Müəllim / Hekayələr
26 may 2016
4 336


“Oxuyan oxusun, oxumayan özü bilər, mən vəzifəmi yerinə yetirdim” deməkdirmi müəllimlik ?

“Oxuyan oxusun, oxumayan özü bilər, mən vəzifəmi yerinə yetirdim” deməkdirmi müəllimlik ?Görkəmli alim Nəsrəddin Tusi "Əxlaqi- Nasiri”  əsərində müəllim peşəsinə verdiyi önəmi belə ifadə edirdi: "Varlıqları ən aşağı dərəcədən, kainatın ən şərəfli mərtəbəsinə qaldıran sənətdən daha şərəflisi nə ola bilər?”, və ya ümummilli lider Heydər Əliyev müəllimlik sənəti haqqında, "Yer üzündə müəllimdən yüksək ad tanımıram” demişdi. Bu, dahi alimin və böyük öndərin düşüncələrindəki ideal müəllim obrazı idi. 
Bəs müasir baxış çərçivəsindən baxsaq, müəllimlik sənəti nəyi ifadə edir? Ancaq, günlük dərsə girib, "Oxuyan oxusun, oxumayan özü bilər, mən vəzifəmi yerinə yetirdim” deməkdirmi müəllimlik, yoxsa, dərsə hazırlıqsız gələn şagirdi danladığı üçün bütün günü düşüncəli olmaq və əlinə düşən hər fürsətdə məsləhət verərək qırılan könlü ala bilməkmi? Biz gənclərin düşüncəsindəki müəllim obrazı utopik ideyaların məhsulu ola bilər ehtimalı  ilə, realist düşüncələrə sahib olan mütəxəssislərdən ideal müəllim obrazı ilə bağlı suallarla müraciət etdik.
"Peşəkar müəllimin bədən dili”
Əslində, bu mövzuya xitab etməyimə səbəb bu günlərdə Qafqaz Universitetinin psixoloqu Hüseyn Xəlilov türkiyəli alim Mahmut Açılın, bütün müəllimlərə yol göstərə biləcək, "Peşəkar müəllimin bədən dili” tərcümə kitabını  oxucuların ixtiyarına verməsi oldu. Kitab şagirdlərin dərs zamanı psixoloji hallarını, müəllimin necə davranma qaydalarını və s. öyrədir. Müəllimin dərs daxilində nələrə diqqət etməli olduğu haqqında müəllif  bir neçə məsləhət verir: "Müəllim dərsin izahını verərkən sıralarda gəzinməli, şagirdlərlə təmasda olmalıdır. Ara-sıra "Başa sala bildimmi?” deyə onlara müraciət etməlidir ki, diqqəti yayınan şagirdlər dərsə yenidən adaptasiya olsunlar. Eyni zamanda müəllim dərsin izahını verəndə səs tonu qalxıb enən tempdə olmalıdır ki, diqqətləri özünə cəlb edə bilsin”. Bəzən müəllim dərs izah edərkən şagirdlər sıxılır, zəngin vurulmasını səbirsizliklə gözləyir və gözlərini saatdan çəkmirlər. Kitabın yazarı  müəllimləri bu mövzularda həm də psixoloq olmağa çağırır. Belə ki, şagirdlər dərsdən sıxıldıqlarını öz jest, mimika və davranışları ilə bəlli edirlər: "Bir də baxırsan ki, dərsin sonlarına doğru şagirdlər qələm, barmaq və ya ayaqları ilə səslər çıxarmağa başlayırlar. Bu zaman müəllim, həmin şagirdi təkrar dərsə cəlb etməyin vaxtı gəldiyini bilməlidir. Əks hala müəllim danışacaq, o isə xəyal qurmağa davam edəcək”.
