Xəbərlər
17 fevral 2017
2 939


Tədris vasitələrinə reklam qadağası

Tədris vasitələrinə reklam qadağası

 

Ekspertlər hesab edirlər ki, bu addım məktəblilərin tədrisdən yayınmasının qarşısını alacaq
 
Məlum olduğu kimi, prezident İlham Əliyev "Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanunu imzalayıb. Sənədə əsasən dərslikdə, dərs vəsaitində, tədris materialında, məktəb gündəliyində, dəftərdə, albomda, yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş kitabda reklam yerləşdirilə bilməz.
 
Bundan əlavə, yetkinlik yaşına çatmayanlara mənəvi və fiziki baxımdan zərərli təsir göstərə bilən reklam məktəbəqədər və ümumi təhsil müəssisələrinin ərazilərindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məsafədən yaxın yerləşdirilə bilməz. İdman mərc oyunlarının, lotereyaların açıq məkanda reklamı uşaq və təhsil müəssisələrindən azı 100 metr kənarda olan reklam daşıyıcılarında yerləşdirilir. 
 
Dövlət başçısı həmçinin "Nəşriyyat işi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu imzalayıb. 
 
Sənədə əsasən, mülkiyyət formasından asılı olmayaraq reklam yayıcısı nəşriyyat məhsullarındakı reklam yerinin ən azı səkkiz faizini sosial reklam üçün ayırmağa borcludur.
 
Reklam xarakteri daşımayan dövri mətbu nəşrlərdə yerləşdirilən reklam müvafiq olaraq "reklam” və ya "reklam hüququ ilə” qeydləri edilməklə verilməlidir. Bu cür nəşrlərdə yerləşdirilən reklam dövri mətbu nəşrin ümumi həcminin 30 faizindən çox olmamalıdır (dövri mətbu nəşrin üz və arxa qabığında, qəzetlərin birinci səhifəsində verilən reklam istisna olmaqla).
 
Yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş mətbu nəşrlərdə alkoqollu içkilərin, yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş dövri mətbu nəşrlərdə, həmçinin onlara aid olmayan əmtəələrin reklamı yerləşdirilə bilməz.
 
Dərslikdə, dərs vəsaitində, tədris materialında, məktəb gündəliyində, dəftərdə, albomda, yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş kitabda reklam yerləşdirilə bilməz.
 
Dövri mətbu nəşrin üz və arxa qabığında, internet informasiya ehtiyatlarının ön səhifəsində tündlüyü 5 faizdən yuxarı olan alkoqollu içkilərin reklamı yerləşdirilə bilməz.
 
Dövri mətbu nəşrlərdə yayımlanan elanlarda (anonslarda) əmtəə nişanının, reklamvericinin, sponsorun adının və loqosunun yerləşdirilməsi reklam hesab olunur.
 
Audiovizual məhsulların qabının üzərində "reklamla”, yaxud "reklamsız” qeydləri olmalıdır.
 
"Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, əmtəənin bazarda satılması məqsədi daşımayan və sosial reklam olmayan redaksiya-nəşr materiallarına həmin Qanunun tələbləri şamil olunmur.
 
Yeri gəlmişkən, Azərbaycanda dərsliklərdə, dərs vəsaitlərində, tərdis materiallarında, məktəb gündəliyində, dəftərdə, yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş kitablarda reklam yerləşdirilməsinin qadağan olunması məsələsi ötən ilin dekabrında parlamentdə müzakirəyə çıxarılıb. Belə ki, Milli Məclisin Elm və təhsil komitəsi bununla bağlı "Təhsil haqqında” qanuna əlavə və dəyişikliklərin edilməsi təklifini irəli sürüb. Həmin layihəyə görə, Azərbaycanda dərsliklərdə, dərs vəsaitlərində, tərdis materiallarında, məktəb gündəliyində, dəftərdə, yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş kitablarda reklam yerləşdirilməsi qadağan olunub. Qanunun 11.4-cü maddəsi "dərsliklərdə, dərs vəsaitlərində, tədris materiallarında, məktəb gündəliyində, dəftərdə, yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş kitablarda reklam yerləşdirilə bilməz” formasında yeni redaksiyada verilib.
 
Qanunun 11.5-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlara mənəvi və fiziki baxımdan zərərli təsir göstərə bilən reklam məktəbəqədər və ümumi təhsil müəssisələrinin ərazilərindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məsafədən yaxın yerləşdirilə bilməz. İdman mərc oyunlarının, lotereyaların açıq məkanda reklamı uşaq və təhsil müəssisələrindən azı 100 metr kənarda olan reklam daşıyıcılarında yerləşdirilməsi nəzərdə tutulub . Layihə parlamentdə səsə qoyularaq qəbul edilib.
 
