banner kodunu buraya yazınız




Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

     Təhsil müəssisələrinin akkreditasiyası   Qaydaları

 


Azərbaycan Respublikasının Nazirlər Kabineti «Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları»nın təsdiq edilməsi haqqında
Qərar № 167  Bakı şəhəri, 28 sentyabr 2010-cu il

«Təhsil haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli, 156 nömrəli Fərmanının 2.2-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. «Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları» təsdiq edilsin (əlavə olunur).

2. «Ali və orta ixtisas təhsili müəssisələrinin attestasiyası və akkreditasiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 15 aprel tarixli, 49 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 4, maddə 298; 2006-cı il, № 9, maddə 827) qüvvədən düşmüş hesab edilsin.

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziriçA. RASİ-ZADƏ
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 sentyabr 2010-cu il, № 9 (159), maddə 833) («VneshExpertService» LLC).
________________________________________

Azərbaycan Respublikası  Nazirlər Kabinetinin  2010-cu il 28 sentyabr tarixli, 167 nömrəli qərarı ilə  təsdiq edilmişdir
                            Təhsil müəssisələrinin akkreditasiyası    Qaydaları

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar «Təhsil haqqında» Azərbaycan Respublikasının Qanununa, digər qanunvericilik aktlarına uyğun hazırlanmışdır və tabeliyindən, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının ərazisində bütün təhsil pillələri üzrə fəaliyyət göstərən təhsil müəssisələrinin (o cümlədən digər ölkələrin Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrinin, filial və nümayəndəliklərinin) akkreditasiyası məsələlərini tənzimləyir.

1.2. Təhsil müəssisəsinin akkreditasiyası təhsil prosesinin təşkilinin, müəssisənin maddi-texniki bazasının, təhsil proqramlarının, kadr potensialının, maliyyə resurslarının və təhsil infrastrukturunun qəbul olunmış dövlət təhsil standartlarına və digər normativ hüquqi aktların tələblərinə uyğunluğunun müəyyən edilməsi məqsədi ilə aparılır və təhsil müəssisəsinin statusunun müəyyən edilməsi, onun fəaliyyətinin növbəti 5 il müddətinə (əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər tərəfindən təsis edilmiş təhsil müəssisələrinə 3 il müddətinə) uzadılması üçün hüquqi təminat yaradır.

1.3. Təhsil müəssisəsinin akkreditasiyası Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir.

1.4. Akkreditasiyanın keçirilməsinə qoyulan tələblər və meyarlar Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müəyyənləşdirilir.

1.5. Təhsil müəssisələrinin akkreditasiyası aşağıdakı mərhələlərdən ibarətdir:
  •  akkreditasiyanın keçirilməsinə hazırlıq;

  •  təhsil müəssisəsinin özünütəhlili;

  •  Akkreditasiya Komissiyasının təhlil aparması;

  •  akkreditasiya haqqında yekun arayışın hazırlanması;

  •  təhsil müəssisəsinin statusunun müəyyən edilməsi və müvafiq keyfiyyət sənədinin — sertifikatın verilməsi. 
2. Akkreditasiyanın keçirilməsinə hazırlıq

2.1. Təhsil müəssisəsinin akkreditasiyası hər 5 ildə (əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər tərəfindən təsis edilmiş təhsil müəssisələrinin akkreditasiyası 3 ildə) bir dəfə həyata keçirilir. Bu proses tədris ili üzrə hazırlanmış və aprel ayından gec olmayaraq, Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş qrafik üzrə həyata keçirilir.

2.2. Yeni yaradılmış, həmçinin fəaliyyətdə olan təhsil müəssisəsində yeni təhsil proqramlarının akkreditasiyası ilk buraxılış olduqdan sonra həyata keçirilir.

