Xəbərlər
08 fevral 2017
2 268


Azərbaycanda bütün təhsil pillələri üzrə kreditlərin verilməsi mümkün olacaq

Azərbaycanda bütün təhsil pillələri üzrə kreditlərin verilməsi mümkün olacaq

 

"Hazırda Azərbaycanda ali təhsilin bakalavr pilləsi üzrə tələbələrə kreditlər verilir. Gələcəkdə digər təhsil dərəcələrinə görə kreditlərin verilməsi mümkün olacaq”.
 
Aztehsil.com apa-ya istinadən xəbər verir ki, bunu "Maarifçi” Tələbə Kredit Fondunun icraçı direktoru Rüfət Mahmud deyib. O bildirib ki, strateji planlara görə hansısa ixtisaslar üzrə də prioritetlər qoyula bilər: "Bu gün kreditlərin qaytarılması mexanizmi sabit qrafiklə hesablanır. Lakin bir çox ölkələrdə gəlirə bağlı olan qrafiklər, mexanizmlər mövcuddur. Bu gün bizim üçün bunu tətbiq etmək bəlkə də bir qədər tezdir. Biz bunu bir çox dövlət qurumları ilə birgə işləyib hazırlamalıyıq. Amma gələcəkdə bu mexanizmin olmasını istisna etmirik”.
 
İcraçı direktor əlavə edib ki, hazırda ailə başçısını, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olan, sağlamlıq imkanları məhdud tələbələrə güzəştli şərtlərlə kredit verilir. Kreditlərin faiz dərəcəsinin 8 faizdən 6 faizədək dəyişdiyini deyən R. Mahmud onun qaytarılma müddətinin 5 ildən 10 ilədək olduğunu vurğulayıb: "Tələbəyə maksimum 7 min manat kredit verilir. Bu, sosial bir layihədir və burada tələbələrdən hər hansı zamin və ya girov tələb olunmur. Gələcəkdə tələbələrin yalnız təhsil haqqının ödənilməsi nəzərdə tutulmur. Biz bu işləri genişləndirməyi nəzərdə tuturuq. Bu, yataqxana xərcləri də ola bilər. Çünki biz rayonlardan gələn tələbələrlə ünsiyyətdə olarkən görürük ki, onların təhsil haqqından əlavə, yaşama yerləri ilə bağlı da çox problemləri olur. Bu məsələyə baxılacaq. Daha da irəlidə hansısa tədqiqat, araşdırma işlərində də kömək göstərilə bilər".






Загрузка...