Mövzu ilə bağlı fikirlərini bizimlə bölüşən təhsil üzrə ekspert Kamran Əsədov ölkə başçısı tərəfindən "Təhsil haqqında” qanuna əlavə olunmuş yeni müddəaları yüksək qiymətləndirdiyini deyib: "Əlbəttə ki, tədris materiallarında şagirdin yaş həddinə uyğun olmayan, bundan başqa onun psixoloji cəhətdən asılı olmasına şərait yaradan reklam çarxının istifadə məqbul hesab olunmur. Ölkə başçısı tərəfindən "Təhsil haqqında” qanuna əlavə olunmuş yeni müddəaları müsbət hesab edirəm. Təsəvvür edin ki, bir neçə il əvvəl orta məktəb şagirdləri üçün buraxılmış məktəb gündəliyində sms çatlar, gecə saatlarında sosial şəbəkələrdə vaxt keçirmək, əyləncə mərkəzinə yönəldilmə kimi təhsilə uyğun olmayan reklamlar var idi. Bu kimi hallar şagirdin təhsildən yayınmasına, onun dövlət üçün şəxsiyyət kimi yetişməsinə ciddi şəkildə maneə olurdu. 
 
Azərbaycan Respublikası Prezidentinin "Təhsil haqqında” qanuna etdiyi növbəti əlavə orta məktəb binaları yaxınlığında mərc oyunlarının fəaliyyəti haqqında idi ki, bu addımı mütərəqqi, vaxtında verilmiş qərar hesab edirəm.Təəssüf ki, bu gün böyük sayda məktəblilər kitabxanalara getmək əvəzinə, mərc oyunları olan yerlərlə gedirlər. Yəni, bu kimi materiallar məktəbliləri başqa istiqamətə yönəldir”.
 
Ekspert öz açıqlamasında tədris vasitələrində reklam yerləşdirilməsi təcrübəsinin beynəlxalq praktikada olub-olmamasına toxunaraq deyib ki, bu kimi hallara xarici ölkələrdə rast gəlinmir: "Beynəlxalq təcrübədə istər ali məktəblərin, istərsə də orta məktəb binalarında, dərsliklərdə reklam materialları qadağan edilib. Hətta təhsil müəssisələrində satılan və istifadə olunan məhsulların da reklamı qadağan olunub”.
 
Məsələyə münasibət bildirən Azərbaycan Reklamçılar İttifaqının sədri Hacıəmi Atakişiyev isə deyib ki, bu məsələ 2015-ci ildə qəbul olunan "Reklam haqqında" yeni qanunda da öz əksini tapmışdı: "Həmin sənəd yalnız Azərbaycan daxilində nəşr edilən dərs vəsaitlərində reklamların qadağan olunmasını nəzərdə tutmur. Bu qadağa həm də ölkəyə xaricdən gətirilən dərs vəsaitlərinə aiddir. Biz o zaman da bu dəyişikliyi dəstəkləmişdik. Çünki bu cür reklam xarakterli mətnlər şagirdlərin fikrini yayındırır və onları dərsdən uzaqlaşdırır. Belə görünür ki, "Reklam haqqında” qanunda nəzərdə tutulan dəyişikliklərə əməl olunmadığından "Təhsil haqqında” qanunda dəyişikliklər edilməsi zərurəti yaranıb. Yəqin ki, bundan sonra tədris materiallarında belə hallara yol verilməyəcək”.
 
Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən təhsil üzrə ekspert Nadir İsrafilov da "Təhsil haqqında” qanuna edilən dəyişiklikləri yüksək qiymətləndirir. Onun sözlərinə görə, bu addımın atılması tədris vasitələrinin çapında rast gəlinən nöqsanların nisbətən aradan qaldırılmasına imkan yaradacaq: "Bu məsələ dəfələrlə müxtəlif səviyyələrdə müzakirəyə çıxarılmışdı. Həm cəmiyyət, həm də təhsil ictimaiyyəti tədris vasitələrində reklam mətinlərinin yerləşdirilməsinin əleyhinə idilər. Çünki bu nə pedoqogikaya, nə də tədrisin mühitinə uyğun gəlirdi. Düzdür, sovet dövründə tədris vəsaitlərinin xüsusilə arxa divarında əlavə meteriallar yerləşdirilirdi. Amma bu sırf tədrisə, məktəblilərin şəxsiyyət kimi formalaşmasına xidmət edirdi. Məsələn, dəftərlərin arxa divarında ya vurma cədvəli, ya hikmətli sözlər, ya da əxlaqi dəyərləri aşılayan mətnlər verilirdi. Amma 2013-cü ildə tədris vasitələrinin çapı Təhsil Nazirliyindən alınaraq müstəqil nəşriyyatlara verildikdən sonra vəziyyət tamamilə dəyişdi və biz tədris vasitələrində kommersiya xarakterli reklamlara rast gəlməyə başladıq. Son illər isə bu istiqamətdə vəziyyət daha da acınacaqlı hal almışdı. Yəni, bu məsələyə ən yüksək səviyyədə münasibət bildirməyin zamanı çatmışdı. Ona görə də yeni dəyişikliyi yüksək qiymətləndirirəm”.
 
hafta.az
Məqalə Göndər








Загрузка...