"Şagird diqqətli bir müşahidəçidir”
Müvəffəqiyyətli olmağın yollarından biri də, geyim tərzi ilə sinifdə yaxşı bir görnüşə sahib olmaqdır. H.Xəlilov tərcümə kitabında maraqlı məsələyə toxunur: "Şagirdlər o qədər incə müşahidə aparırlar ki, hətta müəllim yoldaşlardan birinin kostyumunun düyməsinin üzərindəki naxışın rəngini, qalstukun rəngi ilə eyni olduğunu şagirdi ona demişdi. O vaxta qədər bu həmin müəllimin belə diqqətini çəkməmişdi”. Psixoloq qeyd edir ki, müəllim paltar alanda diqqət etməlidir və elə paltar almalıdır ki, şagirdlərin diqqətini yayındırmasın. Bu eyni zamanda saç düzümü üçün də keçərlidir.
"Şagird müəllimdən qorxmalıdır! Amma hansı mənada?...”“Oxuyan oxusun, oxumayan özü bilər, mən vəzifəmi yerinə yetirdim” deməkdirmi müəllimlik ?
Məsələni psixoloji aspektdən əlavə elmi yöndən də ələ almağa çalışaraq, Beynəlxalq Təhsil Mərkəzinin müşaviri Nazim Əkbərovla da qısa söhbət etdik. Şagirdlərin ailədən ayrıldıqdan sonra ilk addım atdıqları yer məktəb, ilk ünsiyyət qurduqları şəxs isə müəllimlərin olduğunu deyən müsahibim, müəllimlik vəzifəsini bir cümlə ilə belə ifadə edərdim dedi: "Şagird müəllimin həyatda hazırladığı ən gözəl əsəridir”. Onun nəzərində ideal müəllim obrazının necə olmalıdır sualına açıqlaması düşündürücü oldu: "İdeal müəllim şagirdini, onun ailəsini, vətənini sevməlidir. Müəllim özünü elə tanıtmalıdır ki, şagird ondan qorxsun. Amma necə qorxsun? Şagird müəllimi incitməkdən qorxmalıdır. Yoxsa, dərslərinə hazırlıqlı getmədiyi üçün qorxmamalıdır. Əgər müəllimi incitməkdən, onun gözündən düşməkdən qorxursa, demək ki, müəllim onun üçün dəyərlidir. Bu da müəllimin peşəkarlığından irəli gəlir. Fikir versək görərik ki, ən zəif oxuyan şagird belə çox sevdiyi müəllimin dərslərinə daha hazırlıqlı olur”. Dərslərin maraqlı keçməsinin böyük faizinin müəllimlərdən asılı olduğunu deyən Nazim müəllim sadəcə maraqlı olmağın kifayət etmədiyini bildirdi: "Ola bilər ki, dərs çox maraqlı keçə bilər.Ancaq məhsuldar olmadıqdan sonra maraqlı olması da bir məna ifadə etmir. Müəllim şagirdlərin yorğunluğunu hiss etdiyi zaman, qısa vaxt ayırıb onlarla maraqlı əhvalatlar, lətifələr danışa, yaxud da, onlara maraqlı ola biləcək işlərə vaxt ayırmaları müəllimlik keyfiyyələrinin yüksək olmasından irəli gəlir”.
"Müəllimlik sənəti gənc nəsilə tanıdılmır”“Oxuyan oxusun, oxumayan özü bilər, mən vəzifəmi yerinə yetirdim” deməkdirmi müəllimlik ?
