Xəbərlər
19 mart 2017
8 662


"Bu qədər saxta diplom niyə üzə çıxarılmayıb?" -Şahlar Əsgərov

"Bu qədər saxta diplom niyə üzə çıxarılmayıb?" -Şahlar Əsgərov

 

Aşkarlanan saxta diplomlara görə işəgötürənlərin də məsuliyyəti olmalıdır.
 
Aztehsil.com-un məlumatına görə, bunu Şərq.az-a 1000-dən çox müəllimin təhsil sənədinin saxta olmasına münasibət bildirərkən fizika-riyaziyyat elmləri doktoru, əməkdar elm xadimi, professor Şahlar Əsgərov deyib.
 
O diqqətə çatdırıb ki, bu saxta diplomların indiyə qədər niyə üzə çıxarılmadığını hüquq-mühafizə orqanlarından soruşmaq lazımdır:
 
"Mətbuat həmişə bu haqda yazır, aidiyyatı orqanlar niyə araşdırmır? İndiyə qədər gizli qalan bu qədər saxta diplom niyə üzə çıxarılmayıb? Hər dəfə yoxlamalar aparıldıqda yenidən problemlər, saxtakarlıq üzə çıxır. Yoxlamamış necə bilmək olar ki, saxta diplomlar var? Saxtakarlıq olduğu təqdirdə həmin şəxsin niyə işdə saxlandığını işə götürəndən soruşmaq lazımdır. Bu, elə bir sualdır ki, heç kim cavabını bilmir. Yoxladılar, məsələn, ötən il 500, bu il də artıq 1000 saxta diplomlu müəllim aşkarlandı, daha da araşdırılarsa, bu rəqəm artacaq. Belə çıxır ki, kifayət qədər dolaşıq dövr yaşamışıq. Belə ifadə etsək, "xəstə” diplomlarla sağlam işə adam götürmüşük”.
 
Qeyd edək ki, 2015-ci ilin sentyabrında respublikanın müxtəlif şəhər və rayonlarında müəllim vəzifəsində çalışan, təhsil sənədi dövlət nümunəli olmayan 600-ə yaxın müəllim aşkarlanıb.
 
2016-cı ilin sonunda isə respublikanın 26 şəhər və rayonunda çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsi aparılarkən müəllimlərin təhsil sənədləri yoxlanılıb və 500-ə yaxın müəllimin təhsil sənədinin dövlət nümunəli olmadığı aşkarlanıb.
Məqalə Göndər








Загрузка...