənədlərin tələblərindən irəli gələn məsələdir. İdarəetmənin rəhbərlik və nəzarət funksiyalarından başqa onun planlaşdırma, əlaqələndirmə, tənzimləmə kimi funksiyaları da təhsil qanunvericiliyində öz əksini tapıb. Əgər hansısa regionlarda 20-30 vakant yer varsa, paytaxt Bakıda bircə belə vakansiyanın olmaması, Sumqayıt və Gəncə kimi şəhərlərdə məhdud yerlərin göstərilməsi hansı anlama gələ bilər? Hələ gəlin baxaq 1700 nəfər elektron ərizə ilə müracıət edənlərin neçəsi şəhərlərin, neçəsi kənd rayonlarının təmsilçiləridir? Pulunu və səmərəli vaxtını kurslara, təlimlərə sərf edən müdavimlərin nə müddətə ehtiyatda qalacaqlarını təxmini planlaşdıran varmı?
 
Bir də ki, kim təminat verə bilər ki, ölçüyə gələ bilməyən meyarlar əsasında keçirilən müsabiqə və imtahanların nəticəsinə əsasən təyinat alanların içərisində, yenə də səviyyəsiz, səriştəsiz və təsadüfi direktorlar olmayacaq. Bir də ki, əgər hansısa məktəbə müəllim göndərərkən məktəb direktorunun, hansısa rayona, şəhərə məktəb direktoru təyin edərkən yerli regional təhsil şöbələrinin və idarələrinin rəyi öyrənilməyəcəksə, onların təqdimatı nəzərə alınmayacaqsa, təhsilin keyfiyyəti ilə bağlı yerli idarəetmə orqanları rəhbərlərindən nəsə tələb etməyə haqqımız çatırmı?
 
İdarəetmə təkcə bilik tələb etmir, bacarıq və vərdişlərdən qaynaqlanır. Bacarıq və vərdişlər isə praktiki fəaliyyətdə formalaşır. Hər kollektiv, hər bolgə öz liderini, kollektivdə, bölgədə daha yüksək nüfuz sahibini nazirlik "imtahançılarından” daha yaxşı tanıyır. Buna görə də, istər sənədvermə olsun, istərsə də təyinat, ilkin təklif yerlərdən gəlməli, direktorluğa təyinat təhsilin yerli idarəetmə orqanları ilə razılaşdırılmalı, onların rəyi və təqdimatı nəzərə alınmalıdır. Təkcə Bakı şəhərində onlarla məktəb direktoru var ki, Xəzər rayonunda yaşayıb, Qaradağ rayonundakı iş yerinə getmək üçün gündə 100 km-ə yaxın məsafə qət etməli olur. Belə şəraidə idarəetmədə hansı keyfiyyətdən danışmaq olar? Sovet dönəmində bu kimi halları nəzərə alıb məktəbin bir qanadında direktor üçün, digər qanadında direktor müavini və ailələri üçün ayrıca otaq nəzərdə tutulan xüsusi tipli məktəblər tikilərdi. İndi buna ehtiyac olmasa belə, hər halda məsafə baxımından ərazi faktoru da nəzərə alınmalıdır.
 
Digər mühüm bir məsələ. Müsabiqə zamanı tətbiq olunan müsahibə, test imtahanı, esse yazmaq kimi üsullar əsasən nəzəri biliklərin üzə çıxarılmasına xidmət edir. Halbuki, idarəetmə prosesində təcrübəyə əsaslanan səriştəlilik mühüm rol oynayır. Əbəs yerə deyil ki, "Strategiya”da da səriştəyə əsaslanan şəxsiyyətyönümlü təhsil məsələsi ön plana çəkilib. Bu mənada direktorluğa seçım zamanı əsasən ehtiyat kadrlardan ibarət səriştəli və nüfuzlu direktor müavinlərinə xüsusi üstünlük verilməlidir. Çünki onlar artıq məktəb mühiti və idarəetmənin incəliklərinə kifayət qədər yiyələniblər. Başqa sözlə, təyinat zamanı bu və bu kimi dıgər məqamlar da həlledici əhəmiyyət kəsb edən şərtlərdən sayılmalıdır.
Məqalə Göndər








Загрузка...