SUAL - Müəllim həftədə neçə saat dərs deyə bilər?


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

SUAL - Müəllim həftədə neçə saat dərs deyə bilər?

 


Ölkəmizin ümumtəhsil müəssisələrində işləyən müəllimlərin dərs yükü hökumətin təsdiq etdiyi müvafiq normativ-hüquqi sənədlərlə tənzimlənir. Həmin sənədlərə əsasən müəllimin dərs yükünün aşağı həddi - bir stavka 12 saat müəyyənləşib. Dərs yükünün yuxarı həddi isə ayrı-ayrı dövrlərdə müxtəlif olub. Məsələn, Nazirlər Kabinetinin 2010-cu il 24 noyabr tarixli "Təhsil müəssisələrinin dərs yükü normalarının müəyyən edilməsi haqqında" qərarına əsasən ümumtəhsil və peşə təhsili müəssisələrində çalışan tərbiyəçi-müəllimlərin həftəlik iş vaxtı 24 saat müəyyən edilmişdi. Lakin Nazirlər Kabinetinin 27 dekabr 2013-cü il tarixli qərarı ilə bütün tipdən olan ümumtəhsil məktəblərində həftəlik dərs yükünün maksimum həddi 24 saatdan 36 saata qaldırılıb. Yeri gəlmişkən qeyd edək ki, dünyanın əksər ölkələrində ümumtəhsil sistemində müəllimlərin həftəlik dərs yükünün yalnız minimum həddi (bir stavka) müəyyənləşdirilir. Maksimum həddə isə məhdudiyyət qoyulmur. Bütün bunlar məsələnin hüquqi tərəfidir. Məsələnin digər tərəfi isə müəllimin nəzərdə tutulan bu dərs yükünün öhdəsindən nə dərəcədə gəlməsi ilə bağlıdır.
Dərsin keyfiyyətinə müxtəlif amillər təsir edir: müəllimin fiziki imkanları, bilik və intellekt səviyyəsi, metodik hazırlığı, emosional və psixi vəziyyəti və s.
Bəs, görəsən bütün bu amilləri nəzərə alsaq müəllim həftədə neçə saat dərs deyə bilər? Sualımıza cavab tapmaq məqsədilə mütəxəssis və müəllimlərin fikirlərini öyrəndik.
 
* * *
 

 