2.3. Akkreditasiyanın vaxtı barədə məlumat təhsil müəssisəsinə rəsmi qaydada onun keçirilməsinə ən azı 6 ay qalmış bildirilir.`

2.4. Təhsil müəssisəsi akkreditasiyanın başlanmasına ən azı bir ay qalmış Azərbaycan Respublikasının Təhsil Nazirliyinə aşağıdakı sənədləri təqdim edir:
  •  təhsil müəssisəsinin nizamnaməsi və təhsil fəaliyyəti üçün verilmiş sənədin (lisenziyanın) surət bütövlükdə təhsil müəssisəsi və onun filialları üzrə özünütəhlil haqqında hesabat;

  •  akkreditasiya olunan proqramlar üzrə tədris planına daxil olan fənlərin proqramlarının siyahısı və bu proqramlara uyğun hazırlanmış suallar;

  •  akkreditasiya olunan proqramlar üzrə təhsilalanların sayı və kadr potensialı haqqında məlumat, təhsilalanların qəbulu, köçürülməsi, bərpası və xaric olunması haqqında əmrlərin surəti;

  •  tədris planında nəzərdə tutulmuş bütün növ təcrübələr üzrə proqramlar, təcrübənin keçirildiyi müəssisələrlə bağlanmış müqavilələrin surəti və təcrübənin nəticəsi barədə hesabat;

  •  proqramlar üzrə bütün imtahanların nəticələri haqqında məlumat.

2.5. Təhsil müəssisəsinin özünütəhlil barədə hesabatı Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim olunduqdan sonra Nazirliyin müvafiq əmri ilə Akkreditasiya Komissiyası yaradılır. Komissiyanın sədri həmin əmrlə onun üzvləri arasından təyin edilir. Sədr Komissiyanın işini əlaqələndirir, onun iclaslarını çağırır, bütün zəruri sənədlərin Komissiya üzvlərinə çatdırılmasını, akkreditasiyanın nəticəsi haqqında yekun arayışın hazırlanmasını və iclas protokollarının tərtibini təmin edir.

2.6. Hər bir akkreditasiya olunan təhsil müəssisəsi üzrə yaradılan Akkreditasiya Komissiyasının tərkibinə təhsil müəssisəsinin maddi-texniki bazası və təhsilin idarə edilməsi sahəsində təcrübəsi olan mütəxəssislər (akkreditasiya olunan təhsil müəssisəsində işləyənlər istisna olmaqla) daxil edilirlər.

2.7. Nazirlik təhsil müəssisəsinin müvafiq sənədlərini Akkreditasiya Komissiyasının sədrinə təqdim edir.

2.8. Akkreditasiya Komissiyası təhsil müəssisəsinin müvafiq fəaliyyətinə aid olan sənədləri (kadr təminatı, elmi tədqiqat fəaliyyəti, beynəlxalq əməkdaşlıq, maddi-texniki baza və sair haqqında) 1 ay müddətində təhlil edir və buraxılış qruplarında (siniflərində) təhsil alanların biliyinin attestasiyasını keçirir.

2.9. Təhsil müəssisəsinin rəhbəri Akkreditasiya Komissiyasına onun normal fəaliyyəti üçün şərait yaradır, təhlil aparılması üçün zəruri olan sənədləri təqdim edir.

3. Təhsil müəssisəsinin özünütəhlili

3.1. Özünütəhlilin əsas məqsədi aşağıdakılardır:

  •  akkreditasiyada təhsil müəssisəsinin bilavasitə iştirakını təmin etmək;

  •  təhsil proqramları üzrə hazırlığın məzmununa və keyfiyyətinə daxili nəzarət mexanizmini yaratmaq;

  •  təhsil müəssisəsinin özünüqiymətləndirməsini təmin etmək.
3.2. Təhsil müəssisəsinin rəhbəri Elmi (Pedaqoji) Şuranın qərarı əsasında özünütəhlilin aparılması və bu proseduru həyata keçirəcək komissiyanın yaradılması haqqında müvafiq əmr verir. Təhsil müəssisəsinin rəhbərinin müavinlərindən biri komissiyaya sədr təyin edilir. Komissiya bu Qaydaların 2.6-cı bəndinə uyğun təşkil olunur.

Komissiya müvafiq əmrlə müəyyən olunmuş müddətdə özünütəhlilin nəticəsinə dair hesabat hazırlayır və onu Elmi (Pedaqoji) Şuranın müzakirəsinə təqdim edir. Həmin hesabat Şuranın qərarı əsasında müəssisənin rəhbəri tərəfindən təsdiq edilir.

