Müəllim
26 may 2016
63 699


Müəllim olan yerdə nə lazım günəş, Onsuzda günəşdir, özü müəllimin....

Hər gün xatırlananlardansınız. Əlifbanın "ə”sini, "a”-sını "be”sini sizdən öyrəndik biz. 
Mənim üçün bir müqəddəs kəlmədən başqa öyrəndiyimə məndən daha çox sevinən, öyrənə bilmədiyimə daha çox üzüləndiniz.

Müəllim olan yerdə nə lazım günəş,
Onsuzda günəşdir, özü müəllimin.
Müəllim olan yerdə nə lazım atəş
Bir oddur, alovdur, sözü müəllimin.

Qəlbi bir dəryadır, arzusu ümman
Onda var məğrurluq, onda var inam
Bir şagird məktəbə gəlməyən zaman
Dikilər yollara gözü müəllimin.

Bax əlimə əzbərləmək üçün verdiyiniz o şeir hələ də o zaman tərtəmiz kağız kimi olan yaddaşımdan silinməyib. Sualının cavabından gülümsəyən gözləriniz də, tapmadığım cavablara bir az hirsli, bir az təəssüflü baxışlarınız da yadımdadır. Əlinizin arxası ilə qızdırmamı yolxadığınız, yerimi dəyişdirib sobaya daha yaxın yerdəki partaya oturtduğunuz... Bu mənimlə oxuyan 32 şagirdin də yadında olmalıdır. (Həyatda olanlarının(((-T.V.) Bəli 32. Sizin sinfinizdə şagirdin sayı partadakı yerlərin sayından çox idi. O biri siniflərdə 3-5 şagird daha az olsa da. Hamı məhz Sizin sinfinizə düşmək üçün ya illəri tezləşdirər, ya gecikdirərdi. Bəlkə yeganə sinif idi ki, şagirdləri bir-birindən yaşca fərqlənərdi. Bir yaş böyuk, bir yaş kiçik və məktəb yaşı uyğun olanlar onun sinifindəydi. Niyəsi hər 3 ildən bir yenidən sinif toplaması. Və şagirdlərinə təhsil verməkdən başqa, onları həyata "əsl insan” kimi yetişdirməyi...
Bünövrəsini o qoyduğu sinif, şagirdlər başqa olurdu. Yuxarı siniflərdə başqa müəllimlər səni bir cavabından "onun sinfindənsiniz”-deyə tanıyardılar. Hətta ibtidai sinifdə onun şagirdi olmaq qınaq da gətirərdi. Bizi valideynimizlə deyil, ona şikayət etməklə təhdid edərdilər. Çünki onun yetişdirdiyi "əsl növ”dən sayılırdı.
Mən yaşda ən kiçiyi idim. Elə ən cılızı da. Bilmirəm mənə qayğınız bu üzdənmiydi? Mənə qəddarlığınız nədən idi, o zaman? Bəli, qəddarlıq. Ən uzun şeiri mənə əzbərlədər, ən çətin tələffüz olunan sözü mənə oxudardınız. Bu balaca çiynimi bir də Siz yüklərdiniz. 
Yenə Sizi sevərdim. Çünki xəstə-xəstə israrla dərsə gəldiyimi görüb çiçəklərdən dəmlənmiş, moruqlu, limonlu çay gətirib içirdəcəkdiniz, bilirdim. Həkimi sinfə çağıracaqdınız, onu da bilirdim. Bilmək üçün o qədər çox şeylər öyrətmişdiniz ki... (Mən sözün düz yazılığını sizin qırmızı qələmlə dəftərimizin kənarına etdiyiniz qeydlərdən öyrənmişdim. O qeydlərdə dərslikdə yazılanlardan daha çox şey vardı-T.V.).
Bu mənə ayrıcalıq deyildi. Mən ilk ilməmi hörməyi ondan öyrəndim, sapa ilk düyün vurmağı, əlimə ilk iynə batmasını...Sadaladıqca bitməyən nələri, nələri. Bəlkə çözulməsi çətin olan düyünlərin açılmasına, tikanlar sancanda ağrısına tab gətirmək sizin öyrətdiyiniz vərdişlərdən qalandır.