 
Əjdər AĞAYEV,  
pedaqoji elmlər doktoru, professor, əməkdar müəllim
 
Hər bir fəaliyyət sahəsində olduğu kimi, təhsil sahəsində də görüləcək işin onu görən insanlar arasında düzgün və dəqiq bölünməsi mühüm əhəmiyyət daşıyır. Dərs bölgüsü anlayışı altında məktəbdə çalışan müəllimlərin tədris yükünün nə qədər olması nəzərdə tutulur. Bəllidir ki, hər bir məktəbdə müəllimin fəaliyyət dairəsi genişdir. O, məktəbin ictimai işlərində və digər təşkilati işlərdə çalışır, eləcə də dərnəklər, fakültativ məşğələlər aparır, hər hansı sinfə rəhbərlik edir və s. Amma bunların heç biri onun dərs yükünə daxil deyil. Dərs yükü dedikdə müəllimin sabit cədvəl əsasında konkret fənn üzrə proqrama əsaslanan, sabit şagird heyəti ilə apardığı məşğələlər nəzərdə tutulur. Yəni, dərs cədvəlində bir həftə ərzində müəyyənləşdirilmiş tədris fəaliyyəti gerçəkləşdirilir.
Təcrübədən bəllidir ki, hər bir müəllimin maksimum tədris yükünün nə qədər olması qanunvericiliklə tənzimlənir. Biz dərs yükünün 24 saat, 18 saat olduğu zamanların şahidi olmuşuq, lakin 1990-cı illərin əvvəllərindən müəllimlərin bir həftəlik dərs yükü 12 saat müəyyənləşdirilmişdir.
Hazırda dərs yükünün nə qədər olması ilə əlaqədar müzakirələr gedir və yaxud bir müəllim bir həftə ərzində neçə saat dərs deməklə əməkhaqqını yüksəldə bilər kimi fikirlər mətbuatda da öz əksini tapır.
Təcrübədən görünür ki, 12 saatlıq norma üzrə dərs deyən müəllim onu 24 saata qaldırmaqla əməkhaqqını 2 dəfə artıra bilər. Lakin bir oklad dərs yükündən artıq deyilən dərsin əməkhaqqının necə hesablanması rəhbər icra orqanının təlimatı göstərişindən asılı olur. Əlbəttə, bu da həlli dəqiqlik tələb edən məsələlərdən biridir. Mənim əsas fikrim isə müəllimin bir həftə ərzində neçə saat dərs deyə bilməsi ilə əlaqədardır. Fikrimcə, müəllim bir həftədə 18 saat normal dərs deyə bilər. Əgər saatların sayı artırılarsa, həmin artırılmış dərslərin səmərəliliyi standarta uyğun ola bilməz. Çünki müəllimin tədris fəaliyyəti onun təfəkkürü, elmi və metodik hazırlığı və bunlardan istifadə bacarığı ilə bağlıdır. Bütün bunlar isə hər gün 3 və ya 4 saat dərs deməklə öz effektini saxlayır. Əgər müəllimə 26, 30, 36 saat dərs yükü müəyyənləşdirilərsə, heç şübhəsiz, müəllim tezliklə yorular və dediyi dərslərin keyfiyyəti təminedici olmaz.
Hamıya bəllidir ki, müəllim dərsi keçməzdən əvvəl saatlarla ona hazırlıq aparır. O, ixtisas bilgisi ilə yanaşı metodik axtarışlarda olur. Əyanilik və İKT-dən istifadə üçün materiallar hazırlayır. Tədrisdə müxtəlif iş forma və metodlarından istifadəni layihələndirir. Yəni, hər bir müəllim deyəcəyi dərs üçün xeyli hazırlıq vaxtı sərf edir və yaxud tapşırıqların yoxlanması, yoxlama işlərinin dəyərləndirilməsi, əlavə tapşırıqların hazırlanması və bu kimi işlərin görülməsi müəllimdən vaxt və enerji tələb edir. Belə olan şəraitdə çox dərs deməyə çalışan müəllimlər həm onun hazırlıq mərhələsini, həm də tədris mərhələsini lazımi səviyyədə həyata keçirə bilmirlər. Bu mənim 50 illik təcrübəmdən gələn qənaətlərimdir. Fikrimcə, həftədə 12 saatlıq dərs yükü 1 oklad hesab edilməklə müəllimlərə oklad yarımlıq tədris fəaliyyəti imkanı vermək məqsədəuyğun olar.
Bəzi ekspertlər müəllimin tədris yükünün 30-36 saata qədər qaldırılmasını onun əməkhaqqının artırılması mövqeyindən gərəkli bilirlər. Təbii ki, müəllimə zəhmətinin dəyərinə görə əməkhaqqı vermək lazımdır. Lakin bu əməkhaqqı elə bir oklad üçün nəzərdə tutulmalıdır. Əməkhaqqı xatirinə müəllimi, necə deyərlər, robota çevirmək heç də məqsədəuyğun deyil.
Mən diqqəti bir cəhətə də yönəltmək istərdim. Bu da ondan ibarətdir ki, əslində müəllimlərin əməkhaqqı 1 həftədə dediyi dərsin miqdarına görə yox, bir ayda dediyi dərsin miqdarına görə ödənilsin. Hazırda müəllimlərin əməkhaqqı bir həftəlik dərs yükünə görə hesablanır və bu bir ay üçün nəzərdə tutulur. Yaxşı olar ki, bir həftəlik əməkhaqqı 4 həftəyə vurulsun və ayın sonunda cəmlənib verilsin.
Bir neçə kəlmə də hazırda ümumtəhsil məktəblərindəki dərs bölgüsü təcrübəsinə aid demək istərdim. Müşahidələrdən aydın olur ki, respublikanın bəzi məktəblərində direktor müavinləri və məktəb direktorları dərs bölgüsündən mənfəətlənmək məqsədi ilə vasitə kimi istifadə edirlər. Məsələn, eyni fəndən hansı müəlliməsə dərs saatını çox, hansı müəllimə isə az nəzərdə tutur və yaxud bəzi müəllimlərə ixtisası olmayan fənlərdən dərs yükü verir. Bu cür hallar məktəbdə sağlam psixoloji ahəngi pozur, haqlı narazılıqlar yaradır, həmçinin tədris səviyyəsinin aşağı düşməsinə səbəb olur. Pedaqoji tələb belədir ki, eyni ixtisas üzrə dərs deyən müəllimlərin tədris yükü bərabər bölünməlidir. Fənlər hər müəllimin ixtisasına uyğun olaraq paylaşdırılmalıdır.
 