3.3. Özünütəhlilin nəticələrinə dair hesabatın strukturu

3.3.1. Təhsil fəaliyyətinin təşkilati-hüquqi təminatı

Təhsil müəssisəsinin fəaliyyətinin təşkilati-hüquqi təminatını müəyyənləşdirmək üçün onun fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğunluğunun təhlili aparılır.

3.3.2. Təhsil müəssisəsinin idarə olunması

Təhsil müəssisəsinin idarəetmə sisteminin qiymətləndirilməsi üçün aşağıdakılar nəzərə alınır:
  •  idarəetmənin müəssisənin nizamnaməsinin tələblərinə uyğunluğu;

  •  təhsil müəssisəsində hazırlanmış tədris sənədlərinin mövcud qanunvericiliyə və bu Qaydaların tələblərinə uyğunluğu;

  •  təhsil müəssisəsinin struktur bölmələrinin qarşılıqlı fəaliyyətinin təşkili;

  •  təhsil müəssisəsinin idarə edilməsinin 4 funksiyasının (qiymətləndirmə, tənzimləmə, informasiya təminatı, nəzarət) həyata keçirilməsinin vəziyyəti.
3.3.3. Təhsil proqramları üzrə hazırlığın məzmunu və strukturu

Təhsil proqramları üzrə hazırlığın məzmunu onun dövlət təhsil standartlarının tələblərinə uyğunluğu və bu hazırlığı təmin edən müvafiq tədris-metodik sənədlərin təhlili əsasında qiymətləndirilir.
 
Bu zaman aşağıdakılar təhlil olunur:
  •  tədris planlarının baza təhsil proqramlarına uyğun hazırlanması və təsdiqi;

  •  tədris planlarında olan fənlərin və onların proqramlarının məzmununun dövlət təhsil standartlarının tələblərinə uyğunluğu;
  •  tədris olunan fənlərə ayrılmış saatların miqdarının tədris planlarına uyğunluğu;

  •  tədris planlarında nəzərdə tutulmuş fənlərə dair tədris-informasiya mənbələrinin kifayət qədər olub-olmaması və müasirliyi. Bu məqsədlə aşağıdakılar müəyyən olunmalıdır:

  •  fənn proqramlarında tövsiyə olunan tədris-metodik vəsaitlər və onların nüsxələrinin mövcud normalara uyğun kitabxana fondunda olması;

  •  tədris planında nəzərdə tutulmuş fənlər üzrə proqram təminatı;

  •  təhsil müəssisəsinin beynəlxalq informasiya şəbəkəsinə çıxışı;

  •  son beş ildə təhsil müəssisəsinin hazırladığı tədris-metodik materiallar, o cümlədən Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi dərsliklər və dərs vəsaitləri;

  •  təhsilalanların kurs işləri, təcrübələrin (istehsalat və pedaqoji) aparılmasına dair sənədlər, məzunların buraxılış işlərinin və dövlət imtahanlarının (buraxılış imtahanlarının) nəticələri.

  • Təhsil proqramları üzrə hazırlığın məzmununu təhsil müəssisəsi aşağıdakı kimi qiymətləndirir:

  •  uyğundur;
  •  əsasən uyğundur;
  •  uyğun deyildir.

Qiymətləndirmə təsdiqedici sənədlərlə əsaslandırılmalıdır.

Təhsil proqramları üzrə hazırlığın strukturunun təhlili təhsil müəssisəsinin gələcək inkişaf perspektivlərini müəyyənləşdirmək məqsədi ilə aparılır.

Təhlil təhsil müəssisəsinin cari tədris ilinin oktyabr ayının 1-nə olan məlumatları əsasında aparılır. Bu zaman aşağıdakılar müəyyən edilməlidir:

  •  son beş il ərzində mütəxəssis hazırlığının strukturunda aparılmış dəyişikliklər və onların təhsil müəssisəsinin profilinə və əmək bazarının tələbatına uyğunluğu;
  •  son beş il ərzində təhsil müəssisəsini bitirənlərin (dövlət hesabına və ödənişli əsaslarla) nəticələrinin təhlili.