Abituriyentlər arasında müəllimlik ixtisasını yazanların azlıq təşkil etməsinin səbəbini N.Əkbərov müəllimlik sənətinin az tanıdılması ilə əlaqələndirdi: "Siz hansı jurnalın üzərində müəllimlərlə bağlı reklama rast gəlmisiniz? Yaxud da,  hansı televiziya kanalında müəllimlik sənəti ilə bağlı proqramlarla qarşılaşmısınız? Əlbəttə heç birində. Çünki, yoxdur. Müəllimlik sənətini gənc nəsilə sevdirən vasitə yenə də müəllimlərdir”. Müəllimlərin əmək haqqının aşağı olmasının keçdiyi dərsin keyfiyyətinə təsiri məsələsinə gəlincə müsahibim qəti şəkildə bildirdi ki, müəllim maaşa baxmamalıdır: "Müəllim hər dəfə maaş alanda özünə sual verməlidir ki, "Mən bu pulun haqqını verə bildimmi?”. Bunun üçün də əlindən gələnin ən yaxşısını etməyə çalışmalıdır və gözü maaşda olmamalıdır. Amma onu da deyim ki, əgər nəzərə alsaq ki, gəlcəyin təməlini müəllimlər qoyur, elə ən yüksək maaş da onlara verilməlidir ". Müsahibim müəllimliyin ən vacib xüsusiyyətinin fədakarlıq olduğunu bildirdi: "Mən müəllim tanıyıram ki, evindəki paltarları və qiymətli əşyalarını satıb, məktəbdə uşaqların ehtiyaclarını qarşılayırdı. Müəllim o qədər fədakar və işində səmimi idi ki, bu da təbii olaraq şagirdlərə sirayət edirdi. Müəllimlərimizdə əskik məsələnin müəllim- şagird və müəllim- valideyn münasibətlərinin olduğunu bildirən Nazim müəllim öz məsləhətini bildirdi: "Hesab edirəm ki, müəllim dərs dediyi şagirdlərin ailələrinə baş çəkməli, onların ailələri ilə yaxından tanış olmalıdır. Bu həm də şagirdin məsuliyyətini artırmış olar. Çünki, şagird düşünür ki, əgər dərslərimə ciddi yanaşmasam, müəllim ailəm ilə görüşəndə məndən narazı olduğunu onların yanında dilə gətirə bilər. Əks halda uşaq dərsləri haqqında asanlıqla ailəsinə yalan məlumat verə və məsuliyyətdən uzaqlaşa bilər”.
"Müəllimlərdən gözlədiyimiz ideallıq yox, peşəkarlıqdır”“Oxuyan oxusun, oxumayan özü bilər, mən vəzifəmi yerinə yetirdim” deməkdirmi müəllimlik ?
Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev peşəkar müəllimin obrazını canlandırdı. Onun sözlərinə görə ideal müəllim yox, peşəkar müəllim olmaq lazımdır: "Bəzən filankəs ideal insandır, ideal müəllimdir və s. ifadələr işlədirik. Əslində ideal yox peşəkar olmaq kifayətdir. Çünki, ideallıq ancaq Yaradana məxsusdur. İnsan isə öz fəaliyyət sahəsində ancaq peşəkar olmalıdır. Peşəkarlıq dedikdə nəzərdə tutduğum məsələ, mövzunu şagirdlərə ən mükəmməl səviyyədə izah edib dərsdən getmək deyil, bununla birlikdə onların problemləri ilə, sevincləri, uğurları ilə canı dildən maraqlanmaqdır”. Ə.Ağayev müəllimlik sənətini yüksək qiymətləndirərək bildirdi ki, müəllim şagirdin gözündə hər şeyi bilən bir varlıqdır: "Ona görə də düşünürəm ki, müəllim dərsə girməmişdən qabaq mövzunu vərəqləyib deyil, o mövzuya uşaqlar necə hazırlaşırsa, o şəkildə hazırlaşmalıdır. Bu, həm onun sənətinə, həm də şagirdlərinə olan sevginin və sayqının ifadəsi olar”.
"Bacarığı olan bu sənətdə qalacaq, olmayan gedəcək”
Dekabrın 14- də keçirilən Azərbaycan müəllimlərinin XIV qurultayından bəhs edən Ə.Ağayev müəllimlərin keyfiyyət göstəricilərindən danışdı: "Əvvəla hesab edirəm ki, müəllim öz sahəsini bilərsə, ixtisasına sahiblənərsə, öz nüfuzunu qoruyub saxlaya bilər. İkincisi də onun sosial həyatıdır ki, bu da dövlət büdcəsi hesabına təmin olunacaq. Ən səmərəli iş təşkil edən və məhsulu meydanda olan müəllimlərə əmək haqqı yüksək olacaq. Yox əgər bu göstəricilər aşağıdırsa, onun maaşı da aşağı olacaq. Bacarığı olan bu işdə qalacaq, olmayan gedəcək. Bu da bir daha onu sübut edəcək ki, hər maaş alan müəllim deyil”.
 Həvva Cəlılova  qu.edu.az
Məqalə Göndər








Загрузка...