* * *
 

 

 
Ənvər ABBASOV, 
TPİ-nin direktor müavini, dosent, əməkdar müəllim
 
Müəllimin dərs yükü həmişə müzakirə obyekti olub. Tələbatlara, əldə olunan təcrübələrə əsasən müxtəlif fikirlər söylənilib. Düşünmək olar ki, belə pedaqoji polemika gələcəkdə də davam edə bilər. Bu, məsələnin sosial-pedaqoji xarakterindən irəli gəlir. Təbii ki, bu məsələ barəsində müəyyən fikir söyləmək üçün pedaqoji tədqiqatlara söykənmək daha obyektiv münasibət bildirməyə imkan verər.
Təhsil tarixində ümumtəhsil məktəbi müəllimlərinin dərs yükünə münasibət ayrı-ayrı vaxtlarda müxtəlif cür olmuşdur. Bir vaxtlar 1 stavka üçün 24 saat, sonralar 18 saat müəyyənləşdirilmişdir. Bu gün isə minimum dərs yükü (1stavka) 12 saatdır. Göründüyü kimi, 1 stavka dərs yükünün illər keçdikcə azalması cəmiyyətin tədris-təlim prosesinə olan tələblərinin artmasından, müəllimin fəaliyyət dairəsinin genişlənməsindən, işinin tədricən ağırlaşmasından irəli gəlmişdir. Bu proses indi də davam etməkdədir. Müasir dünyanın inkişaf sürəti müəllimin qarşısına qoyulan tələbləri daha da artırır. Yeni təhsil konsepsiyası müasir müəllimdən bütün ənənəvi keyfiyyətlərlə yanaşı, standartların reallaşdırılmasında müstəqil və yaradıcı olmağı, müxtəlif təhsil şəraitinə uyğun strategiyalar hazırlamağı, müvafiq pedaqoji texnologiyalar müəyyənləşdirməyi, bir sözlə, özünə xas olan tədris sistemini yaratmağı tələb edir. Bunun üçün müəllim tədqiqatçılıq bacarığına malik olmalı, pedaqoji fəaliyyətini layihələşdirməyi, planlaşdırmağı və onu real müstəvidə həyata keçirməyi bacarmalıdır. O, işini sadəcə müəyyən bilik və bacarıqlar aşılamaqla yekunlaşdırmamalı, şagirdlərində tələb olunan səriştələrin (kompetensiyaların), qabiliyyətlərin formalaşması ilə tamamlamalı və bu nəticələrlə də hesabatlı olmalıdır. Qlobal dünyanın tələb etdiyi və gündən-günə miqyası artan bu pedaqoji missiyanın yerinə yetirilməsində müəllimlərin minimum dərs yükünü yetərli hesab etmək olar. Təcrübələr də onu göstərir ki, minimum dərs yükü müəllimin daha məhsuldar və keyfiyyətli tədris fəaliyyətinə təminat verir.
Müəllimin maksimum dərs yükünə gəldikdə isə, əksər ölkələrdə ona məhdudiyyət qoyulmur. Daha doğrusu, normallaşdırılmır. Məktəblərdə bu məsələyə müəssisənin ehtiyacları, müəllimlərin potensial imkanları baxımından yanaşılır.
Azərbaycanda isə müəllim və dərnək rəhbərlərinin dərs yükünün maksimum həddi 36 saat müəyyənləşdirilməklə normallaşdırılmışdır. Bu gün maksimum dərs yükünün 24 saatdan 36 saata qaldırılması müzakirələrə səbəb olmuşdur. Yeri gəlmişkən qeyd edək ki, müəyyən olunmuş 12 saat (1 stavka) dərsdən əlavə müəllimlərə verilmiş hər bir dərs saatı onların tədris yükünü artırır və təbii olaraq bu, keyfiyyətə mənfi təsir göstərir. Lakin maksimum dərs yükünün hər hansı həddə müəyyənləşdirilməsi təhsilin idarə olunması baxımından əhəmiyyətli hesab edilir.
* * *
 

