Bütün günahları müəllimdə axtarmayın...Psixoloq rəyi


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş
 
 Bütün günahları müəllimdə axtarmayın...Psixoloq rəyi
 
 
 
 
 
 
Psixoloq Elnur Rüstəmov bu barədə  FaktXəbər-ə önəmli açıqlamalar verib... 
Bu günlərdə ölkə gündəmi müəllimindən hamilə qalan məktəbli qızla bağlı rüsvayçı hadisəyə görə sarsılıb. Artıq 25 yaşlı müəllim həbs olunub. Buna baxmayaraq, bir qızın taleyi də məhv olub. Bəs bu hadisədə, məşhur filmdə deyildiyi kimi, "kimdir müqəssir?” Belə rüsvayçılıqların yaşanmaması üçün valideynin, müəllimin və şagirdin üzərinə hansı öhdəliklər düşür? 
FaktXeber.com məsələ ilə əlaqədar Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, psixoloq Elnur Rüstəmovdan münasibət öyrənib.
Baş verənləri Azərbaycan cəmiyyəti və psixologiyası üçün tamamilə yad olan bir hadisə adlandıran dr.Rüstəmov məsələyə bir çox aspektdən yanaşılmalı olduğunu bildirdi: "İlk olaraq bizim üçün bir müəllim, pedaqoq düşüncəsi var. Hansı ki, həmişə hörməti ilə seçilib, cəmiyyətin öndə gedəni, insanları yetişdirən bir varlıq olub. Düşünürəm ki, bu hadisə müəllimlərin reputasiyasına mənfi təsir göstərdi. Bundan digər müəllimlər də birbaşa olmasa da, dolayı yolla əziyyət  çəkərlər.”
Psixoloq həmçinin bildirdi ki, dövrümüzün müəllim və şagirdləri əvvəlki illərin müəllim və şagirdlərindən fərqlənir: "Biz informasiya əsrində,  texnologiyanın inkişaf etdiyi cəmiyyətdə yaşayırıq. Burada istər yeniyetmələrin, istərsə də böyüklərin psixoloji problemləri, rahatsızlıqları çoxdur. Məsələyə təfsilatlı yanaşsaq, burda çox şeylər ortaya çıxa bilər. Ola bilər ki, müəllimin özü hansısa bir situasiyadan, yəni həmin dönəmlərdə hansısa bir psixoloji rahatsızlıq yaşamış olsun. Ola bilsin ki, şagird özü bilməyərəkdən manipulyasiyanın qurbanına çevrilsin. Yəni nədirsə, xoşagəlməz hadisə baş verəndə bəlli ki, tərəflərin özlərinin bir rahatsızlığı olub, psixoloji pozğunluq deməzdim, narahatçılıq olub, sonra da gətirib belə bir hala çıxardıb. Eləcə də şagirdlər. Misal üçun, elə yeniyetmələr var ki, onlar fərqli psixoloji xarakterə malikdirlər: açıq-saçıq da geyinmək istəyirlər, sevilmək də, diqqət də, qayğı da istəyirlər, müəllimi ideallaşdırırlar da.”
Müsahib orta məktəblərdə psixoloji işin yaxşı formada qurulacağı təqdirdə, istər şagirddə, istər müəllimdə yaşanan psixoloji rahatsızlığa zamanında müdaxilə etməyin və onlara dəstək olmağın mümkünlüyünü vurğuladı.
O, həmçinin qeyd etdi ki, belə hallar əslində Avropada, Amerikada rast gəlinən bir haldır, Azərbaycan cəmiyyəti üçün yaddır: "Bu istiqamətdə mətbuatda o qədər informasiyalar getdi ki, Amerikada belə oldu, Rusiyada belə oldu, filan yerdə belə oldu… Bir gün gördük bizdə də baş verdi. Burada bir az diqqətli olmaq lazımdır.”
Dr. Rüstəmov prosesin həlli istiqamətində insanlarımızın həmrəyliyinin vacib olduğunu dedi: "Birinci, o müəllimə güvən qaytarılmalıdır. İkincisi, orta məktəbdə psixoloji işi gücləndirmək lazımdır. Üçüncüsü, valideyn övlad münasibətini sağlam tutmaq lazımdır. Əgər o münasibət sağlam olsaydı, zamanında valideyn problemdən xəbərdar olardı. Məsələ bir az dolaşıq, bir az fərqlidir. Bu adam hamilə qalıb, indiyə qədər tədbir görülməyib. Sual olunur, valideyn hara baxırdı? Bunu zamanında müdaxilə edib, məsələni bitirmək olardı. Burada məsuliyyətsizlik də böyük rol oynayır. Ona görə, bu məqam da diqqətə alınmalıdır. Və valideynlər diqqətli olmalı, bu cür hallara qarşı mövqe ortaya qoymalıdırlar. Eləcə də müəllimlərlə bağlı. Müəllim də insandır, onun da rahatsızlığı, psixoloji sorunları ola bilər.O da zamanında o dəstəyi almalı, özü özünə kömək etməli, alınmırsa, kimdənsə kömək istəməlidir.”
Elnur Rüstəmov sözlərini yekunlaşdırarkən bu məsələlərdə mətbuatın daha çox maariflənmə istiqamətində diqqətdə qalmalı olduğunu vurğuladı: "Bu, Azərbaycan cəmiyyəti üçün zərbədir. Allah qorusun, o müəllimin yerində başqa bir adam da ola bilərdi…”
faktxeber.com



Aztest.info





Reklam yeri:

loading...

xtehsil