“Direktor bizi əxlaqsız söyüşlərlə təhqir edib” - Daha bir məktəbdə qalmaqal


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

“Direktor bizi əxlaqsız söyüşlərlə təhqir edib” - Daha bir məktəbdə qalmaqal

 

Aztehsil.com xəbər verir ki, daha bir məktəbdə şagird direktor münasibətlərində pozuntu aşkarlanıb. Şəmkir rayonundakı Seyfəli kənd tam orta məktəbində direktor və laborant arasındakı pornoqrafiya qalmaqalı səngiməmiş daha bir xəbər Cəlilabaddakı Göytəpə şəhər 1 saylı tam orta məktəbindən gəldi. Məktəbin müəlliməsi Etiraf Vəliyeva "Azadlıq” radiosuna müraciət edərək məktəbin isidilməsi üçün odun çatmadığını, şagirdlərdən odun və digər bəhanələrlə pul yığıldığını, bu təhsil müəssisəsində antisanitariyanın hökm sürdüyünü bildirərək direktor əvəzi Natavan Şıxovanı ittiham etdi.
Virtualaz.org saytı ittihamlarla bağlı sözügedən məktəbin direktor əvəzi Natavan Şıxova ilə əlaqə saxlamışdı. N.Şıxova məktəbin təmirsiz olduğunu etiraf etsə də, odun üçün şagirdlərdən pul yığılmadığını demişdi. Direktor əvəzi məktəbin problemlərini ictimailəşdirən müəlliməni də qınamışdı. Bu günlərdə isə müəllimə Etiraf Vəliyeva azadliq.info vasitəsilə təhsil naziri Mikayıl Cabbarova açıq məktubla müraciət edərək baş verənlərlə bağlı nazirdən yardım istəyib. 
 
Müəllimə yazır ki, məktəbin problemləri işıqlandırıldıqdan sonra direktor əvəzi onu əxlaqsız söyüşlərlə təhqir edib. "Valideynlərdən pul yığaraq odun- yanacaq alınması bir yana, odunu şagirdə doğradıb heç bir təhlükəsizlik qaydalarına riayət edilmədən elə şagirdlərin özlərinə sobanı yandırtdırırlar. Anti-sanitariya baş alıb gedir. Məktəbin ərazisinə qonşuluqda olan evlərdən kanalizasiya suları və zibillər tökülür. Şagirdlər üçün ayaqyolu yoxdur. Toz-torpaq içərisində olan siniflər, şagirdlər pul verməsələr, təmizlənmir”, -müəllimə yazır.
 

 

Şikayətlər bununla yekunlaşmır. Müəllimə direktoru maaş kartlarını mənimsəməkdə ittiham edir. Onun sözlərinə görə, direktor maaş kartlarının Cəlilabad Rayon Təhsil Şöbəsinin müdiri Elminaz Nadirovaya verdiyini deyir. Bir-iki sinif istisna olmaqla bütün siniflərdəki partalar, stol-stullar sınıqdır və bu üzdən siniflərdə şagirdlər üç-üç otururlar. Son iki aydır məktəbdəki siniflərin çoxunda istilik yoxdur.

 

Hətta məktəbdə şagirdlər arasında bıçaqlanma olduğu, direktorun bu hadisəni gizlətdiyi də iddialar sırasındadır.

Cəlilabad Rayon Təhsil Şöbəsindən məsələ ilə bağlı açıqlama vermək istəməyiblər.

 

“Direktor bizi əxlaqsız söyüşlərlə təhqir edib” - Daha bir məktəbdə qalmaqal

 

Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov isə deyib ki, rayon Təhsil Şöbəsi 1 nömrəli Göytəpə qəsəbə tam orta məktəbinin istilik təminatı ilə bağlı araşdırma aparılıb və hazırda ümumtəhsil məktəbində tədris normal, ahənginə uyğun davam etdirilir. "Ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi, istilik sistemi ilə təminatı diqqət mərkəzində saxlanılır və bununla bağlı davamlı tədbirlər görülür. Belə ki, bu tədris ilinin əvvəlindən 79 ümumtəhsil məktəbi qazlaşdırılıb, 130-dan artıq ümumtəhsil məktəbində qaz sayğacları dəyişdirilib, boru xətləri yenilənib, qaz detektorları quraşdırılıb. Bu işlər 2017-2018-ci tədris ilində daha geniş coğrafiyada davam etdiriləcək”, -C.Valehov əlavə edib.

O ki qaldı maaş kartlarının direktor əvəzi Natavan Şıxovada olması, şagirdlərdən odun üçün pul yığılması, N. Şıxovanın etiraz edən müəllimləri ağır sözlərlə təhqir etməsi və digər ittihamlar, mətbuat xidmətinin rəhbəri məsələnin araşdırılacağını deyib.

 

Onu da xatırladaq ki, son vaxtlar təhsil müəssisələrində bu cür qalmaqallı hadisələr baş verir. Nazirlik isə qalmaqala səbəb olanları işdən kənarlaşdırmaqla işini bitmiş sayır. Necə ki, Şəmkirin Seyfəli kəndində pornoqrafiya qalmaqalı yalnız direktoru işdən azad etməklə həll edildi. Laborant, Şəmkir Rayon Təhsil Şöbəsi isə cəzadan kənarda qaldılar...

 

aztehsil.com




Aztest.info







Reklam yeri:

loading...

xtehsil