 

 
Rafiq SÜLEYMANLI,  
Heydər Əliyev adına liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi, əməkdar müəllim
 
Həftədə 18 saat dərs yüküm var. Bunun məsuliyyətini dərk edirəm. Çünki dövrümüzdə müəllimdən daha çevik olmaq, təhsil alana lazım olan həyati bacarıqları çatdırmaq üçün daha çox çalışmaq tələb olunur. Müasir məktəbdə gündə bir saat dərs demək üçün, təxminən, bir saat da axtarış aparmalısan. Müəllimi maraqlandıran yeni sualları cavablandırmaq, arqumentləşdirmək lazımdır ki, bu da vaxt və enerji itkisinə səbəb olur. Bu baxımdan məzmunlu, müasir tələblərə cavab verən dərs demək üçün müəllimin optimal gücü gündə 2-3 saat işləməyə çatar. Fikrimizcə, müəllimin həftəlik dərs yükü 16-18 saat arasında olmalıdır. Çünki hər saatın arxasında gərgin zəhmət, axtarış durur. Yeni təhsil proqramını mənimsəmək, onu dərslərə tətbiq etmək, yeni dərslikləri öyrənmək müəllimdən vaxt tələb edir. Bu baxımdan müəllimin dərs yükünün az olması dərsin səmərəliliyinə təsir edən əsas amillərdən biridir.
 
* * *
 

 

 
Natalya KUZNETSOVA,  
Bakıdakı 17 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi
 
Məktəbimiz ikinövbəlidir. Hazırda həftədə 36 saat dərs yüküm var. Birinci növbədə I sinfə, ikinci növbədə isə IV sinfə dərs deyirəm. İkisi də çətin siniflərdi. Birinci sinif uşaqları ilk addımlarını atdığı kimi, dördüncü sinif də ibtidai təhsil pilləsini bitirərək yeni mərhələyə qədəm qoyur. Fiziki və psixoloji baxımdan çox yüklənirəm. Gün ərzində təxminən 7 saat dərs deyirəm. Düzdür, dərslərarası fasilə olur. Həmin vaxtlarda da dəftərlərin, testlərin yoxlanılması və digər işlərlə məşğul oluram. Lakin buna baxmayaraq, bu çətinliyin öhdəsindən gəlirəm. Axı həmin uşaqların bünövrəsi bizim tərəfimizdən qoyulur. Bu məsuliyyəti düşünərək var gücümlə çalışıram. Məktəbimizdə rus bölməsinə ibtidai sinif müəllimi çatışmazlığı var. Vakant yer üçün rəhbərliyə müraciət olunub. Lakin həmin yerə lazımi bal toplayan olmadığı üçün məcbur olub iki sinfə dərs deyirəm. Bildiyiniz kimi, yeni təlim metodları ilə dərs demək əlavə vaxta və müəyyən qədər müəllimin daha çox çalışmasına səbəb olur. Bu baxımdan, heç olmasa köməkçi olsa, bizim işimiz bir az yüngülləşər. Dəftərlərin yoxlanılması və sair işlərdə mənə yardım edər.
 