3.3.4. Tədris prosesinin təşkilinin qiymətləndirilməsi

Tədris prosesinin təşkilinin qiymətləndirilməsi üçün aşağıdakılar müəyyən edilməlidir:
  •  tədris prosesinin təşkilinin tədris planlarına uyğunluğu;
  •  təhsilalanların fəallığını artıran yeni təlim, texnologiya və metodların tətbiqi;
  •  təhsilalanların elmi tədqiqat işlərinin təşkili;
  •  tədris-laboratoriya bazasının mövcud tələblərə uyğunluğu;
  •  tədris prosesində yeni informasiya texnologiyalarının və hesablama texnikasının tətbiqi.
3.3.5. Təhsil proqramları üzrə hazırlığın keyfiyyəti

Təhsil proqramları üzrə hazırlığın keyfiyyəti ayrı-ayrı proqramlar üzrə təhsilalanların imtahanlarının, buraxılış işlərinin, dövlət və ya buraxılış imtahanlarının, eləcə də özünütəhlil zamanı təhsilalanların attestasiyasının nəticələrinin təhlili əsasında müəyyən edilir. Bu zaman ayrı-ayrı təhsil proqramlarının, kadr təminatının, maddi-texniki bazanın, beynəlxalq əməkdaşlığın, sosial-məişət şəraitinin təhlili də verilməlidir.

Təhsilalanların müvafiq proqramları mənimsəmə səviyyəsi və təhsil proqramları üzrə hazırlığının keyfiyyəti aşağıdakılarla müəyyənləşdirilir:

  •  təhsilalanların imtahanlarının nəticələri;

  •  təhsil müəssisəsinin keçirdiyi monitorinqin nəticələri (buraxılış qruplarında və ya siniflərində təhsilalanların bilik səviyyəsi təhsil müəssisəsində hazırlanmış suallar əsasında müəyyənləşdirilir və qiymətləndirilir);
  •  məzunların buraxılış işlərinin, dövlət və ya buraxılış imtahanlarının nəticələri (buraxılış işlərinin mövzularının təhlili, onların məzmununun təhsil proqramlarının profilinə uyğunluğu, dövlət və ya buraxılış imtahanlarının təşkili və keçirilməsi);
  •  attestasiya komissiyası sədrlərinin verdikləri hesabatların təhlilinin nəticələri;
  •  təhsil proqramları üzrə aparılan hazırlığa dair şikayətlərin (təhsilalanların, idarə və təşkilatların və sair) olub-olmaması.

Ayrı-ayrı təhsil proqramları üzrə hazırlığın keyfiyyəti və təhsilalanların mənimsəmə səviyyəsi aşağıdakı kimi qiymətləndirilir:

  •  yoxlama zamanı təhsilalanların 91-100 faizi müsbət qiymət aldıqda — əla;
  •  71-90 faizi müsbət qiymət aldıqda — yaxşı;
  •  51-70 faizi müsbət qiymət aldıqda — kafi;
  •  50 faizdən az (50 faiz də daxil olmaqla) hissəsi müsbət qiymət aldıqda — qeyri- kafi.
Yoxlama zamanı sorğu aparılacaq tədris qruplarında təhsilalanların 90 faizinin iştirakı vacibdir.

Özünütəhlil zamanı yoxlama üçün istifadə olunmuş suallar hesabatla birlikdə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim edilir.
3.3.6. Kadr təminatı
 

Təhsil müəssisəsinin kadr təminatının vəziyyəti müəyyənləşdirilərkən aşağıdakılar nəzərə alınır:

  •  kadr potensialının mövcud vəziyyəti və dinamikası;
  •  müəllimlərin ixtisaslarını artırması işinin təşkilinin vəziyyəti;
  •  müəllimlərin yaş tərkibinin təhlili.
3.3.7. Elmi tədqiqat fəaliyyəti

Təhsil müəssisəsinin elmi tədqiqat fəaliyyəti müəyyənləşdirilərkən aşağıdakılar nəzərə alınır:

