Xəbərlər
07 mart 2017
3 428


İmtahan qiymətlərindən aydın olur ki, əsas hədəf daha çox qazanc götürməkdir

İmtahan qiymətlərindən aydın olur ki, əsas hədəf daha çox qazanc götürməkdir

 

"Məqsəd təhsili əlçatan etməkdirsə, onda təhsilə yiyələnmək istəyənlərin maddi imkanlarını nəzərə almalıyıq”
 
Nadir İsrafilov: "Orta aylıq əmək haqqı 100 manatdan bir az artıq olan ölkədə, imtahan vermək üçün qiymətlərin 10-100 AZN arasında müəyyən olunması adekvat deyil”
 
Tarif (qiymət) Şurası Dövlət İmtahan Mərkəzinin müraciəti və təkliflərini nəzərə alaraq Azərbaycanda qəbul imtahanlarında iştiraka görə ödənişləri müəyyənləşdirib. Qiymət imtahanın növündən asılı olaraq 10-100 manat arasında dəyişir.
 
Təhsil eksperti Nadir İsrafilov ödənişlərin məbləğini məqbul saymır: "Beynəlxalq təhsilə inteqrasiya edirik. Bu baxımdan Azərbaycanda adambaşına düşən ali təhsillilərin sayı dünyanın inkişaf edən ölkələri ilə müqayisədə azdır. Azərbaycanda adambaşına düşən ali təhsillilər 15-16 faiz təşkil edir. Ali təhsilə marağı stimmullaşdırmaq məqsədi ilə müəyyən addımlar atılır. Bu addımlar sırasında   məzunlara iki dəfə imtahan vermək şansının yaradılması,  ali məktəblərin nəzdində hazırlıq kurslarının təşkil olunması təqdirəlayiq hal kimi qəbul edilir.  Bütün bunlar müsbət hal kimi dəyərləndirilə bilər. Lakin digər tərəfdən qəbul imtahanlarında iştiraka görə ödənişlərin bu həddə müəyyən olunması təhsilə marağın azalması ilə nəticələnə bilər”.
 
Nadir İsrafilovun sözlərinə görə, Dövlət İmtahan Mərkəzinin (DİM) özü-özünü maliyyələşdirməsi məsələsi gündəmdədir:  "Bir neçə gün öncə DİM, bir abituriyentin imtahanda iştirakının quruma 20-25 manata başa gəldiyini açıqladı. İndi isə bu rəqəm 10-100 manat arasında müəyyən edilib. Görünən odur ki, məqsəd ali təhsilin heç də hamı üçün əlçatan olmasını təmin etmək deyil. Əsas hədəf daha çox qazanc götürməkdir. Təhsili əlçatan etmək istəyiriksə, təhsil almaq istəyənlərin maddi imkanlarını da nəzərə almalıyıq. Orta aylıq əmək haqqı 100 manatdan bir az artıq olan ölkədə, imtahan vermək üçün qiymətlərin 10-100 AZN arasında müəyyən olunması adekvat deyil. Ona görə də, hesab edirəm ki, bu məsələ insanlar tərəfindən birmənalı qarşılanmayacaq”.
 
Təhsil eksperti bildirib ki, tələbələrin vəziyyəti onsuz da ağırdır: "Ali məktəblərdə ödənişlər yüksək olduğu üçün, bizim gənclər xaricdə təhsilə üstünlük verirlər. Bu həm beyin axınının, həm də maliyyə kapitalının xaricə  yönəlməsi deməkdir. Bundan əlavə imtahan verənə qədər və bu proses zamanı bir sıra prosedurlar var ki, əksəriyyəti pullu xidmətlər vasitəsi ilə həyata keçirilir.  Tələbə olduqdan sonra təhsil haqqı,  kirayə mənzil tutmaq üçün ödənilən məbləğ və digər zəruri xərclər meydana çıxır. Bu isə öz növbəsində  maddi imkanı aşağı olan gənclərin təhsilə marağını azaldır. Tələbə üçün vacib olan təhsil mühitinin yaradılmasıdır. Hesab edirəm ki,  qəbul imtahanlarında iştiraka görə ödənişlərin qiyməti heç olmasa 50 faiz aşağı salınmalıdır. Əks halda bu qərar təhsilə marağı nəzərə çarpacaq dərəcədə azala bilər”.
Məqalə Göndər








Загрузка...