Müəllimlərinizdən hansı vərdişlər qalıb Sizə? Bu sualı mənə versələr "insan kimi yaşamaq vərdişi"- deyərdim. İnsan-ac olduğunu gizlədən, ağrı içində qovrulanda dözən, ismətdən qızaran, riyadan utanan, uğurdan qürrələnməyən...şöhrətə əsir, pafosa kəm-kəsir kimi baxandır. "Müəllim" deyəndə onun qəlibini insanlığa belə tərif verən, belə insan yetişdirənlərdən tökmək gərək. Qəlbi qəlibindən daha böyük olanlardan. 
Müəllimim! Bizə istədiyini deyil, verdiyini alanda gözündəki uşaq sevincini görüb, əlinin saçlarımızdakı tumarını da, lövhə qarşısında karıxmış, lal-dinməz qalanda partaya çırpılan nar cubuğunun qulağımızda ildırıma dönən səsini də hiss etdirən dahi insan! Bizə dahiləri anladanda mənə elə gəlib ki, o dahilərin müəllimi belə Siz olmusunuz. Uşaqcasına ifratamı vardım? Nə olar qınamayın məni? Bu gün ilk dəfə Sizin öyrətdiklərinizdən çıxış edib Sizə yazıram. 
"Niyə oxumursan, bala”- deyib, sosializmin bərabərlik dediyi dönəmdə, eyni məktəbli forması geysək də, üzümüzdəki fağir-varlı ifadəsində ayrılan bərabərsizlikdə bizimlə fərqsiz davranan müəllimim. Ədaləti, həqiqəti, qururu, isməti, qeyrəti, mərdliyi riyaziyyata, ədəbiyyata, tarixə, çoğrafiyaya, əmək təliminə və s. qatan neçə müəllim var? Şagirdinin hər birnin ayrı-ayrılıqda onu daha çox sevdiyini xəyal edən müəllim necə? Biz sanki onun bütov rəsminin mozaik parçalarıydıq. O zamanlar "pazl” deyilən parçalanmış fiqurlar yox idi. Amma O bizə kollektiv bütöv bir rəsmi qayçı ilə kəsib sonra o kəsilən parçaları birləşdirməklə tamlığı, birliyi öyrətmişdi.
Onunla bağlı bu günə- bir günə, bir dəfəyə sığmayan çox şeylər var xatirimdə. Mənim ilk sinif müəllimim. Nurəddin Ələkbərov. O həyatda olanda müəllimlər günü varmıydı, bilmirəm. Amma mənim üçün o hər zaman, hər gün mənə öyrətdiyi vərdişləri ilə yanımdadır. 
Əməkdar müəllim deyildi, niyə olmadı? Baxmayaq ki, oğlu-Azərbaycan komsomolunun birinci katibi Sahib Ələkbərovu yetişdirmişdi. Neçə-neçə yetirmələri var. Amma hər zaman Nurəddin müəllim kimi xatırlanır. Onun şagirdlərinin uşaqlarına belə "sənin atan Nurəddin müəllimin sinfindəmi oxumuşdu?” sualı verilir.
"Bar verən ağac başını gövdəsinə əyər”. Baş əymək- qədirbilənlikdir, baş əymək ucalıqlara çatdırana minnətdarlıqdır. Hər zirvənin başlandığı ilk pillə var. Yüksəkliyə gedən yol oradan başlanır. 
İlk sinif müəllimim, ruhunuz qarşısında baş əyirəm. Nə qədər ki, qəlbimdən söz qələmimə yansıyacaq, o zamana qədər məndə yaşayacaqsınız. 
Tünzalə Vəliqızı, Moskva
05.10.2014
Məqalə Göndər








Загрузка...