  •  elmi tədqiqat işlərinin vəziyyəti, inkişaf dinamikası və mütəxəssis hazırlığının profilinə uyğunluğu;
  •  elmi tədqiqat işlərinin nəticələrinin tədris prosesində tətbiqi;
  •  elmi tədqiqat işlərinin maliyyə mənbələrinin təhlili;
  •  təhsil proqramları üzrə elmi tədqiqat işlərinin təşkilinin vəziyyəti;
  •  aparılan elmi tədqiqat işlərinin səmərəliliyi (elmi və tədris ədəbiyyatlarının nəşri, elmi-pedaqoji kadrların hazırlanması, doktoranturanın, ixtisaslaşmış şuraların işi);
  •  müəllimlərin və təhsilalanların elmi tədqiqat işlərində iştirakı;
  •  elmi-metodik və praktik konfransların keçirilməsi;
  •  təhsil müəssisəsinin beynəlxalq və respublika müsabiqələrində, sərgilərində iştirakı.
3.3.8. Beynəlxalq əməkdaşlıq

Beynəlxalq əməkdaşlıq fəaliyyəti aşağıdakılarla qiymətləndirilir:

  •  beynəlxalq əlaqələrin yaradılması;
  •  təhsil müəssisəsinin verdiyi diplomların başqa ölkələrdə tanınması;
  •  beynəlxalq proqramlarda iştirak;
  •  təhsil müəssisəsində başqa ölkə vətəndaşlarının təhsil alması;
  •  təhsil müəssisəsinin təhsilalanlarının başqa ölkələrdə təhsil alması;
  •  elmi-pedaqoji kadrların xarici ölkələrdə ixtisaslarını artırması;
  •  müəllimlərin xarici ölkələrdə tədris və elmi tədqiqat fəaliyyətləri;
  •  müəllimlərin xarici ölkələrdə nəşr etdirdikləri elmi tədqiqat işləri.
3.3.9. Maddi-texniki baza

Ayrı-ayrı təhsil proqramları üzrə lazım olan maddi-texniki bazanın qiymətləndirilməsində aşağıdakılar nəzərə alınır:

  •  təhsil müəssisəsinin ayrı-ayrı təhsil proqramları üzrə və bütövlükdə maddi-texniki bazasının vəziyyəti;
  •  tədris-laboratoriya bazası, onun lazımi avadanlıqlarla təchizatının vəziyyəti.
3.3.10. Sosial-məişət şəraiti

Sosial-məişət şəraitinin qiymətləndirilməsində aşağıdakılar nəzərə alınır:

  •  yataqxana təminatı;
  •  tibbi xidmət;
  •  iaşə xidməti;
  •  istirahətin təşkili.
3.3.11. Təhsil müəssisəsinin maliyyə təminatı

Təhsil müəssisəsinin maliyyə təminatı aşağıdakılarla müəyyən olunur:
  •   büdcədən maliyyələşdirmə;
  •  müxtəlif növ fəaliyyətdən (elmi, pedaqoji, müqavilə əsasında həyata keçirilən digər fəaliyyətlərdən) əldə olunan gəlirlər.
Özünütəhlil hesabatına əvvəlki akkreditasiya zamanı aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması barədə məlumatlar əlavə olunur.

4. Akkreditasiya Komissiyasının apardığı təhlil

4.1. Akkreditasiya Komissiyasının vəzifəsi özünütəhlil sənədlərində göstərilənləri təhlil etmək, yerlərdə dəqiqləşdirmə aparmaq, buraxılış qruplarında (siniflərində) təhsil alanların bilik səviyyəsini qiymətləndirmək, nəticədə təhsilin məzmununun və mütəxəssis hazırlığı səviyyəsinin dövlət təhsil standartlarının tələblərinə uyğunluğunu müəyyənləşdirməkdən ibarətdir.

Akkreditasiya Komissiyası təhlili bu Qaydaların 2.4-cü bəndinə uyğun təqdim edilmiş sənədlər əsasında aparır.

Təhsilalanların biliyinin ayrı-ayrı təhsil proqramları üzrə attestasiyası Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən hazırlanan yoxlama tapşırıqları əsasında Akkreditasiya Komissiyası tərəfindən yazılı formada keçirilir. Həmin tapşırıqlar təhsil müəssisəsinin təqdim etdiyi müvafiq fənn proqramlarına uyğun şəkildə hazırlanmış suallar üzrə tərtib olunur.
 