* * *
 
 
Südabə BƏHRƏMOVA,  
Bakıdakı 225 nömrəli tam orta məktəbin texnologiya, rəsm və rəsmxət müəllimi
 
Məktəbdə dərs yüküm çoxdur. Müəllim çatışmazlığından 36 saat dərs deyirəm. Elə gün olur ki, 8 saat dərs deyirəm. Bildiyiniz kimi, texnologiya fənnində dərslər bölünür və iki müəllim tərəfindən aparılır. Buna görə də dərs yükümüz artıqdır. Düzdür, şükür Allaha ki, sağlamlığım bu dərslərin öhdəsindən gəlməyə imkan verir. Ancaq yenə də etiraf edək ki, axırıncı dərslərdə yorğunluq özünü büruzə verir. Bildiyiniz kimi, yeni kurikulumlarla işləyirik və bu fənləri tədris edərkən müxtəlif vasitələrdən istifadə edirik. Dərslərin effektiv keçməsi üçün var gücümlə çalışıram. Problemimiz əsasən rus bölməsində rəsm və rəsmxətt müəlliminin olmaması ilə bağlıdır. 
 
* * *
 
 

 

Sevda RƏŞİDOVA,  
Bakı Avropa Liseyinin riyaziyyat müəllimi, əməkdar müəllim
 
Müəllimin dərs yükünün çox olmasının bir çox çətinlikləri mövcuddur. Hazırda mənim 26 saat dərs yüküm var. Həftənin 4 günü 5 saat, bir günü isə 6 saat dərsim olur. 6 saat dərsim olan günü daha çox yorğun oluram. 5 saat dərsim olan günü arada bir saat fasiləm olur ki, bu mənə çox müsbət təsir edir. Gənc yaşlarımda iki məktəbdə işləyirdim və dərs yüküm bundan da çox idi. Lakin yenə də müəyyən qədər çətin idi. Çünki biz müəllimlərin işi zehni işdir və fasilə verməyəndə dərslər effektiv olmur. Bundan başqa, gün ərzində ilk 4 saat aparılan dərslə, son iki saat arasındakı dərslərdə də müəyyən qədər fərq olur. Belə ki, 5-6-cı saatlarda aparılan dərslər 1, 2, 3, 4-cü saatlardakı kimi maksimum dərəcədə effektiv olmur. Dərs gününün sonlarına doğru müəyyən qədər həm müəllim, həm də şagird yorğun olur. Bütün bu kimi məsələləri nəzərə alaraq müəllimlərin dərs yükünün çox olmasını düzgün hesab etmirəm. Bildiyimə görə 36, hətta ondan da çox dərs yükləri olan müəllimlər var. Ola bilər ki, cavan, enerjili müəllimlər bunun öhdəsindən gəlsin. Lakin yenə də müəllimin dərs yükü nə qədər az olarsa, dərslər bir o qədər səmərəli və faydalı olar. Unutmayaq ki, müəllim həm də gündəlik dərslərə hazırlaşmaq üçün də müxtəlif vaxt və enerji sərf edir. Bu zaman dərslər nə qədər çox olarsa müəllim daha çox enerji sərf etmək məcburiyyətindədir. Bu baxımdan dərs yükünün gündəlik 4, maksimum 5 saat olmasını daha qənaətbəxş hesab edirəm.
 
 
"Azərbaycan müəllimi" qəzeti   http://edu.gov.az/az/page/390/9562







Həmçinin oxuyun:

PEDAQOJI   ŞURA  VƏ  DİREKTORYANI   MÜŞAVİRƏ  VASİTƏSİLƏ   TƏLİM-TƏRBİYƏ İŞLƏRİNƏ   RƏHBƏRLİK

PEDAQOJI ŞURA VƏ DİREKTORYANI MÜŞAVİRƏ VASİTƏSİLƏ TƏLİM-TƏRBİYƏ İŞLƏRİNƏ RƏHBƏRLİK

Təlim tərbiyə üzrə dr/müavini, Direktor, MÜƏLLİM
IDARƏETMƏYƏ AİD  5  TEST

IDARƏETMƏYƏ AİD 5 TEST

test
Müəllimlər oxuyun ! - FƏNN  METODBİRLƏŞMƏLƏRİ

Müəllimlər oxuyun ! - FƏNN METODBİRLƏŞMƏLƏRİ

Pedoqojitəcrübə, MÜƏLLİM
Məktəblərdə İŞ VAXTI və ondan istifadə edilməsinə aid 9 QAYDA