Təhsilalanların müvafiq proqram üzrə bilik səviyyəsi bu tapşırıqlar əsasında müəyyənləşdirilir. Tapşırıqlar 6 fənni əhatə etməklə, yaddaş biliyinin müəyyənləşdirilməsi prinsipi əsasında hazırlanmış 60 sualdan, ali təhsil pilləsinin magistratura səviyyəsində isə 4 fənni əhatə etməklə 40 sualdan ibarət olur. Suallara düzgün cavabların sayı 50 faizdən az (50 faiz də daxil olmaqla) olduqda, təhsilalanların mənimsəmə səviyyəsi «qeyri-kafi», 51-70 faiz olduqda «kafi», 71-90 faiz olduqda «yaxşı», 91-100 faiz olduqda «əla» qiymətləndirilir.

Yoxlamanın aparılmasına 2 akademik saat vaxt ayrılır. Yoxlama işləri şifrlənir və müvafiq fənlər üzrə Akkreditasiya Komissiyasının üzvləri tərəfindən qiymətləndirilir.

Buraxılış qruplarında (siniflərində) təhsil alanlar təhsil proqramları üzrə yoxlamadan keçməlidirlər. Yoxlamada qruplarda təhsilalanların 90 faizinin iştirakı vacibdir.

Təhsil müəssisəsinin və onun müvafiq struktur bölmələrinin, ayrı-ayrı təhsil proqramlarının akkreditasiyadan keçməsinin əsas şərtlərindən biri Akkreditasiya Komissiyasının təhsilalanların yarıdan çoxunun biliyini müsbət qiymətləndirməsidir.

4.2. Akkreditasiya Komissiyası təhlil apardıqdan sonra təhsil müəssisəsinin fəaliyyəti barədə yekun arayış hazırlayır.

Yekun arayış təhsil müəssisəsinin özünütəhlilinin nəticələrinə dair hesabatının strukturuna uyğun tərtib olunur. Arayışda təhsil müəssisəsinin idarə olunması, mütəxəssis hazırlığının məzmunu, strukturu, keyfiyyəti, kadr təminatı, beynəlxalq əməkdaşlığı, elmi tədqiqat fəaliyyəti, maddi-texniki bazası, sosial-məişət şəraiti, maliyyə təminatı, bütövlükdə və ayrı-ayrı təhsil proqramları üzrə hazırlığın məzmunu, strukturu və keyfiyyəti təhlil edilərək qiymətləndirilməlidir.

Təhlil və qiymətləndirmə Akkreditasiya Komissiyasına təqdim olunmuş sənədlərin araşdırılması, yerlərdə aparılmış təhlilin, eləcə də təhsilalanların biliyinin yoxlanmasının nəticəsi əsasında həyata keçirilir.

Yekun arayışa əvvəlki akkreditasiya zamanı aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması barədə məlumatlar da daxil edilir.
Yekun arayış təhsil müəssisəsinin nəzərdə tutulmuş akkreditasiyası müddətində (bir ay) Akkreditasiya Komissiyasının iclasında müzakirə edilir və Komissiyanın üzvləri tərəfindən imzalanır. Əlavə araşdırmaların aparılması zərurəti yarandığı halda, bu müddət bir aya qədər uzadıla bilər.

Yekun arayış tanış olmaq üçün təhsil müəssisəsinin rəhbərinə təqdim edilir.

Arayış təhsil müəssisəsinin rəhbərinə təqdim edildikdən bir həftə sonra Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq şöbəsində aidiyyəti olan digər şöbələrin rəhbərlərinin və Akkreditasiya Komissiyası üzvlərinin iştirakı ilə müzakirə edilir. Müzakirə zamanı təklif olunan rəy və təklifləri də nəzərə almaqla, yekun arayışın Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmri ilə yaradılan və daimi fəaliyyət göstərən Akkreditasiya Şurasının müzakirəsinə çıxarılması barədə təqdimat hazırlanır.

5. Təhsil müəssisəsinin akkreditasiyasının nəticəsi

5.1. Akkreditasiya Şurasına Azərbaycan Respublikasının təhsil naziri rəhbərlik edir. Şuranın tərkibinə akkreditasiya şöbəsinin müdiri (sədr müavini) və əməkdaşı (məsul katib), təhsil sahəsində müstəqil ekspertlər daxil edilirlər. Şuranın tərkibinə qeyri-hökumət təşkilatlarının və tabeliyində təhsil müəssisəsi olan nazirliklərin, təşkilatların və idarələrin nümayəndələri də daxil edilə bilər.

5.2. Şuranın iclası onun üzvlərinin üçdə iki hissəsi iştirak etdikdə səlahiyyətli sayılır. Şuranın qərarı iclasda iştirak edənlərin sadə səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər bölündükdə, Şuranın sədrinin səsi həlledici olur.

5.3. Şura dövlət təhsil standartlarının tələblərinə uyğun hazırlanmış və Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş tələb və meyarlar əsasında təhsil müəssisəsinin statusunu müəyyənləşdirir, onun tam şəkildə və ya ayrı-ayrı təhsil proqramları üzrə akkreditasiyadan keçib-keçməməsi barədə qərar qəbul edir. Bu qərarın əsasında Azərbaycan Respublikasının təhsil naziri təhsil müəssisəsinin akkreditasiyası barədə əmr verir. Həmin əmrlə təhsil müəssisəsinin statusu (tipi, növü) və həyata keçirilən təhsil proqramları təsdiq olunur. Akkreditə olunmuş təhsil müəssisəsinə müvafiq keyfiyyət sənədi — sertifikat verilir.

Təhsil müəssisəsinin akkreditə olunması barədə məlumatlar mətbuatda dərc edilir.

5.4. Təhsil müəssisəsinin mövcud statusu müəyyən olunmuş tələb və meyarlara uyğun gəlmədikdə, Şura onun akkreditasiyası haqqında mənfi qərar qəbul edə bilər. Bu halda təhsil müəssisəsi Şuranın müəyyən etdiyi statusla fəaliyyət göstərə bilər.

5.5. Akkreditasiyadan keçməyən təhsil müəssisəsinə və ya ayrı-ayrı proqramlar üzrə kadr hazırlığına növbəti tədris ili üçün qəbul planlaşdırılmır.

5.6. Akkreditasiyadan keçməyən təhsil müəssisəsi və ya onun ayrı-ayrı təhsil proqramları 1 ildən sonra təkrar akkreditasiyadan keçə bilər. Təhsil müəssisəsi və ya onun ayrı-ayrı təhsil proqramları təkrar akkreditasiyadan keçmədikdə, onun təhsil fəaliyyəti dayandırılır və təhsilalanların digər təhsil müəssisələrində təhsilinin davam etdirilməsi üçün müvafiq tədbirlər həyata keçirilir. Akkreditasiyadan keçməyən təhsil müəssisəsinin əvvəllər verdiyi təhsil haqqında dövlət sənədi öz qüvvəsində qalır.

5.7. Təhsil müəssisəsi Akkreditasiya Şurasının onun akkreditasiyası barədə çıxardığı mənfi qərarla bağlı qanunvericiliyə uyğun olaraq məhkəmə qarşısında iddia qaldıra bilər.

5.8. Akkreditasiyanın aparıldığı təhsil müəssisəsi üçün müvafiq sənədlər toplusu (akkreditasiya işi) tərtib olunur. Bu topluya aşağıdakılar daxil edilir:
  •  təhsil müəssisəsinin Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim etdiyi sənədlər;
  •  təhsil müəssisəsinin akkreditasiya olunması üçün Akkreditasiya Komissiyasının yaradılması haqqında əmr;
  •  Akkreditasiya Komissiyasının arayışı;
  •  təhsil müəssisəsinin akkreditasiyasının nəticəsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri.
Zəruri hallarda topluya digər sənədlər də əlavə oluna bilər.

Sənədlər toplusu Azərbaycan Respublikasının Təhsil Nazirliyində xüsusi qovluqda saxlanılır.

Təhsil müəssisəsinin akkreditasiyası haqqında əmr aşağıdakı hallarda öz qüvvəsini itirir:

  •  təhsil müəssisəsinin akkreditasiya müddəti başa çatdıqda;
  •  təhsil müəssisəsinin müvafiq müraciəti olduqda;
  •  təhsil müəssisəsinin lisenziyası ləğv edildikdə və ya lisenziya müddəti bitdikdə və uzadılmadıqda;
  •  təhsil müəssisəsi yenidən təşkil olunduqda.





loading...

xtehsil


loading...