Məktəblərdə İŞ VAXTI və ondan istifadə edilməsinə aid 9 QAYDA

Direktor
TƏDRİS İLİNİN müddəti ilə bağlı 1140 №-li ƏMR

TƏDRİS İLİNİN müddəti ilə bağlı 1140 №-li ƏMR

H/N sənədlər
Müəllimlərin İŞƏ Qəbulu və  Yerdəyişmə Qaydaları ƏMR № 165

Müəllimlərin İŞƏ Qəbulu və Yerdəyişmə Qaydaları ƏMR № 165

H/N sənədlər
İşçi qanunla hər gün neçə saat işləməlidir?

İşçi qanunla hər gün neçə saat işləməlidir?

Sual
Açıq dərsi necə təşkil etmək lazımdır?

Açıq dərsi necə təşkil etmək lazımdır?

Qabaqcıl təcrübə
“Təmayüllü siniflərdə hansı yeniliklər vacibdir”

“Təmayüllü siniflərdə hansı yeniliklər vacibdir”

Qabaqcıl təcrübə
Təmayül siniflər həftəlik 30 saat dərs keçəcəklər ?

Təmayül siniflər həftəlik 30 saat dərs keçəcəklər ?

Xəbərlər
2016-2017-ci ilin TƏDRİS PLANIna  dair qeydlər

2016-2017-ci ilin TƏDRİS PLANIna dair qeydlər

H/N sənədlər
Pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu  QAYDALARI

Pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

H/N sənədlər
Təhsil Naziri Fərdi Təhsil ilə bağlı əmr verdi

Təhsil Naziri Fərdi Təhsil ilə bağlı əmr verdi

Xəbərlər, H/N sənədlər
İş vaxtı ,onun müddəti,istirahət vaxtı

İş vaxtı ,onun müddəti,istirahət vaxtı

H/N sənədlər
Kişi və qadın  müəllimlərinin  psixoloji  xüsusiyyətləri

Kişi və qadın müəllimlərinin psixoloji xüsusiyyətləri

Psixoloq
Həqiqi müəllim adını daşıyan insan həmişə......

Həqiqi müəllim adını daşıyan insan həmişə......

MÜƏLLİM
Müsabiqə yolu ilə işə qəbul zamanı əmək müqaviləsinin bağlanması.

Müsabiqə yolu ilə işə qəbul zamanı əmək müqaviləsinin bağlanması.

H/N sənədlər
Müəllim mütaliə etmədiyi gün ölür- Siz mütaliə edirsinizmi ?

Müəllim mütaliə etmədiyi gün ölür- Siz mütaliə edirsinizmi ?

MÜƏLLİM
Müəssisələrdə müəllimlərə tələbatın müəyyənləşdirilməsi

Müəssisələrdə müəllimlərə tələbatın müəyyənləşdirilməsi

H/N sənədlər
Ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

Ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

H/N sənədlər
Məktəbdə metodiki işə rəhbərlik və nəzarət

Məktəbdə metodiki işə rəhbərlik və nəzarət

Qabaqcıl təcrübə
Kişi və qadın  müəllimlərinin  psixoloji  xüsusiyyətləri

Kişi və qadın müəllimlərinin psixoloji xüsusiyyətləri

Psixoloq, MÜƏLLİM
Sinif rəhbəri və müəllim əməkdaşlığı

Sinif rəhbəri və müəllim əməkdaşlığı

Sinif rəhbəri
İş vaxtının anlayışı və növləri

İş vaxtının anlayışı və növləri

H/N sənədlər