Həmçinin oxuyun:

“Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları təsdiq edilmişdir”.

“Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları təsdiq edilmişdir”.

H/N sənədlər
Bigə fəaliyyətlə bağlı müqavilə -NÜMUNƏ

Bigə fəaliyyətlə bağlı müqavilə -NÜMUNƏ

H/N sənədlər
Xüsusi hallar barədə məlumatların verilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri

Xüsusi hallar barədə məlumatların verilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri

H/N sənədlər, Direktor
Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

H/N sənədlər, Direktor
Göygöl rayonunda “Ümumi təhsil müəssisəsinin kitabxanasının Əsasnaməsi” nin təqdimatı ilə əlaqədar seminar keçirilib.

Göygöl rayonunda “Ümumi təhsil müəssisəsinin kitabxanasının Əsasnaməsi” nin təqdimatı ilə əlaqədar seminar keçirilib.

Xəbərlər
Təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi QAYDALARI

Təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi QAYDALARI

H/N sənədlər
Ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyədən digər səviyyəyə keçid qaydaları NK-nin 115 №-li QƏRARI

Ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyədən digər səviyyəyə keçid qaydaları NK-nin 115 №-li QƏRARI

H/N sənədlər
Psixoloji-tibbi pedaqoji komissiya barədə  Əsasnamə

Psixoloji-tibbi pedaqoji komissiya barədə Əsasnamə

H/N sənədlər
Nazirlər Kabineti

Nazirlər Kabineti "Ümumi təhsil müəssisəsinin kitabxanasının Nümunəvi Əsasnaməsi"ni təsdiq edib.

Xəbərlər
Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

H/N sənədlər
ADPU-nun fəaliyyətinin yenidən qurulması ilə bağlı İNKİŞAF STRATEGİYASI qəbul edilib

ADPU-nun fəaliyyətinin yenidən qurulması ilə bağlı İNKİŞAF STRATEGİYASI qəbul edilib

Xəbərlər
Təhsil Nazirliyi 571  xarici diplomu tanımadı !

Təhsil Nazirliyi 571 xarici diplomu tanımadı !

Xəbərlər
Sual:Evdə təhsil necə təşkil olunur?

Sual:Evdə təhsil necə təşkil olunur?

Sual
Təlimatda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Təhsil Nazirinin əmr

Təlimatda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Təhsil Nazirinin əmr

H/N sənədlər
Ümumi təhsil müəssisələrində şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında müvəqqəti Qaydalar

Ümumi təhsil müəssisələrində şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında müvəqqəti Qaydalar

H/N sənədlər
Ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyədən digər səviyyəyə keçid qaydaları

Ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyədən digər səviyyəyə keçid qaydaları

H/N sənədlər
Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları

Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları

H/N sənədlər
qızıl və ya gümüş medal ilə təltif olunmaqla başa vuran məzunlara tam orta təhsil haqqında xüsusi nümunəli attestat

qızıl və ya gümüş medal ilə təltif olunmaqla başa vuran məzunlara tam orta təhsil haqqında xüsusi nümunəli attestat

H/N sənədlər

"Ən yaxşı müəllim" müsabiqəsinin keçirilməsi qaydalar

H/N sənədlər
İşə qəbul üzrə Müsabiqənin keçirilməsi,Qaydaların pozulmasına görə məsuliyyət

İşə qəbul üzrə Müsabiqənin keçirilməsi,Qaydaların pozulmasına görə məsuliyyət

H/N sənədlər
Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə

Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə

H/N sənədlər
Xüsusi hallar barədə məlumatların verilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri

Xüsusi hallar barədə məlumatların verilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri

H/N sənədlər
Şəhadətnamənin və attestatın verilməsi qaydaları

Şəhadətnamənin və attestatın verilməsi qaydaları

H/N sənədlər

"Təhsil Qanunu"na aid testlər və cavabları

test, Direktor


ILK-10 Aztehsil play market